Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zaman keçir, gecikirik

227

Şakir müəllim Laçının Alpout kəndində doğulub-böyüyüb. Orta təhsilini orda alan müsahibimiz ali təhsilini Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda alıb. Danışığından hiss olunur ki, Laçın üçün çox darıxıb. Deyir ki, “Laçının 1 stəkan suyu üçün darıxmışam”

Laçın adı çəkiləndə ilk ağlınıza nə gəlir?

-Laçın mənimçün Azərbaycanın ən gözəl bölgəsidir. “Qarabağın qara qapısı” adlanırdı. Kəlbəcər, Qubadlı, Şuşa və Ermənistanın Sisian rayonu ilə həmsərhəd idi. Laçın yaylaq idi, respublikanı ətlik-südlük məhsullarla təmin edirdi. Hər yay alaçıqlar qurulurdu, əhali dincəlməyə gəlirdi. Laçını Həkərisiz təsəvvür etmək olmaz, rayonun bəzəyi idi. Təbiətin gözəl təsvirlərindən biri idi yurdum…

Laçında vəziyyət nə vaxtdan gərginləşdi?

-Hələ 1988-ci ildən yollarda narahatlıq başlamışdı. Ermənilər Gorusdan gəlib keçən maşınları daşqalaq edirdilər. 1992-ci ilin yanvar ayından Şuşadan keçən yolu bağladılar. Biz Qubadlı istiqamətində hərəkətə başladıq.

Vəziyyət bu həddə çatanda kimdən kömək istədiniz?

-Onsuz da hamı bilirdi, gizlin deyildi. Aidiyyəti orqanlara müraciət etdik. Onlar da Laçına hərbçiləri yerləşdirdilər. Komendantura rejimi elan edildi, müəyyən vaxtlarda rayona giriş-çıxış qadağan olundu.

Hərbçilərin sizə nə kimi köməyi oldu?

-Bir maraqlı faktı danışım. Orda Qala dərəsi adlı yer vardı, Stepanakert yalan idi onun yanında. Ermənilərin silah-sursat anbarları yerləşirdi, həm də yaşayış sahəsi idi. Bir gün Laçının kişiləri, cavan oğlanları pul yığıb nəzarətçi hərbçilərə verdilər ki, baş verən hadisələrə “göz yumsunlar”. Elə gecə ikən bizimkilər Qala dərəsinə hücum edib erməniləri qarət etdilər, silahlarını yığıb gətirdilər. Ermənilər necə qorxmuşdularsa, özlərini çaya atıb canlarını qurtardılar. Əgər 2-ci dəfə elə bir hücum təşkil olunsaydı, Əsgəran da alınardı.

Bəs niyə 2-ci dəfə hücum etmədiz?

-Çünki yerli dövlət qurumları xəbər tutan kimi gecə ikən tökülüşüb silahları aldılar. Səbəb isə onu göstərdilər ki, guya silahlar sənədləşməlidir. Əşrəf adlı 1-cə nəfərdə silah qalmışdı, o da döyüş zamanı əsir düşdü, öldüsü-qaldısı hələ də bilinmir. Əhali də ruhdan düşdü, ardınca da Xocalı faciəsi laçınlıları vahiməyə saldı. Hər gün xəbər gəlirdi ki, filan kəndə od vurulacaq, filan yer gülləbaran olunacaq… Millət parçalandı, 3-5 ay könüllü dəstələr meşələrdə qaldı, döyüşdülər, amma alınmadı.

Laçını nə vaxt tərk etdiz?

-Əvvəl hərbçilər qaçdı, kənddə az adam qalmışdı. Mayın 15-i idi, dayımoğluna dedim yığışaq. Vəziyyət getdikcə çətinləşirdi, harayımıza cavab verən yox idi. Biz 3 qardaş gecə yola çıxdıq, maşının işıqlarını da yandırmırdıq, 2 maşın gedirdik, birdən bizdən qabaqkını qratla vurdular. Bizim avtomobilimiz da zədələndi, 3-ümüz də tökülüşdük, gizləndik. Səhərəcən sürünə-sürünə Laçından çıxdıq. Mayın 18-də Laçın işğal olundu.

Ən çox nəyə hefslənirsiniz?

-Bilirsiniz, əslində ermənilərin gücü çatmazdı bizə, ruslar onlara kömək edirdi, silah verirdilər. Bu yaxınlarda qara bayram oldu, hər dəfə bu günlərdə biz mənəvi əziyyət çəkirik. Atamın qəbrini ziyarət edə bilmirəm. Adamın az qala ürəyi partdıyır.

Laçınla bağlı hansı xatirələriniz var, danışmaq istərdinizmi?

-Mən kənd uşağı olmuşam, çoxlu qoyun-quzumuz vardı, onları örüşə aparırdım, O qədər maraqlı xatirələr var ki… Hələ gecələr babamın danışdığı, şahidi olduğu hadisələr heç vaxt yadımdan çıxmaz.
Cavad babam Laçının tanınmış bəylərindən olub, Sultan bəyin silahlı dəstəsində xidmət edirdi. Onun igidliklərindən çox danışıb. Babam nağıl edirdi ki, bir gün erməni Andranik Şuşa qubernatoru Xosrov bəyə (Sultan bəyin qardaşı) xəbər göndərir ki, icazə verin Gorus tərəfə mal keçirək. Bəy bu fikri qardaşına bildirir. Xəbər tuturlar ki, onlar Zabur körpüsündən silah keçirmək istəyirlər. Sultan bəy plan qurur ki, icazə verək, amma körpüdə qarşısını kəsib silahları əllərindən alaq.
Elə də olur. Babam danışırdı ki, həmin gecə çay qana boyandı, hamı qırıldı, bircə Andraniki öldürmədilər. Sultan bəy onun qulağını kəsdi və dedi ki, qılıncımın altından keç, get de ki, hamı öldü, bircə mən sağ qaldım… Laçın bəylərinin igidlikləri çox olub.

Laçının özünəməxsus təbiəti haqqında nə deyə bilərsiniz?

-Laçında Kəlbəcərin İstisuyundan vardı, dağlıq rayon olduğu üçün mineral bulaqları çox idi, Qotursu o qədər yumşaq idi ki, içəndə boğazda qurtuldamırdı.
Orda haluc bitkisi vardı-republikamızın 80% rayonunu gəzmişəm, başqa heç yerdə rast gəlməmişəm. Cənnət almasına oxşayırdı, qeyri-adi turşa-şirin dadı vardı. Bundan başqa burunotu deyilən bitki vardı, qoxlayanda başağrısını kəsirdi. Laçın dərələrində qoz, cır armud çox olurdu. Heç kim o bərəkətli torpaqlarda ac qalmazdı. Təbiəti gözəl idi, otu biçirdik, qışda qurusunu açanda da ətri aləmi bürüyürdü. Gözəl şəlalə vardı, Alxaslı kəndindən Həkəri çayına tökülürdü. Hər damla suyu, 1 nəfəslik havası dərman idi Laçının.

Mingəçevirə necə gəldiz?

-Bu şəhərdə bizim kənddən 9, ümumilikdə isə 246 ailə, 914 laçınlı məskunlaşıb. Bacım Mingəçevirdə yaşayırdı, biz də bura pənah gətirdik. Yerli əhali bizə dayaq durdu, Akif Zeynalov sağ olsun, hamını çağırıb dedi ki, DRES-in yataqxanalarını boşaldıb veririk sizə. Sonra əmək qabiliyyətli hər kəsi işə götürdülər. Demək olar ki, hamını evinə maaş girirdi. Qonşular hər cür maddi ehtiyaclarımızı ödədilər.
Özümüz üçün yeni güzəran qurduq. Təzə yerimizə alışdıq artıq. Amma hey qulağımız səsdədir, torpaqlar alınacaq, yud-yuvamıza qayıdacağıq. Bir fikrim var: qanı qanla yuyarlar, hamımız buna hazır olmalıyıq. Torpaqlarımızı hansı yolla olur-olsun geri qaytarmalıyıq. Zaman keçir, gecikirik…

Söhbətləşdi:
Aytən Kosayeva

Şərhlər bağlıdır.