QHT

“Eko-Tes” biomüxtəliflikə bağlı layihəni uğurla başa vurdu

Bioloji müxtəliflik bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji kompleksler və s. deməkdir. Canlı aləmdə artıq heç nə yoxdur. Hər bir varlığın təbiətdə öz yeri, öz funksiyası, öz missiyası vardır.

Biomüxtəliflik başlıca həyat mənbəyi kimi davamlı inkişafa və ərzaq təhlükəsizliyinə nail olunmasında ən mühüm vasitə rolunu oynayır. Təəssüf ki, insanlar öz həyat mənbələrinə təhlükə yaratmaqda sanki yarışa çıxıblar. Bilərəkdən, ya bilməyərəkdən təbiətin rəngarəngliyini, özünəməxsusluğunu məhv etməklə insan eyni zamanda öz kökünü kəsməklə məşğul olur. Bunun nəticəsidir ki, ərzaq təhlükəsizliyinin əsası olan kənd təsərrüfatı bitkilərinin bir çox yabanı formaları, qiymətlli xalq seleksiyası olan sort və formaları ya itirilmiş, ya da itmək üzrədir.

Qlobal iqlim dəyişiklikləri də təbii ekosistemlərə əlavə təzyiq göstərməkdədir. İstiləşmə və ya buzlaşma təbii resursların yoxa çıxmasına səbəb olur. Dəniz ekosistemləri iqlim dəyişkənliyinə daha çox həssasdır.

İqlimin dəyişməsi biomüxtəlifliyə təhlükə törədir. Biomüxtəliflik isə iqlim dəyişmələrinin nəticələrini azalda bilir. Meşələrin qırılması və otlaqların normadan artıq istifadə edilməsi iqlim dəyişmələrinin nəticələrini kəskinləşdirə bilər.

Biomüxtəliflik bütün bəşəriyyətin sərvətidir. Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusən də unikal növlərin qorunması – milli və bəşəri məsələdir.

Mühafizə edilən ərazilərin artırılması, sahələrinin genişləndirilməsi, yeni milli parkların, qoruq və yaşıllıqların yaradılması və s. biomüxtəlifliyin bərpası istiqamətində atılmış mühüm addımdır.

Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində nəzərdə tutulan əsas vəzifələrdən biri ekoloji tarazlığın və biomüxtəliyin qorunmasıdır. Bunun üçün nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərinin mühafizəsi əsas şərtdir və bəşər övladının əsas vəzifəsidir.

Quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması, meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, intensiv mal-qara otarılması, insanların yuva yerlərinə getməsi, istirahəti, neft çıxarılması və daşınması, elektrik xətləri və s daxildir.

Biomüxtəlifliyin qorunması sağlamlığımızın qarantıdır. Ekoloji tarazlıq pozularsa, mənşəyi məlum olmayan xəstəliklər çoxalar, insan orqanizminə lazım olan həyat üçün vacib komponentlər azalar və nəticədə ömür gödələr. Hazırda təmiz, saf içməli su ehtiyatlarının tükənməsi, ənənəvi meyvə və tərəvəz növlərinin yerini genləri modifikasiya olunmuş məhsulların tutması və havanın kimyəvi tullantılarla yüklənməsi hamımızı düşündürən məsələlər olmalıdır. Təbiətin bir parçası olan biz öz kökümüzü baltalamaq istəmiriksə, biomüxtəlifliyin qorunmasında töhfəmizi verməliyik. Bunun üçün bu sahədə məlumatlı, bilikli olmağımız vacibdir.

Məhz bu səbəbdən əhali arasında maarifləndirmə işləri aparmaq məqsədi ilə “Eko-TES” Ekoloji Tədqiqatlat və Maarifçilik İctimai Birliyi bir neçə ildir biomüxtəlfliklə bağlı tədqiqat işləri aparır. İctimai Birliyk hazırda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Biomüxtəliflik və sağlamlığın idarə olunması” adlı layihəni həyata keçirir. Artıq layihə çərçivəsində “Kəpəz” ARB telekanalında 3 veriliş hazırlanıb. “Kəpəz” TV-nin “Aqronom” rubrikasında gedən veriliş ümumrespublika miqyasında yayımlanıb. Digər iki verilişin regional səviyyədə yayımlanması nəzərdə tutulub. Verilişlərdə ekspert qismində “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov, kimya elmləri üzrə fəlsəfə doktoru İrşad Abbasov və Mingəçevir bələdiyyəsinin “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı çixiş ediblər.

Biomüxtəlifliyin qorunması ilə bağlı İctimai Birliyin layihəsi əsasında hazırlanan verilişlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış və belə layihələrin davamlı olması təklifləri səsləndirilmişdir.

Daha çox

Oxşar yazılar

Close