Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təbii qaza ehtiyac necə ödənildi?

218

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına

Mingəçevir şəhər sakinləri adından Müraciət

Möhtərəm Prezident! Öncə xalqımızın rifahı naminə gördüyünüz bütün işlərə, respublikamızın beynəlxalq səviyyədə tanınmasında olan zəhmətinizə, apardığınız sosial-siyasi kursa görə Sizə öz ehtiram və hörmətimizi bildiririk.
Lakin bütün bunlara baxmayaraq, bəzi üzdəniraq məmurların, Mingəçevir şəhər Qaz İstismar İdarəsinin müdiri Nəriman Rəhimov kimilərinin əməlləri sizin çəkdiyiniz zəhmətə kölgə salır, xalq arasında narazılıqlar yaradır.
Nəriman Rəhimov Mingəçevir şəhər Qaz İstismar İdarəsinə rəhbərlik edəndən həmişə evləri normal qazla təmin olunan sakinlər indi isti suya, isti evə həsrət qalıblar. Sutkanın saatlarını güdürük ki, nə vaxt normal qaz gələcək və məişət işləri ilə məşğul olmağa başlayacağıq. Bir sözlə, Qİİ-nin müdiri həyatımızı, yaşayışımızı dözülməz həddə çatdırıb. Dəfələrlə şəhər icra hakimiyyətində olmağımıza baxiayaraq, hələ də bizim müraciətimizə cavab verilməyib.
Möhtərəm Prezident! Aşağıda imza edən Mingəçevir şəhər sakinləri adından Sizdən xahiş edirik ki, evlərimizin normal qazla təmin olunması ilə bağlı problemin həllində bizdən kömək və qayğınızı əsirgəməyəsiniz.
Biz bütün aşağıda imza edən Mingəçevir şəhər sakinləri problemimizin həll ediləcəyi ümidi ilə sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Mingəçevir şəhər sakinləri:
Əhməd Musayev, Arif Mirabov, Seyran Hüseynov, Baloğlan Cəfərov, Xanım Babayeva, Vahid Əliyarov, Gülsarə Yaqubova, Ceyhunə Məmmədova və başqaları- cəmi 58 imza”

Çətinliklər tam aradan qaldırılacaqdır

“Mingəçevir kəndində yaşayan Ə.Musayevə, A.Mirabova, S.Hüseynova, B.Cəfərova
Surəti: Mingəçevir qaz istismar sahəsinin rəisi Nəriman Rəhimova

Qaz təchizatı barədə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Neft Şirəkətinə ünvanlanmış və “Azəriqaz” İstehsalat Birliyinə Mingəçevir şəhəri, Mingəçevir kəndinin qaz təchizatı ilə bağlı daxil olmuş (daxil olma 13.02.2012-ci il tarixli 47 saylı) müraciətləriniz mütəxəssislərimiz tərəfindən araşdırılmışdır.
Bununla əlaqədar bildiririk ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhərin qeyd edilən ərazisində yerləşən evlərinizin qaz təchizatının yaxşılaşdırılması məqsədilə müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, uzun müddət ərzində istismar olunan qaz xətlərinin yenidənqurulmasına ehtiyac yaranmşdır. Bu məqsədlə 3-180-11 saylı işçi layihəsinə əsasən D 315 mm-lik polietilen boru vasitəsilə H.Əliyev prospektindən Nəsimi küçəsinə qədər yeni qaz xətləri çəkilir. Eyni zamanda Nəsimi küçəsindən A.Məmmədov küçəsinə qədər olan qaz xətlərində təmir-bərpa işləri aparılır.
Qeyd edilən işlər başa çatdırıldıqdan sonra adı çəkilən ünvanda təbii qaz təchizatında yaranmış çətinliklər tam aradan qaldırılacaqdır.
Göstərilənləri nəzərə alaraq, Mingəçevir qaz istismar sahəsinin rəhbərliyinə tapşırılır ki, qeyd olunan işlər başa çatdırılana qədər müvafiq texniki tədbirlər görməklə Mingəçevir kəndinin qaz təchizatının yaxşılaşdırılmasını təmin etsin.
Baş direktorun satış və istismar üzrə müavini Elxan Hacıyev”

Son söz əvəzi
Qəzetimiz çapa gedən ərəfədə şikayətçilərlə əlaqə saxladıq. Bildirdilər ki, Prezidentə müraciətdən sonra bayram günlərində normal təzyiqdə qaz ala biliblər, amma son iki gündə yenə də təzyiq aşağı düşüb. Yəqin ki, təzyiqin artması və ya azalması heç də havaların istiləşməsi və ya soyumasıyla bağlı deyil.
Sual olunur: nə üçün yerli məmurlar üzərlərinə düşən vəzifənin məsuliyyətini hiss etmirlər? Əslində belələrinin günahı üzündən ən xırda məsələ üçün vətəndaşlar Prezidentə üz tutmalı olurlar.

Şərhlər bağlıdır.