Araşdırma

Köçkün məktəbinin direktoru: “Qadın həm iş adamı olmalıdır, həm də evinin xanımı”

“Əgər şagirdlərim öz sözlərini deyə bilir, öz ayaqları üstə durmağı bacarırsa, deməli illərimi boş yerə keçirməmişəm”

İlin əvvəlində Təhsil Nazirliyinin sifarişi ilə icra olunacaq layihəmizlə bağlı daha çox müstəqilliyə can atan məktəb axtarışında idik. Yaxşı ki, Bərdədə yaşayan Ülkər xanımın 1 saylı Ağdam məcburi köçkün məktəbi ilə əlaqə qurmaq təklifini qəbul etdik.  May ayının sonuna qədər bu təhsil müəssisəsi ilə çalışarkən məktəbin direktoru Çimnaz Kərimova ilə dəfələrlə görüşmək, həm təhsilin, həm də cəmiyyətin problemlərini birgə müzakirə etmək imkanı qazandıq.  Düşündük ki, bu il 60 illik yubileyini qeyd edən xanımın həyatı və fəaliyyəti əksəriyyətə nümunə ola bilər.

Çimnaz Əşrəf qızı Kərimova Ağdamın Saraclı kəndində doğulub. Rayondakı 8 saylı məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsilini davam etdirib, filoloq ixtisası alıb. Gənclik illərində yeniyetmə və gəncləri özündə birləşdirən komsomol təşkilatında çalışıb.

“1 saylı şəhər məktəbində, azad komsomol təşkilatının katibi idim. Bir gün məni raykoma çağırdılar və dedilər ki, sabahdan məktəbə rəhbərliyi sən edəcəksən. Beləcə, gənc yaşımda mənə etimad göstərdilər, böyük bir məktəbi tapşıdılar” – Çimnaz xanım belə deyir. Və əlavə edir ki, yeni vəzifədə  çalışmaq ona çətin olmadı: “Adətən məktəb rəhbəri kənardan gətirilirdi və bu, narazılıq doğururdu. Mən isə burada komsomol işində çalışdığımdan hamını tanıyırdım, həm uşaqların, həm də müəllimlərin nəyə qadir olduğunu bilirdim. Hamı ilə ünsiyyət qurmağı bacarırdım, üstəlik müxtəlif tədbirlərin hazırlanmasını öhdəmə götürdüyümdən  təşkilatçı kimi mənə inanırdılar. Buna görə də kollektiv mənim direktor kimi irəli çəkilməyimi razılıqla qarşıladı”.

Lakin  rahat günlərin ömrü uzun çəkmədi. 1993-cü ildə Ağdam işğal olunanda 1 saylı məktəb də  köçkün düşmək zorunda qaldı: “11 il Bərdədə,  2 saylı yerli  məktəbdə məskunlaşdıq.  Sağ olsunlar, onlar təkcə yaşamaq üçün şərait yaratmadılar, eyni zamanda bir korpusu da bizə məktəb üçün ayırdılar. Aralarını kartonla kəsib, sinif otaqları düzəltdik. Yayda isti, qışda soyuq olan, adətən odunla isidilən bu korpusda 1 saylı Ağdam məktəbini köçkün məktəbi kimi yenidən açmağı bacardım”.

Çimnaz xaım deyir ki, son illər məcburi köçkünlərin şəraitini yaxşılaşdırmaq üçün həyata keçirilən dövlət proqramlarından onlar da bəhrələniblər: “Proqrama uyğun olaraq, 2014-cü ildə bir çox məktəblərdə yaşayanlar Bərdənin girəcəyində gözəl bir qəsəbəyə köçürüldülər. Qəsəbədə 866 ailə məskunlaşıb. Və eyni zamanda qəsəbədə 540 şagird yerlik məktəb də inşa olunub və bizim ixtiyarımıza verilib. Əvvəlki yerdə bizim cəmi 103 şagirdimiz, 28 müəllimimiz var idisə, indi onların sayı 300-ə və 40-a çatıb. Sinif otaqlarımız, laboratoriya və fənn kabinetlərimiz lazımi avadanlıqlarla təchiz edilib. İsti və soyuq suyumuz var. Bir sözlə, bizə hər cür şərait yaradılıb. Belə binada  yaxşı dərs keçməmək və oxumamaq günahdır”.

Bu il  1 saylı Ağdam məcburi köçkün məktəbinin yeni binada ilk buraxılışı oldu. 20 nəfər 9-cu sinfi bitirir, 10 nəfər isə məzun olur. Çimnaz xanım onların qəbul imtahanlarında yaxşı nəticələr göstərəcəklərinə inanır: “Test imtahanlarında yaxşı göstəricilər əldə edirdilər. Hər il ali məktəblərə qəbulda azı 50 % göstəricimiz var. Bu il daha yüksək olacağını güman edirəm”.

Azərbaycan və dünya yazıçılarının əsərlərinə marağı, uşaqların kitaba həvəsini artırmaq üçün məktəbdə qiraət günləri təşkil edilir, hər ay bir mövzunun müzakirəsi təşkil olunur: “İlk tədbirimiz Qarabağın təbliği ilə bağlı idi. Uşaqlar Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsərinə, Səməd Vurğunun “Vaqif” dramına müraciət etdilər, müəyyən hissələri səhnələşdirdilər. Eyni zamanda tarixi kitablardan, məsələn “Qarabağnamə”dən istifadə edərək, ermənilərin Qarabağa gəlişi, sığınması ilə bağlı çoxsaylı faktları üzə çıxartdılar, fikir mübadiləsi apardılar. Yəni Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə faktlar ortaya qoyuldu. Bəli, bizim  Qarabağ dərdimiz var. Amma bu yaramızın sağalacağına ümidimiz çoxdur. Çünki bu gün ölkəmizi tanıyan, onunla hesablaşan dövlətlər yetərincədir.  2015-ci il Avropa Oyunları da Azərbaycanı tanıtmaq baxımından çox mühüm tədbirdir. Bizə bu imkanları yaradan, Avropanı Azərbaycana gətirən insan Qarabağ düyününü də açacaq”.

Hər anını, gününü doğmalarına, təhsilə və uşaqlara xərcləyən, erkən ailə qayğılarını üzərinə  götürən müsahibimizin əslində özəl həyatına çox az yer qalıb. Bir gün görüb ki, ömrünün yarısı gedib, amma özü üçün heç nə edə, hətta ailə qura bilməyib: “Gənc yaşlarımda ikən anam vəfat etdi. Onun ili çıxmamış maşın qəzasında qardaşım, ardınca da atam dünyasını dəyişdi. Bir il ərzində ailəmiz üç əzizini itirdi. Ana, ata və bacı kimi ailənin yükünü öhdəmə götürdüm. Əziyyətim də itmədi. Qardaşımın uşaqları ana kimi hörmətimi saxlayırlar. Qardaşım oğlu ilk qızına mənim adımı verib.  İndi mən nənə olmuşam və adaşımla birgə boş vaxtımı keçirməkdən çox məmnunam”.

Çimnaz xanım cəmiyyətdə qadının rolunun artırılmasını, onların irəli çəkilməsini, siyasətlə məşğul olmasını vacib sayır: “Bizim Tomris ana kimi, Nüşabə kimi qadınlarımız olub. Fəxr edirəm ki, fəal qadınlarımız bu gün də var. Bahar Muradovaya, Qənirə Paşayevaya böyük hörmətim var. Mehriban Əliyeva Sara xatun səviyyəsinə yüksəlmiş xanımdır. Məktəblərə, təhsilə, bizim milli mədəniyyətimizə göstərdiyi qayğı göz önündədir. O, muğamı bütün Avropaya çıxartdı, dünyaya tanıtdı. İstərdim ki, növbəti seçkilərdə parlamentdə daha çox qadın deputatlarımızı görək. Cəmiyyətin ən aparıcı qüvvəsi kimi qadınlarımız həmişə öndə olmalıdırlar”.

Müsahibimiz deyir ki, qadınlar kişilərə nisbətən daha ədalətli, humanist  və həssasdırlar, insanlarla dil tapıb işləmək qabiliyyəti bu zərif cinsin nümayəndələrində xeyli yüksəkdir: “Azərbaycan qadını daha çox mətbəxə bağlıdır. Amma qadın  cəmiyyətdən kənarda qalmamalıdır. Qadın həm iş adamı olmalıdır, həm də evinin xanmı”.

Çimnaz xanım son illərdə boşanmaların artmasından narahatdır və  ailələrin dağılma səbəbini daha çox erkən nikahda, qadının savadsızlığında  görür: “Savadsız qadın öz hüququnu bilmir, vətəndaş nikahı ilə gedib ailə qurur, heç nə tələb edə bilmir. Onları maarifləndirmək lazımdır. Eyni zamanda evdə qadın savadlıdırsa, onun cəmiyyət üçün yetişdirdiyi insan yetkin şəxsiyyət ola bilər. Bizim kurrikulumun məqsədi də şəxsiyyətyönümlü insan yetişdirməkdir. Mən normal təhsili olmayan qızın, qadının ailə qurmasının tam əleyhinəyəm. Çünki savadsız qadın uşağının təhsili və tərbiyəsi ilə lazımi səviyyədə məşğul ola bilməyəcək”.

Müsahibimizin başqa narahatlığı isə bu gün təhsil müəssisələrində kişilərin az olması ilə bağlıdır: “Təəssüf ki, kişilər çox azdır. Amma kişilərin təhsil sahəsində çox olması vacibdir. Mən fikir vermişəm, hansı uşaq ki, atalı-analı böyüyür, o, tək ananın öhdəsinə düşən uşaqla müqayisədə daha ürəkli olur. Bu cəhətdən məktəbdə də kişi müəllimlərinin artmasına ehtiyac var. Yəni məktəb də ailə kimi formalaşmalıdır. Burda da qarşılıqlı anlaşma olmalı, insanlar bir-birini başa düşməlidir, fərqi yoxdur o, kişi, ya qadındır. Universitetdə mənim müəllimim olmuş Bəxtiyar Vahabzadə demişkən,  “Baxışdan ibrət al, sözdən söz götür”. Biz də bir-birimizi baxışımızla başa düşürük. Çalışırıq ki, valideynlərlə bir yerdə eyni nöqtəyə vuraq, şəxsiyyətyönümlü insan yetişdirək”.

Çimnaz xanımın dediyinə görə, bu gün Ağdam rayonunda aktiv qadınlar tez-tez toplaşır, ciddi məsələləri, xüsusən qadın və uşaq problemlərini  müzakirəyə çıxarırlar: “Qadın fəallığını artırmaq üçün rayonda məqsədyönlü işlər aparılır. Hazırda əksər məktəblərin direktorları qadınlardır, icra hakimiyyətində də qadınlar irəli çəkilirlər. Baş həkim, musiqi məktəbinin direktoru da qadındır. Əvvəllər komsomol işində çalışan İcra Hakimiyyəti başçısı da bunda maraqlıdır”.

Müsahibimiz hesab edir ki, məktəb və cəmiyyət bir yerdə işləməlidir. Hər şey məktəbin üstünə atılmamalıdır. Valideynlər məktəbə cəlb olunmalı, məktəbin səlahiyyətləri artırılmalıdır: “Mən istərdim ki, məktəbimizə müstəqillik verilsin. Yeni təhsil konsepsiyasında da məktəblərə sərbəstlik verilməsi, dayanıqlı təhsil sisteminə əsaslanan təhsil fondunun yaradılması nəzərdə tutulub. Hər bir məktəbin öz bank hesabı, ayrıca fondu olmalıdır. Məktəb sərbəst idarə olunmalıdıır”.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bizim bu məktəblə və onun direktoru ilə tanışlığımız ailə-məktəb münasibətlərinin yeni modelinin yaradılması – orta təhsildə sivil məktəb şuralarının təbliği məqsədiylə bağlıydı. Rəhbərlik etdiyimiz Mingəçevir Valideynlər Assosiasiyasının xətti ilə burada şagird, müəllim və valideyn üçlüyündən ibarət yaratdığımız məktəb şurası bu təhsil müəssisəsində əməlli-başlı canlanma yaratmışdı. Çimnaz xanım deyir ki, uşaqlarda seçmək qabiliyyətinin formalaşdırılması, onların öz müəllimləri və valideynləri ilə birgə qərarvermə prosesinə cəlb olunması çox müsbət haldır: “Mən uzun illər məntəqədə seçki komissiyasının sədri olmuşam. Bir çox seçicilərin gəlib, səs verməyi bilmədiyinin şahidi olmuşam. Məktəbdə seçki keçirilməsi və uşaqların həm komissiya, həm məktəb şurası üzvlüyünə namizədliyini verməsi və seçici kimi səsverməyə qatılması gələcəyə qoyulan əmanətdir. Bu gün namizədliyini verdiyim şagirdin lazımi qədər səs yığa bilməməsi məni əsəbiləşdirmədi. Sevindim ki, daha inzibati-amirlik metodu ilə idarə etmək zamanı keçdi. Əgər şagirdlərim öz sözlərini deyə bilir, öz ayaqları üstə durmağı bacarırsa, deməli illərimi boş yerə keçirməmişəm”.

Daha çox

Oxşar yazılar

Close