Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zahid Qasımlının fikrincə, əhali məmuru yaxında görmək istəyir

Mingəçevir İcra Hakimiyyəti başçısının 1 və 2 saylı ərazi dairələri üzrə nümayəndələri   Rizvan Mikayıllı və  Faiq Mustafayev başçılıq etdikləri qurumların 2016-cı ildəki fəaliyyəti barədə geniş ictimaiyyət qarşısında hesabat veriblər. Yanvarın 24-də Mingəçevir Bələdiyyəsinin və yanvarın 25-də 3 saylı məktəbin iclas salonlarında baş tutan yığıncaqlarda ötən il ərzində görülən işlərə və problemlərə diqqət yetirilib.

Qeyd olunub ki, müxtəlif qurumlarla əməkdaşlıq şəraitində əhalini narahat edən məsələlərin həllinə səy göstərilsə də, bəzən su kanal sistemindəki qəza və nasazlıqların aradan qaldırılmasında ləngimələr yaranıb,  bu da insanların narazılığına səbəb olub. Xüsusilə çoxmənzilli yaşayış binalarının zirzəmilərində kommunikasiya xətlərinə xidmət Su Kanal İdarəsinin tabeliyinə verildikdən sonra bu sahədə çətinliklər artıb. Yeni su-kanalizasiya xətləri çəkilən ərazilərin  bərpa olunmaması, məhəllələrin vaxtlı-vaxtında süpürülməməsi, zibil qablarının çatışmaması, həyətlərdə tullantıların yerə tökülməsi, enerji fasilələrinə yol verilməsi, şəhərdə mərkəzləşdirilmiş istilik sisteminin həllini tapmaması da  insanları narahat edən məsələlərdəndir.

Qeyd olunub ki, Mingəçevirə məxsus bəzi torpaq sahələrinin Yevlax kənd bələdiyyəsi tərəfindən uçota alınması çətinlik və qarşıdurma yaradıb. Həmin sahələr vaxtilə mənzil növbəsində durmuş, lakin mənzil ala bilməmiş insanlara verilib. Mal-qaranın şəhərə buraxılması, idman qurğuları və parkların yüksək səviyyədə qorunmaması, bağ massivlərinin ünvanlaşdırılmaması həllini gözləyən məsələlərdəndir. Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlının dediyi kimi,  problemdən qaçmaq lazım deyil, onun üstünə gəlmək lazımdır: “Əhali məmuru yaxında görmək istəyir. Canlı görüşləri, ünsiyyəti artırmaq lazımdır”.

Hər iki hesabat yığıncağında çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov qeyd  edib ki, ötən ili Mingəçevir uğurla başa vurub: “Parklarda yenidənqurma işləri aparılıb. Prezidentin ayırdığı vəsaitlə Mingəçevirdə 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanıb və bu iş yekunlaşmaq üzrədir. 2 məktəb əsaslı təmir olunub. Su-kanalizasiya xəttinin çəklişi istiqamətində işlərin davam etdiriləcəyi barədə razılıq alınıb. 19 qazanxanadan 2-si bəpra  olunub. Məsələ Nazirlər Kabinetində müzakirə edilib. Bu il 2 və ya 4 qazanxanananın təmiri,  DRES-də 2 yeni qazaanxananaın tikilməsi də nəzərdə tututlub. İşsizlik məsələsinin həlli istiqamətində də  işlər aparılr. Mingəçevirdə Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı salınır. Sənaye Parkında bu ilin sonunadək 2 müəssisənin işə salnacağı, iki min adamın çalışacağı gözlənilir. Şəhərdə “Asan Həyat” kompleksinin tikintisinə başlanıb. Burada 160-170 mingəçevirli iş tapacaq. S.Vurğun və Axundov küçələrində yerləşən 27 köhnə binanın fasadının bərpası üçün də abadlaşdırma işlərinə  başlanacaq”.

İ.İsmayılov vurğulayıb ki, bəzi küçə və yollarda qazıntılardan sonra yarımçıq işlərin qalması xoşagələn deyil: “Bununla bağlı “Azərsu” rəhbərliyi ilə danışıqlar aparılır, onlar da vəziyyəti aradan qaldıracaqlarına söz veriblər. Ümumiyyətlə, heç bir şikayət və təklif diqqətdən kənarda qalmır. O ki qaldı Günəşli və bağlar massvində əhalinin böyük bir hissəsinin ünvanının olamamsına,  bu, camaatın günahıdır. Onlar indiyədək sənədləşmə işini  aparmayıblar. Şəhər İcra Hakimiyyəti  şəhərdəki  bütün torpaqların yenidən inventarizasiyası üçün Dövlət Əmlak Komitəsinə müraciət edib. İşçi qrupu artıq şəhərdə işləyir, sadəcə onlara kömək etməyinizə ehtiyac var”.

Şərhlər bağlıdır.