Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

175

6 İyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin dörd əməkdaşı – Flora Namazova, Səadət Şıxaliyeva, Pərvin Hüseynova və Vüqar Məmmədli ilə görüşüb.

Cari ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşının elmlər doktoru və üç əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov MDU-nun sözügedən akademik heyət üzvlərini təbrik edib, gələcək elmi fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Hazırda yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin bir çox gənc əməkdaşları və məzunlarının təhsil aldığını bildirən Ş.Bayramov akademik heyət üzvlərinin elmi dərəcə və elmi ad almasının önəmindən danışıb.

Ölkənin və regionun inkişafına töhfə verən nəticəyönümlü və səmərəli elmi tədqiqatların aparılmasının universitetin başlıca məqsədlərindən biri olduğunu vurğulayan rektor MDU-da elmi fəaliyyətin inkişafı istiqamətində cari və strateji fəaliyyətlərdən, tədqiqat universitetinə çevrilmək perspektivlərindən bəhs edib.

Akademik heyət üzvlərinin hərtərəfli inkişafına və elmi karyera yüksəlişinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən görüş iştirakçıları modernləşməyə doğru sürətlə irəliləyən MDU-nun strateji hədəflərinin uğurla reallaşdırılacağına və bununla bağlı üzərlərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə elmi kadrların yetişdirilməsi və səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verilir, elmi fəaliyyətin təşviq edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

 

Şərhlər bağlıdır.