Dəyişikliyə doğru
Yeni qəsəbəyə köçürülənə qədər
Mingəçevirdə məcburi köçkünlərin rahat evlərə köçürülməsinə 11 il əvvəl başlanıb. Xocalı, Kəlbəcər, Laçın, Xocavənd, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan məcburi köçkün düşən insanlar yeni qəsəbələrə köçürülənə qədər Kür Olimpiya Avarçəkmə Bazasında, uşaq bağçalarında, orta məktəblərdə, fin tipli vaqon-evlərdə, Texniki Yaradıcılıq Mərkəzində və yataqxanalarda, müəssisələrin inzibati korpuslarında və yarımçıq binalarda məskunlaşmışdılar.
Uzun illər köçkünlərin yaşadıqları məktəb binaları sonradan əsaslı təmirə dayandırıldı. Kür Olimpiya Avarçəkmə Bazası tamamilə söküldü, yerində müasir standartlara uyğun Təlim-İdman Mərkəzi inşa olundu. Texniki Yaradıcılıq Mərkəzinin binası genişləndirilərək, uşaq bağçasına çevrildi. Fin tipli vaqon-evlər tamamilə söküldü. Avropa Oyunlarından sonra digər məktəblərin də boşaldılacağı gözlənilir. Lakin təəssüf ki, əksəriyyəti yataqxana və inzibati binalarda, yarımçıq tikililərdə məskunlaşan ailələrə nə vaxt mənzil veriləcəyi məlum deyil.
Lyihəyə dəyişiklikdən sonra
2004-cü ildən üzü bu yana Mingəçevirdə 914 ailəyə mənzil verilib. Görəsən onlar əvvəlki və indiki şəraitlə bağlı nə düşünürlər? Müxbirimiz bu məqsədlə köçkün şəhərciklərinə baş çəkib.
Energetik qəsəbəsində 412 ailənin yaşadığı köçkün şəhərciyi 11 il qabaq Asiya İnkişaf Bankının vəsaiti hesabına tikilib. Ağdam rayonunun Novruzlu kəndindən məcburi köçkün olan Şahlar Vəliyevin dediyinə görə, onlar bura köçürülənə qədər əvvəl yaşadıqları ərazilərdə beynəlxalq təşkilatların köməyilə icmalar yaradıblar: “Bizimlə görüşlərə maraq göstərir, evlərin hansı formada tikilməsi barədə məsləhətləşmələr aparırdılar. Soruşurdular ki, sizə belə şərait qursaq, köçərsinizmi? Təbii ki, biz razı idik. Biz çertyojlara baxırdıq. Hər icmadan 3 nəfər seçilmişdi, şəhər iclasına dəvət olunurdu. Biz qaldığmız məktəbdə məskunlaşanlarla məsləhətləşib, onların fikrini həmin təşkilata çatdırırdıq. İlk layihədə yalnız hər həyətdə 1 tualet və bir su kranı nəzərdə tutulurdu. Biz məsələni belə qoyduq ki, qəsəbənin kanalizasiyası və evlərin hamamı olmasa, ora köçməyəcəyik. Yeri 1 metr qazanda su çıxırdı. Bizim təklifimizdən sonra layihəyə dəyişiklik edildi, kanalizasiya sistemi quruldu, evlərə su çəkildi, hamam tikildi. Onlar dedilər ki, ayrılan vəsaitdən kənara çıxa bilməzlər. Vəziyyətdən çıxış yolu kimi bir çardağın altında 2 ev tikərək, qənaət hesabına digər işləri görə bildilər. Nəticədə tikinti 1 il uzandı.”
“Ayaqyoluya növbəyə dayanırdıq”
Şahlar Vəliyev deyir ki, əvvəllər məskunlaşdıqları yerlərdə çox çətin şəraitdə yaşamağa məcbur idilər, uzun illər bir və bir neçə ailə bir otaqda qalırdı: “Bizə məktəb binasında bir sinif otağı vermişdilər. Orada hamam yox idi, ayaqyoluya növbəyə dayanırdıq. Cəmi 2 yerdə ayaqyolu vardı. Öz gücümüzlə sanitar qovşaqları bir azca təmir elədik. Biz ora yerləşən vaxtı şəhərdə istilik-qazanxana sistemi işləyirdi, 2 il ərzində istilik problemimiz olmadı. Sonra qazı kəsdilər, qaldıq ancaq işığın ümidinə. O zaman ordan-burdan odun tapıb yandırırdıq. Qadınlarımız çox əziyyət çəkirdi. Paltar yumağa, sərməyə də yer yox idi. Otağın arasını kəsib, içinə gəlin gətirməyə məcbur idik. Əksəriyyət isə belə vəziyyət üzündən uşaqlarını evləndirə bilmirdi. 35-40 yaşına çatanlar var ki, hələ də evsizlik və şəraitsizlik üzündən subay qalıb”.
Köçkünlər arasında püşkatma
Öyrəndik ki, yeni şəhərciyə köçürülmə zamanı güzəştli insanlar nəzərə alınıb və mənzillər püşkatma yolu ilə paylanıb. Belə ki, 1, 2, 3 və 4 otaq alan ailələr siyahılaşdırılıb, mövcud olan kriteriyalar barədə məlumatlandırılıb, onların arasında püşkatma aparılıb. 3 nəfər ailə üzvü olana 1 otaqlı, 4 nəfər ailə üzvü olana 2 otaqlı, 5-6 nəfər ailə üzvü olana 3 otaqlı, 6-dan çox ailə üzvü olana 4 otaqlı mənzil ayrılıb. Kimin ki, əvvəldən ayıca təsərrüfatı vardı, onların hər birinə ayrıca mənzil verilib. Qalanları isə ailə ilə qarışıq halda mənzil alıb. Hətta köçkünlük illərində evlənənlər ayrıca mənzil ala bilməyiblər. Həyat yoldaşı məcburi köçkün olmayanları da ailə tərkibi üzrə ev siyahısına salmayıblar.
Kəlbəcərin Zar kəndindən köçkün düşən və bu gün 412 ailəlik qəsəbənin Mənzil İstismar Sahəsinə rəhbərlik edən Ramiz Camalov deyir ki, hələ köçürülməyən əhali çoxdur: “Təkcə Mingəçevirdə 2000-dək ailə var ki, evsiz-eşiksizdir. Yəni onların köçürülməsi vacibdir. Amma biz də istərdik ki, yeni ailə qurub, valideynlərinin yanında yaşayanlara imkan yaradılaydı. 3 otaqlı ev var ki, 3 gəlin bir yerdə yaşayır. Genişləndirməyə də imkan yoxdur. Çünki məhlə də kiçikdir”.
Köçürülmə zamanı mövcud olan kriteriyalar barədə məcburi köçkünlərə məlumatlar verilib. Onların bir hissəsi bu kriteriyalardan razı qaldığını bildirsə də, digər hissəsi narazılığını gizlətmir. Dəlilləri də budur ki, heç də bütün köçkünlərin ailə üzvlərinin sayı, yeni ailə həyatı qurmuş üzvləri, öhdələrində xəstə və yaşlı insanların olması köçürülmə zamanı nəzərə alınmayıb. Təqaüd yaşlı bir qadının dediyinə görə, onun böyük qızının Ağdamda torpağı da vardı, evi də: “Ayrıca təsərrüfata malik idi. Burda məskunlaşdığı 14 nömrəli məktəbdə də ayrıca otaqda qalırdı. Bütün məktəb camaatı bunun şahididir. Amma ev paylayanda qızımı mənim üstümə yazdılar ki, ona ayrıca mənzil düşmür. Qızımın 46 yaşı var, indi mənimlə birgə yaşayır.
Təzəlikcə də ailə qurub”.
Təşəbbüslər bəhrəsini verir
Köçkün məhəlləsində problemləri həll etmək üçün bir sıra təşəbbüslər qaldırılsa da, onlar əksər hallarda MİS rəisindən və Qaçqınkomun yerli nümayəndəsindən yuxarı çıxa bilmir. Amma bir qrup köçkün kənar təşkilatlarla əlaqə yaradaraq, 502 ailəlik qəsəbənin yaşıllaşdırılmasına nail olub. Ağdam rayonundan məcburi köçkün olan Xudayat Babayev deyir ki, onlar bura köçəndə məhəllənin yerində yaşıllıq olmayıb: “Mingəçevir kimi isti yerdə ağac olmadan yayda dözmək çətindir. Yığışdıq, qərara aldıq ki, Mingəçevirdəki tinklik idarəsinə müraciət edək. Sağ olsunlar, xahişimizə əməl etdilər, 600-ə qədər ağac kolu verdilər. Gətirib, həyətdə əkdik. əksəriyyəti də bitdi. Bir neçə ildən sonra əməlli-başlı yaşıllığımız olacaq.”
412 ailəlik şəhərcikdə isə bu gün ən böyük problem rahat yolun olmaması ilə bağlıdır. Onlar asfalt çəkilməsi ilə əlaqədar bir neçə dəfə məsələ qaldırıblar. Hazırda yola çınqıl döşənib. Rəsmi müraciətdən sonra cavab alıblar ki, yaxın vaxtlarda asfaltlama işinə başlanacaq.
Məhəllə sakinlərinin dediyinə görə, əvvəllər “Dünyaya Baxış” beynəlxalq təşkilatı ilə əlaqəli işləyiblər. Başqa bir təşkilat isə icma mərkəzinə kompüter bağışlayıb. Həmin vaxtdan köçkünlərdən biri orada təlimçi kimi çalışır, gənclərə kompüter biliklərini öyrədir.
“100-ə qədər köçkün iş yerini itirdi”
Mahirə İsmayılova 1988-ci ildə Ermənistan qaçqını kimi Xocalıya gəlib. Bu şəhərdən isə köçkün düşərək, Mingəçevirə pənah gətirib, uzun illər avarçəkmə bazasının bir otağında özünə yer tapıb. Mahirə xanım əvvəlki yerlə müqayisədə burada şəraitin qat-qat yaxşı olduğunu desə də, narahatlıq doğuran məsələləri də dilə gətirdi: “Otaqlar kiçikdir. Tikinti zamanı drenaj sistemi qurulmadığından döşəmə həmişə nəm olur, bu da sağlamlığa mənfi təsir göstərir. İş yerləri həm yerli əhali, həm də köçkünlər üçün azlıq təşkil edir. Başqa şəhərciklərdə evlə bərabər iş yerləri də yaradılır. Məsələn, toyuqçuluq ferması açılır. Burda isə o barədə düşünülməyib. Bu yaxınlarda Azərbaycan DRES-də xeyli ixtisarlar oldu, 100-ə qədər köçkün də bunun nəticəsində iş yerini itirdi. Onların dolanışığı məhdudlaşdı. Əksəriyyət işsizdir, bütün gününü çayxanada keçirir. Şəhərdə iş yeri açılsa, həm yerlilərin, həm də bizim çətinliyimiz olmaz”.
“Başımız ağrıyanda dərman üçün şəhərə gedirik”
412 ailənin məskunlaşdığı şəhərcikdə yaşayanlar mağarın böyüdülməsi üçün onlara kömək göstərilməsini arzu edirlər. Xocalı sakini Yusif Sadıqovun fikrincə, əhali məcbur olub, kənarda xeyir-şərini keçirir, artıq ödənişlər edir: “Başqa restoranlara hər dəfə 600-700 manat ödəyirik. Bizim xeyir-şər mağarı icma mərkəzi adı ilə tikilib, 130-140 nəfərlikdir. Oranı genişləndirə bilərik, arxa hissəsində yer də var”.
2013-cü ildə istifadəyə verilən 502 ailəlik şəhərciyin sakini, Ağdamdan məcburi köçkün düşən Sevda xanım da mağar kimi istifadə etdikləri icma mərkəzinin kiçik olmasından gileylənir: “Xeyir-şər mağarımız da yoxdur. Biz icma mərkəzindən xeyir-şər mağarı kimi istifadə edirik. Əvvəldən mağar planlaşdırmayıblar. Qəsəbədə mağaza yox, aptek yox. Başımız ağrıyanda dərman almaq üçün şəhərə gedirik. Mənzillərimizdə qaz var, amma mağara çəkməyə icazə vermirlər. Bu qədər ev-10 bina bu mağarın ümidinədir. Bu arada 3-4 yas eyni vaxta düşmüşdü, camaat məcbur olub, 400-500 manata yas mağarı qurdurdu. Heç tibb məntəqəsinin tikintisini də planlaşdırmayıblar. 2 il əvvəl istifadəyə verilən bağçamız da işləmir. Baxmayaraq ki, bağça tikilib, hazırdır, işçiləri də var, amma fəaliyyətə başlamır. Deyirlər tikintisi, təmiri düzgün aparılmayıb.”
Kiçik ailənin böyük xərci və başqa ehtiyaclar
Köçkünlər üçün kommunal xidmətlərin haqqı adambaşına ayrılan norma üzrə Qaçqınkom tərəfindən ödənilir. O yerdə ki, ailə böyükdür, orada ayrılan vəsait tam istifadə edilmir. Bəzi köçkün ailələri etiraf edirlər ki, sayğaclarına vurulan enerjini xərcləyib qurtara bilmirlər. Amma kiçik ailələrə limit bəs etmir. Məsələn, ail üzvü 1 nəfərdirsə, o, verilən normadan artıq enerji və qazdan istifadə etməli olur, nəticədə əlavə xərci özü ödəmək zorunda qalır.
Köçkünlər dövlət qurumlarına rəsmi formada müraciət etməkdən çəkinir, daha çox şifahi müraciətə üstünlük verirlər, lakin bu halda onların müraciətlərinə baxılmır. Hər iki qəsəbədə insnların informasiyaya çıxışı məhduddur, bir internet klubu belə yoxdur. 502 ailəlik qəsəbədən fərqli olaraq, 412 ailəlik qəsəbədə mərkəzləşdirilmiş istilik sisteminin qurulmasına, tikintisi Azərsu tərəfindən başlanmış su-kanalizasiya sisteminin yeniləmə işlərinin başa çatdırılmasına ehtiyac var.
Şərhlər bağlıdır.