Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Günəşli yaşayış massivinin minlərlə sakini su və çirkab axıntı imkanlarından yararlana bilmir

Regionların sosial-itisadi inkişafı üzrə Dövlət Proqramına müvafiq olaraq,  2011-ci ildən etibarən Mingəçevir şəhərinin su və kanalizasiya sisteminin kompleks və iki mərhələli şəkildə yenidən qurulması layihəsinə başlanılıb. Mi-news.az-ın məlumatına görə,  bu çərçivədə ilkin olaraq şəhərin müasir tələblərə uyğun olan  su təminatı birdəfəlik həllini tapıb.  O cümlədən 342 kilometr uzunluğunda yeni boru xətləri quraşdırılıb və müasir su təmizləyici stansiya inşa olunaraq istifadəyə verilib.

Amma ikinci mərhələ üçün istifadəyə verilməsi nəzərdə tutulan kanalizasiya sisteminin quraşdırılmasında müəyyən ləngimə qeydə alınıb. Belə ki, ümumi uzunluğu layihə üzrə nəzərdə tutulmuş 232 kilometrlik yeni kanalizasiya sisteminin indiyədək yalnız 125 kilometrlik hissəsində tikinti quraşdırma işləri icra olunub. O cümlədən Yevlağın Mingəçevir şəhərinə bitişik  Hacıselli kəndi yaxınlığında inşaası nəzərdə tutulmuş axıntı təmizləyici qurğu kompleksinin tikintisi aparılmayıb.

Prosesdə qeydə alınan uzunmüddətli fasilə işin yarımçıq qalması ilə bərabər həm də  şəhərin müxtəlif hissələrində yaşayan sakinlərin haqlı narazılığına səbəb olub. Xüsusilə də fərdi təsərrüfatlardan ibarət Günəşli  yaşayış massivinin minlərlə sakini uzun zamandır ki, su və çirkab axıntı imkanlarından yararlana bilmir. Doğrudur, bu massivin yeni  ana kanalizasiya boruları  quraşdırılıb, amma fərdi təsərrüfatlara bağlantılar  hələ ki, həyata keçirilməyib. Əhali dəfələrlə bununla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə və “Azərsu” ASC-nin yerli qurumuna rəsmi  müraciət etmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı mi-news.az-a İcra Hakimiyyətindən verilən açıqlamada  insanların narahatlığının haqlı və başa düşülən olduğu bildirilib: “Dəfələrlə Günəşli sakinləri analoji problemlə bağlı bizə və aidiyyatı qurumlara üz tutub. Müraciətlərdə massiv boyu ana xətt üzrə kanalizasiya borularının quraşdırılmasına rəğmən ev-həyət  bağlantılarının qurulmadığı öz əksini tapıb. Bu səbəbdən də şəhər rəhbərliyi “Azərsu” ASC ilə daimi və sıx təmas içində olaraq, ikinci mərhələ üzrə işlərə ən qısa vaxtda başlanılması və prosesin sürətləndirilməsi təşəbbüsü ilə çıxış edib”.

İcra Hakimiyyətindən alınan məlumatda o da bildirilir ki, işlərin ikinci mərhələsində birinci dönəmdə inşaat quraşdırılma işlərinin gedişində sıradan çıxan  və çökən asfalt qatının yenidən və daha etibarlı şəkildə möhkəmləndirilməsi də nəzərdə tutulur. Bununla əlaqədar “Azərsu“ ASC-yə konkret təkliflər verilib. “Azərsu”  da  öz  növbəsində ilin ikinci mərhələsində başlanılmış işlərin yeni dinamika ilə davam etdiriləcəyini bildirib.

O da deyilir ki, konkret olaraq Günəşlidə ev bağlantılarının yekunlaşması ilə massivdə kompleks asfaltlanma və digər abadlıq işləri də  gerçəkləşdiriləcək. Məsələ ilə bağlı Mingəçevir Su Kanal İdarəsinin rəis əvəzi  Samir Əliyevin də rəsmi mövqeyini öyrəndik. O, əhali üçün  müjdəli xəbər açıqladı: “Əhalinin ilk mərhələdə suya olan təlabatını yüz faiz həll etmişik. Yaxın zamanda onları haqlı olaraq narahat  edən kanalizasiya sistemlərinin ev-ana xətt bağlantılarının  tam yekunlaşdırmaq məqsədilə hazırlıq işlərinə başlanılacaq. Qarşıdakı aylardan etibarən ilin sonuna doğru hər kəs yenidənqurma işlərinin yeni mərhələsinin şahidi olacaq . Eyni zamanda Yevlaxın Hacıselli kəndi yaxınlığında  bu mərhələnin vacib  tərkib hissəsi olan axıntı təmizləyici kompleksin inşaası həyata keçiriləcək”.

Bir sözlə, rəis əvəzinin dediklərinə inansaq, həm Günəşli yaşayış massivində, həm də şəhərin digər istiqamətlərində yeni kanalizasiya  sisteminin qurulması ilə əlaqəli yarımçıq qalmış bütün  işlər yekunlaşdırılacaq və uzun illərin problemi biryolluq həll ediləcək.

Son iki ayda qoxu hissini itirən gənc xanım çarə yolunu xarici mediada axtarır “Ailən sənə dərs keçməsə, həyatdan böyük şapalaqlar alacaqsan” Vətəndaşların ictimai informasiyalara əli çatırmı?

Şərhlər bağlıdır.