Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yoxluğuna alışa bilmirəm”

Cəmi 34 il ömür sürdü Şaban. Vətənin dar gününə göz yummadı Vətən oğlu. Könüllü olaraq idarə etdiyi maşını döyüş bölgəsinə yazdırdı.
Şəhidin ailəsini ziyarət etdik. Yoldaşı Şərafət xanım bizi görəndə təəccüb etdi. Birinci dəfədir ki, kiminsə Şaban və onun ailəsi ilə maraqlandığını dedi.
Şərafət xanım Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında kiçik tibb bacısı işləyir. Şabanla xatirələrini bizimlə bölüşən Şərafət xanım onunla Ağdaş rayonunun Qolqəti kəndində tanış olduğunu və 1987-ci ildə ailə həyatı qurduqlarını dedi: “Mən o kənddə yaşayırdım. Şaban da tez-tez nənəsigilə gələrdi. Orada məni görüb bəyənmişdi. Ailə quranda mənim 23, onun 28 yaşı var idi”.
Şərafət xanımın dediyinə görə, həyat yoldaşı 1988-ci ildən 1992-ci ilə qədər dəfələrlə döyüş bölgəsində olub. O, idarə etdiyi avtobusla polis işçilərini tez-tez döyüş bölgəsinə aparardı. 10 gündən bir evə gələrdi: “Ailədə üç qardaş, bir bacı olublar. Həmişə qardaşlarına deyərdi ki, biz heç birimiz Qarabağda şəhid olanlardan artıq deyilik. Elə bil Allah ağzından eşitdi. Şəhid olmaq Şabana qismət oldu. Qorxu nədi bilməzdi Şaban”.
Yoldaşını xatırlayan Şərafət xanımın o anda gözləri doldu. 20 il keçməsinə baxmayaraq, yoxluğuna hələ də alışmadığını bildirdi: “Şabanın ölüm xəbəri anamın qırx mərasiminə düşdü. Həmin vaxt mən kəndimizdə idim. Hərbi komissarlıqdan xəbər gəldi ki, Şaban yaralanıb. Məni həyəcanlandırmamaq üçün belə demişdilər. Əslində o, elə döyüş bölgəsində şəhid olmuşdu. Təcili Mingəçevirə qayıtdım. Həmin günü şəhərə üç meyit gəlmişdi. İkisi polis nəfəri, biri isə mənim yoldaşım idi. Onun idarə etdiyi avtobus içində əsgərlərlə birlikdə minaya düşmüşdü. Xəbəri eşidən anda bəlkə də mən həyatıma qəsd də edə bilərdim. Lakin balalarım gözümün önünə gəldi”.
Danışdıqca ağlayan Şərafət xanım yoldaşı şəhid olan zaman oğlunun və qızının körpə olduğunu, oğlunun 4 yaşı olanda adını dəyişdirərək Şaban qoyduğunu bildirdi. Dediyinə görə, elə gün olmur ki, Şəhidlər Xiyabanını ziyarət etməsin. Hər an onu fikirləşdiyini deyir: “O şəhid olandan sonra 8 il yataq xəstəsi olmuşam. İnsana yaxın olan adamlar valideyn və həyat yoldaşıdı. Mən onları eyni zamanda itirmişdim. Qızım ali məktəbə qəbul olanda, oğlum əsgərliyə gedəndə sevincimi heç kimlə bölüşə bilmədim. Şaban övladlarımızın xoş günündə yanımızda olmadı. Nə yaşadı ki? Ən gözəl çağında həyatla vidalaşdı. Övladlarım böyüyənə qədər ən ağrılı, acılı günləri yaşamışam”.
Şərafət xanım onu da söylədi ki, yataq xəstəsi olduğu müddətdə bacısı bütün taleyini onun iki övladına bağlayıb. Hətta ailə həyatı da qurmayıb, ömrünü bu uşaqlara baxmağa sərf edib.
Şərafət xanım bildirdi ki, Şabandan heç vaxt inciməyib: “Heç kimi incidən və ya kiminsə qəlbinə dəyən bir söz deməzdi. Hər zaman uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Mülayim xasiyyəti ilə hamının hörmətini qazanmışdı”.
“İndiyənə kimi heç kim qapımızı döyməyib, heç kim bizimlə maraqlanmayıb. Nə etmişəmsə, öz gücümün hesabına etmişəm. Özüm öz ayaqlarım üstə durmuşam. Kimsəsiz böyütmüşəm balalarımı. Ancaq çalışdığım stansiyanın baş həkimi Tacəddin Kosayevə ölənə kimi duaçı olacam. Övladlarım böyüyənə kimi o mənə çox kömək edib”.
Onu da öyrəndik ki, şəhidin oğlu mühafizəçi, qızı isə Mingəçevir Regional Elektrik Şəbəkəsində operator vəzifəsində çalışır.
Şərafət xanımla söhbətimiz zamanı qızı Nərmin də yanımızda idi. Baxmayarak ki, atasını heç xatırlamır, lakin onunla bağlı xatirələri eşitdikcə göz yaşlarına hakim ola bilmirdi. 21 yaşlı Nərmin hər addımında atasızlığını hiss etdiyini dedi. Bildirdi ki, atanın nə olduğunu bilməsə də ona şeirlər yazıb: “Ata adı çəkiləndə özümdən asılı olmayaraq gözlərim dolur. Bircə təskinliyim odur ki, atam torpaq, vətən uğrunda şəhid olub. Atamın hər zaman yanımda olmağını istərdim. Amma ən çox ailə həyatı quran zaman yanımda olmasını və mənə xeyir-dua verməsini istəyirdim“.
Öyrəndik ki, ailəyə 1993-cü ildə dövlət tərəfindən mənzil ayrılıb. Uşaqlara görə müavinət də verilir.

Elnarə Nərimanqızı

Şərhlər bağlıdır.