2020-ci ilin 23 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İlk dəfə olaraq online formatda keçirilən Elmi Şuranın iclasında koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və mövcud şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub.
MDU-nun rektoru Şahin Bayramov bütün dünyanı bürümüş koronavirus (COVID-19) ilə mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib və sözügedən məsələnin dövlət başçısının birbaşa nəzarətində olduğu qeyd edib. Elmi Şura üzvləri hər zaman vətəndaşların yanında olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını və bu məqsədlə bir milyard manta vəsaitin ayrılmasını yüksək qiymətləndiriblər. İclasda çıxış edənlər ölkə başçısının müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin vacibliyi vurğulanıb.
Elmi Şuranın iclasında MDU-da dərslərin online və offline formatda keçirilməsinin davam etdirilməsi və mövcud tədris proqramları üzrə elektron dərs materiallarının tələbələrə vaxtında çatdırılması məsələləri geniş müzakirə olunub.
Elmi Şuranın qərarına əsasən Mingəçevir Dövlət Universitetinin hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 (on beş) min manat vəsait köçürülüb.
Şərhlər bağlıdır.