KİV-lərdən gözləntilər çıxdur
Iyulun 29-da “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mərkəzi Aran bölgəsində milli-mənəvi dəyərlərin ictima təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. “Milli-mənəvi dəyərlərimizin qorunmasında ən yaxşı vasitə” mövzusunda dəyirmi masada Bərdə və Yevlax rayonlarının müxtəlif sosial təbəqələri əhatə edən 24 nümayəndəsi iştirak edib. “Yüksəliş” İB-nin sədri Şahin Orucov layihənin məqsəd və vəzifələri haqqında görüş iştirakçılarına məlumat verib. O, bildirib ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır: “Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən də yan keçməmişdir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır”
Bərdə ziyalısı Nailə Hətəmova bu gün müasir Azərbaycan tamaşaçısı kimi milli radio və televiziyalarımızdan ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya almaq istədiyini deyib: “KİV-lərimizdən informasiya təminatında yüksək peşəkarlıq qabiliyyəti, maarifləndirmə sahəsində keyfiyyətli verilişlər gözləyirik”.
Dəyirmi masanın digər iştirakçıları da interaktiv müzakirələrin gedişində milli-mənəvi dəyərlərimizin həm yerli, həm də respublika mətbuatında geniş işıqlandırılmasının əhəmiyyətindən danışıblar. Tədbir iştirakçılarına müxtəlif materiallar və bukletlər paylanıb.
Yüksəliş İB-nin informasiya şöbəsi
Şərhlər bağlıdır.