Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Psixoloq: “İntiharı şouya çevirməyin!”

246

2014-cü il başlayandan demək olar ki, hər gün intihar xəbəri alırıq. Statistikaya görə dünyada gün ərzində 3 min insan intihar yolu ilə yaşamlarını sonlandırır. Başqa sözlə, hər 40 saniyədə 1 insan intihar edir. Azərbaycan ölkələrin intihar reytinqində 110 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Son 2 ayda isə özünü öldürənlərin sayı hədsiz artıb. Niyə intihar edirlər? İnsanların canından bezməsinə səbəb nədir? Özünəqəsdin günah olduğunu bilirlərmi?
Düzdür zaman-zaman hamımız yalnızlıq, çarəsizlik, depresiya, ümidsizlik duyğuları yaşayırıq. Ailə üzvlərimizdən kimisə itirəndə, sevgi münasibətlərini və ya evliliyi sonlandıranda, özümüzü başqalarından dəyərsiz hiss edəndə cana qıymaq yeganə çıxış yolu kimi görünür. Bu zaman şeytana uymamaq, doğru yolu seçmək üçün nə etmək lazımdır? Necə edək ki, milləti bu bəladan yayındıraq? Suallarımıza aydınlıq gətirmək üçün Mingəçevir Müəllimlər İnsitutunun baş müəllimi-psixoloq İlhamə İsmayılova ilə görüşdük.

İlhamə xanım niyə insanlar intihara cəhd edirlər?

-Bilirsiz, intihar mənəvi boşluqdan yaranır. Təsadüfi deyil ki, dini inancları qüvvətli qüvvətli olan, Allah “qorxusu” hiss edən insanlar yaşayan ölkələrdə intihar hallarına daha az rast gəlinir. Ən azından canı Allahın əmanəti bilib ona qıymırlar. İntihar tək maddi problemdən yaranmır. Norveç, İsveç kimi inkişaf etmiş Şimali Avropa ölkələrində intihar halları daha çox baş verir.
Son zamanlar ölkədə artan intihar hallar da səbəbsiz deyil, çətin zəmanədə yaşayırıq, problemsiz insan yoxdu. Adamlar müxtəlif olduğu kimi xarakterlər də müxtəlifdir.İnsanların problemlərə yanaşma tərzi də müxtəlifdir. Kiminin önəmli saydığı məsələ, başqası ücün əhəmiyyətsizdir. Uşaqlıqdan zəhmətə, əməyə öyrənən şəxslər, çətin situasiyalarda aciz qalmırlar. Bu məsələdə valideynlərin üzərinə böyük yük düşür. Bəzən valideynlər uşaqların bütün problemlərini özləri həll edir ki, balaları əziyyət çəkməsin. Uşaq böyüyəndə vəziyyəti özü çözə bilməyəndə “ ucuz ölümü” seçir.

-Qarşımızdakı insanın intihar etmək istədiyini necə anlayaq?

-Özünə qəsd etmək istəyənlər daha çox melanxonik tipli olur, içinə qapalı, çox danışıb-gülməyən, çətin situasiyalarda özünü tez itirənlərdir. İntihara meyl edənlərin ən azı 70%-i bu cəhdi haqqında qabaqcadan siqnallar göndərir. “Bu vəziyyətə dözə bilmirəm, ölmək istəyirəm, son vaxtlar maşını necə gəldi sürürəm, problemlərdən boğuluram” və s.-belə adamların tez-tez işlətdiyi sözlər olur. Özünü öldürməyi düşünən insanların davranışları da dəyişir. Dəyərli əşyalarını sındırır,vəsiyyət edirmiş kimi danışır, çevrəsindəkilərdən uzaqlaşır və s.

-Gənclər, yoxsa yaşlılar intihara daha çox meyillidir?

– Bilirsiz canına qəsd edənlərin əksəriyyəti yeniyetməlik, mənəm- mənəmlik dönəmində və 40 yaşından sonra olur. Fərqli yaşlarda intiharın səbəbləri də müxtəlif olur. Gənlərdə daha çox nakam sevgi, valideyindən və ya müəllimlərdən tənqid eşitdikdə baş verir. Bu dövrlərdə cavanlar tənqidi təhqir kimi qəbul edirlər. Həmin vaxtlar məktəbdə müəllimlər, evdə də valideynlər uşaqlarla çox ehtiyatlı davranmalıdırlar. Orta yaşlı insanlarda isə daha çox sosial problemlərdən, xəstəlikdən, ağrılardan və s. baş verir.

– Bəs bu nbisbət qadınlar və kişilər arasında necə bölünür?

-Maraqlı statistikanı nəzərinizə çatdırım ki, qadınlar kişilərdən 3 dəfə çox intihara cəhd edir, onun haqqında düşünür. Amma intihar edənlərin əksəriyyəti kişilər olur.

-Sizcə intihar saylarının azalması üçün nə kimi tədbirlər görülməlidir?

-Birinci növbədə bu məsələyə biraz ehtiyatlı yanaşmaq lazımdır. Son dövrlərdə efirə gedən intihar xəbərləri çox “bəzənib- düzənir”. Hadisəni romantikləşdirmək lazım deyil, məsələni şouya çevirməyin. “Şok- şok” xəbər kimi təqdim etməyin. Belə hallar psixologiyası zəif insanlara mənfi təsir edir və beləliklə, intihar təbliğ olunur. Bundan başqa dövlət xətti ilə hər bir şəhərdə, rayonda psixoloji mərkəzlər yaradılmalıdır. Hər işin öz mütəxəssisi olmalıdır. Jurnalistlər də bu yerləri göstərməlidir ki, insanlar problemlərini qonşu Fatmanisəyə yox, psixoloqa danışsınlar. Nə evin sözü böyüməsin , nə də ki, insan yalnış yerə istiqamətlənməsin. Hər bir ailənin öz psixoloqu olmalıdır,o şəxs evdəki hamını yaxşı tanımalıdır ki, kömək edə bilsin.

Söhbətləşdi:
Aytən Kosayeva

Şərhlər bağlıdır.