Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhərin sanballı kişilərindən biri

Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından çox-çox kənarda “Arı və demokratiya “ kitabının və başqa nəşrlərin, çoxsaylı məqalələrin müəllifi kimi tanınan Nəsib Bayramoğlunun martın 17-də 75 illik yubileyi qeyd edilib. Tədbirin aparıcısı İsmayıl İmanzadə yazıçı-jurnalistin həyat və sənət yolunun maraqlı məqamlarına nəzər salıb. O, bildirib ki, səkkiz kitab müəllifi olan N.Süleymanov əsasən xalq yaradıcılığından bəhrələnib: “Onun qələmindən çıxan yazıları oxuyanda Azərbaycan folkloruna nə qədər bağlı olduğunu görürük”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu mərasimdə iştirakdan məmnunluq duyduğunu bildirib: “Bu şəhərin sanballı kişilərindən biridir Nəsib müəllim. Mən onu ləyaqətinə görə çox istəyirəm. Şair axtarmaq istəsək, gedib Nizamini, Füzulini oxuyarıq. Amma bu zəmanədə insan tapmaq çətindir. Nəsib arı təknəsinin başında üzünü cəmiyyətə tutub, danışır. Ordakı həyatla bizim həyatın quruluşunu müqayisə edir. Heç bir arı başqasının payını oğurlamır, özgəsinin qismətinə əl uzatmır, öz qazandığından yeyir. Nəsib təknədən bizim həyata gəlir və ədalətdən danışır”.
F.Qoca deyib ki, bu tədbirə Yazıçılar Birliyinin sədri də qatılmaq arzusundaydı: “Anarla danışmışdıq ki, bir az səyahətə çıxaq. Bəkir Nəbiyevin itkisi bizi bir qədər çaşdırdı. Anar təbriklərini göndərdi. “Ədəbiyyat” qəzetinin bu sayında Nəsib müəllimin hekayələrini dərc etmişik”.
F.Qoca N.Süleymanovun həmişə zəhmətkeş insan olduğunu, cəmiyyətə gərəkli oğullar böyütdüyünü, çoxlu, etibarlı dostlar qazandığını da vurğulayıb: “Ürəyiniz heç vaxt tək qalmasın. Narahat olanda dostlarınızı yada salın”.

Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Bayram Mustafa, Mingəçevir Bələdiyyəsinin sədri Cavanşir Yusubov, bələdiyyə üzvü Zahid Qasımlı, Mingəçevir şəhər prokuroru Azad Qarayev, MTN şəhər şöbəsinin sədri Abdulla Məmmədov, şəhər veteranı Qəşəm İsmayılov, “Azərbaycan işıqları” qəzetinin müxbiri Yusif Ələkbərov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, yazıçı-publisist, Mingəçevirin tarixi ilə bağlı bir neçə kitab müəllifi Pənah Qurbanzadə, təqaüdçü İdris Nəbiyev, şair Elşən Əzim və başqaları yubilyara həmişə belə gümrah qalmağı və oxucularını yeni yaradıcılıq uğurları ilə sevindirməyi arzulayıblar.
Sözlü, müsiqili məclisdə Nəsib Bayramoğlu gümrah qalmasının səbəblərini də açıqlayıb: “Ömrüm boyu sözü üzə demişəm, heç kimdən çəkinməmişəm. Çətin günlərimdə ailəmdən və sizin kimi dostlarımdan, bir də haqqın, ədalətin carçısı olan arılarımdan dəstək almışam”.

Şərhlər bağlıdır.