Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Əyalətdən dünyaya çıxış”

223

Martın 15-də Mingəçevir Media Mərkəzində (MMM) “Mingəçevir işıqları” qəzetinin yeni layihəsinin təqdimatı olub. Tədbirdə QHT və dövlət qurumları, o cümlədən KİV nümayəndələri iştirak edib.
Qonaqları salamlayan qəzetin baş redaktoru Fərman Nəbiyev rəhbərlik etdiyi qəzetin 2002-ci ildən bir sıra layihələri həyata keçirdiyini deyib. Bildirib ki, artıq mart ayının 1-dən rəhbərlik etdiyi mətbu orqan IREX-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə “Əyalətdən dünyaya çıxış” adlı yeni bir layihəsinə start verib: “İnformasiya əsrində yaşayırıq. İndi otaqda oturmaqla dünyanın istənilən yeri ilə əlaqə saxlamaq mümükündür. İstənilən informasiyanı müxtəlif saytlarda yerləşdirməklə bütün dünyaya məlumat vermək olur”.
O, yaxın vaxtlarda qəzetin internet səhifəsinin yenidən fəaliyyət göstərəcəyini söyləyib: “Bir sıra qurumlar var ki, onların internet səhifələri var, lakin bu səhifələr təzələnmir. Lakin bizdə tam fərqli olacaq. Qəzetimizin həftədə bir dəfə çıxmasına baxmayaraq, saytımız gündəlik yenilənəcək. İnsanlar baş verən hadisələri bizim saytdan ala biləcəklər. Sizi bura dəvət etməyimizdə məqsəd odur ki, saytın inkişaf etməsində maraqlı olasınız. Təşkilatınızın həyatı ilə bağlı yenilikləri, hadisələri bizim səhifəmizdə yerləşdirə bilərsiniz. Bu, təşkilatlar üçün yeni bir imkandır. Qəzetin internet səhifəsi sizin səhifəniz olacaq”.
Natiq çıxışında onu da vurğulayıb ki, şəhərdə Jurnalistika Məktəbinin açması planlaşdırılır. 2002-2003-cü illərdə də bu məktəbin fəaliyyət göstərdiyini deyən baş redaktor qeyd etdi ki, əsas məqsəd gənclərə jurnalistika ilə bağlı elementar bilikləri aşılamaqdır. “Bəzən cibində jurnalist vəsiqəsi gəzdirənlər adi bir xəbəri yazmağı bacarmırlar. Bundan başqa, bu gün paytaxt mətbuatında region mətbuatı ilə bağlı, burada baş verən hadisələr barədə boşluq var. Təlimdə iştirak edənlər bölgələrdə baş verən hadisələri Bakı mediası ilə bölüşə biləcəklər”.
F.Nəbiyev şəhərdə vətəndaş jurnalistikasını inkişaf etdirməkdə maraqlı olduğunu da deyib. Bildirib ki, vətəndaş jurnalistikası imkan verəcək ki, insanlar internet vasitəsilə onları narahat edən problemlərin həllinə diqqəti artırsınlar.
“Mingəçevir televiziyası”nın əməkdaşı Ehtiram Muradlı layihənin informasiya bolluğuna xidmət edəcəyini deyib: “Düşünürəm ki, informasiya daşıyıcıları nə qədər çox olsa, cəmiyyətin inkişafı bir o qədər sürətlənəcək. Bu mənada gəncliyin enerjisninə güvənmək olar. Missiyanız çox uğurludur”.
Şəhər Bələdiyyəsinin nümayəndəsi Zahid Qasımlı Azərbaycanda kifayət qədər informasiya agentliklərinin olduğu, lakin etibarlı mənbə kimi onun bir neçəsindən istifadə edildiyini bildirib: “Çünki onlara inanırlar. İstərdim ki, saytınız həmin inanılmış mənbələrdən olsun. Təkcə Mingəçevirlə kifayətlənməsin, regionlarda, əyalətlərdə bundan etibarlı mənbə kimi istifadə etsinlər. Hər bir şəxs informasiya mənbəyidir. İndi gənclər daha fəaldır. Əlimizdən gələni biz də etməyə hazırıq”.
AMİ Mingəçevir filialının tərbiyə işləri üzrə direktor müavini İlhamə İsmayılova layihənin hamı üçün xeyirli olacağına inandığını söyləyib.
“EL” televiziyasının müxbiri Elgiz Mahmudov saytda müxtəlif bölmələrin olması təklifini irəli sürdü: “Məsələn, yazarlar bölməsi olsun. Orada istedadlı qələm sahibləri yazılarını yerləşdirə bilsinlər. Bundan başqa, ictimai problemlər bölməsinin də olmasını istərdim. Hər bir şəxs öz yaşadığı ərazinin problemlərini orada yerləşdirə bilsin”.
“Mingəçevir” qəzetinin əməkdaşı Mətanət Məmmədova layihənin uğurlu olacağına inandığını deyib və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Mingəçevir Politexnik İnstitutunun dekan müavini Səbuhi Qəhrəmanov, “Demokratik cəmiyyətin inkişafına yardım” İB-nin sədri Mehman Məlikov, “Əfqanıstan veteranları” İB-nin sədri Elşən İbrahimli, “Zaman” qəzetinin bölgə müxbiri Esmira Hidayətova və digərləri də layihənin şəhərin və bölgənin həyatında faydalı olacağına əminliklərini və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduqlarını bildiriblər.

Elnarə

Şərhlər bağlıdır.