Müsahibə

Yolçu yolda gərək…

“Gələcəkdə hədəfim Avropanı fəth etməkdi...”

Adını bilməsə də qəhrəmanımızı şəhərdə velosipedi ilə yəqin ki, çox adam tanıyır. Abid İsmayılov Mingəçevirdə doğulub, böyüyüb. Müxtəlif məktəblərdə riyaziyyat fənnini tədris edib. 2 il öncə təqaüdə çıxıb. Həmin vaxtdan velosiped sürmək ən sevimli məşğuliyyəti olub. Hətta velosipedlə səhahət etməyi də qarşısına məqsəd qoyub.
Keçən ay Gürcüstan, Türkiyə kimi qonşu ölkələri sevimli velosipedi ilə dolaşan Abid müəllimi daha yaxından tanımaq üçün redaksiyamıza dəvət etdik. Qeyd edim ki, 65 yaşı Abid müəllimə heç yaraşdırmaq olmur. Çox şux, gümrah insandır.
– Velosipedlə xarici ölkələrə səfər etmək necə ağlınıza gəldi?
– Əvvəlcə xarici kanallarda, internetdə baxırdım ki, məndən də yaşlı insanlar velosipedlə yürüşlərə çıxır, çox razılıq edirlər. Konkret uzaq məsafələrə səyahət etməyi planlaşdırmasam da 4 il əvvəl velosiped sürməyi öyrəndim. Şəhər daxilində lazımi yerlərə “ dəmir atım”la gedirdim. Hisss edirdim ki, səhhətimə də müsbət təsir edir. Sonra kiçik “səhayətlərə” başladım. Əvvəlcə Xaldana, sonra Qəbələ, Oğuz, İlisuya qədər gedib-gəldim. Və nəhayət qardaş ölkəyə-Türkiyəyə getməyi qərara aldım.

– Qərarınızı ailəniz necə reaksiya verdi?
– Əvvəl razı olmadılar. Düzü inanmırdılar ki, mənim buna gücüm çatar. Bir şərtlə razılaşdılar ki, daim əlaqə saxlayacayıq. Razılıq alandan sonra hazırlaşmağa başladım.

– Hazırlıq deyəndə nəyi nəzərdə tutursunuz?
– Mütəmadi idmanla məşğul oldum. Hər gün səhər saat 6-da dururdum, stadiona gedirdim, oranın 1 dövrəsi 560 m-dir. 11 km yürüş edirdim, qaçırdım. Bundan başqa səhayətdən bir neçə gün əvvəl marketdən turist üçün lazım olan hər şey- çadır, hava döşəyi, primus deyilən su qızdırmaq üçün alət, azuqə-yəni hazır şorbalardan götürdüm.

– Bu işdə kiminsə köməyinə ehtiyacınız oldumu?
– Bəli. Sağ olsun yaxın yoldaşlar, mənə çox dəstək oldular. Hamı kimi mən də yola nə götürəcəyimi bilmirdim. Yoldaşım Telman İsayev bu işdə mənə yardımçı oldu, lazımi şeyləri birlikdə aldıq.

– Nə vaxt yola çıxdınız?
– İyulun 20-də, səhər saat 6-da yoldaşlarım məni şəhərin çıxacağından yola saldılar. 2 gün Azərbaycanda qaldım, 1-ci gecəni Şəmkirdə, sonra Qazaxda oldum. Nəhayət Gürcüstana çatdım. “Meydan” adlı yer var, Şah Abbasın dövründə tikilib, azərbaycanlıların kompleks yaşadığı ərazidir. Ora hamamları ilə məhşurdur. 1 sutka həmin yerdə dincəldim. Sonra Batumiyə yollandım. Səyahətimin 5-ci günü Batumiyə çatdım. 15 gün orda istirahət etdim, maraqlı yerləri gəzdim. Daha sonra Türkiyəyə yollandım. Qeyd edim ki, gömrüklərdən çox rahatlıqla keçirdim, velosipedlə hərəkət etdiyim üçün heç bir tıxac problemi də yaşamadım. Trabzon vilayətinin Of şəhərində dayandım. İnsanlarla tanış oldum, maraqlı yerlər gördüm. Hətta orda məni köhnə tanışlarımdan tanıyan da tapıldı: “Abid müəllim, siz burda neynirsiz?” Məqsədimi duyanda çox razı qaldılar. Çoxlu şəkillər çəkdirdim, sonra bizim Göy-gölə bənzəyən Uzungölə getdim. 5 gün də orda qaldım. Və sonra geriyə-Vətənimə qayıtdım.

– Yol boyu insanların sizə münasibəti necə idi?
– Onu deyim ki, təkliyimi heç hiss etmədim. İnsanlar o qədər istiqanlı olurdular ki… Dəfələrlə təklif edənlər oldu ki, çadırda niyə qalırsan, dur gedək evimizə. Hal-əhvalımı, hardan gəldiyimi soruşurdular. Mən də qürurla deyirdim ki, azərbaycanlıyam, ordan velo-tura çıxmışam. Heç kim mənə dəqiq yaşımı deyə bilmədi. Daha cavan olduğumu düşünürdülər.

– Yollarda insanların macəraları, yaddaqalan hadisələri çox olur. Məsələn, nəyi xatırlayırsız tez-tez?
– O qədər hadisələr olub ki, danışmaqla qurtarmaz vallah (gülür)… Hə, Gürcüstanda olanda yanacaqdoldurma məntəqəsinin yanında çadırda gecələdim. Səhər durdum suyum qurtarmışdı. Yaxınlıqdakı mağazaya girdim, rusca qadından qaynar su istədim. O da dedi ki, yoxdu. Çıxdım və yenidən digər qapıdan girib başqa satıcıdan gürcü dilində su soruşdum. Tez mənə qaynar su gətirib verdilər. Dil bilməyim insanlarla ünsiyyətə, ümumiyyətlə mənə çox yardımçı oldu. Bundan başqa bir gecə bərk yağış yağdı. Soyuqdan titrədim, çadır, pal-paltarım suyun içində qalmışdı. Amma yenə də qərarımdan dönmədim, peşmançılıq hissi duymadım.

– Səhayətinizi neçə günə başa vurdunuz?
– 40-cı gün saat 4-də artıq mən Mingəçevirə çatdım. Gedəndə daha tez getmişdim. Qayıdanda həm yorğunluq, həm də velosipedi yoxuşa doğru sürmək 2 gün ləngitdi məni.

– Nə qədər pul götürmüşdünüz?
– 500-600 dollar pul gedib gəlməyimə artıqlaması ilə çatdı. Gürcüstanda lariyə, Türkiyədə lirəyə dəyişdim, lazım olan ehtiyaclarımı aldım, ürəyimcə də istirahət etdim bu pula.

– Qayıdanda nə hisslər keçirdiniz? Kim qarşıladı sizi?
– O hissləri sözlə izah etmək olmur. Urəyim çırpınırdı. Şəhərin qapılarındakı yoldaşlarımı görəndə lap fərəhləndim. Hamısına çox sag ol deyirəm, dəstəklədikləri, darıxmağa qoymadıqları üçün.

– Növbəti illərdə yenə başqa ölkələrə səyahət planlaşdırırsınızmı?
– Əlbəttə. İnşallah salamatlıq olsun, gələn il Türkiyənin İğdır vilayətinə, ordan da İrana-Təbrizə, Ərdəbilə getməyi çox istəyirəm. Azərilər yaşayan yerləri görmək, əhalisi ilə ünsiyyətdə olmaq çox maraqlı gəlir mənə. Onu da bacarsam, gələcəkdə hədəfim Avropanı fəth etməkdi…
– Abid müəllim sizə yolununuz açıq olsun deyirik, velosipedinizlə daha uzaq səfərlərə inşallah…

Söhbətləşdi:
Aytən Kosayeva

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close