Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bağlarda üzüm qaldı

Üzümün emal və satış problemini aradan qaldırmaq məqsədilə kiçik emal müəssisələrinin tikintisi vacibdir

Gəncədən Qazax istiqamətinə gedəndə yol boyu cərgələnmiş üzüm sahələri görünür. Ağ-qara, eləcə də digər ekzotik rəngləri ilə göz oxşayan salxımlarla bəzənən bağların bəziləri şərabçılıq zavodlarına, bəziləri isə fermerlərə məxsusdur. Qərb bölgəsində üzüm əkib-becərmək ənənəsi tarixən XII əsrlərə aid edilsə də, intensiv üzümçülüyün salınması XIX əsrin əvvələrindən başlayıb. Təbii ki, bölgədə bu ənənələr davam etdirilir.
Sovet dövründə respublikada bu məhsulun istehsalında Şəmkir üzümçüləri daha çox seçilirdilər. O vaxtlar burada Azərbaycan rekordu olaraq 15 min hektar sahədə üzüm əkilibmiş.

Üzümçülüyün ürəyi – Şəmkir

Şəmkir şəhər sakini Sahil Məmmədov da bunların yerli ənənəsinin davamçılarından biridir. O, 21 ildir ki, 18 hektarlıq torpağında üzüm yetişdirir. Sahil əkib-becərdiyi ənənəvi üzüm sortlarından danışır:
“Torpağımın 12 hektarı məhsuldar üzüm bağlarıdır. Bağın tən yarısında süfrə üzümü, digər yarısında isə texniki sortlar salmışam. Bunlardan ənənəvi Təbrizi, Bolqar, Kardinal və Mədrəsə sortlarını saxlaya bilmişəm”.

Sahil Məmmədov qeyd edir ki, bağlarındakı üzümü əhalinin tələbatına uyğun sortlaşdırır. Başqa bir fermer Nəriman Məmmədov da deyir ki, emal müəssisələri çox olarsa, üzümçülüyü daha da inkişaf etdirmək olar. Söhbəti zamanı diqqəti hər il tonlarla üzümlərin məhv olmasına yönəldən fermer müəssisələrin yerli üzümləri almadığından gileylənir:
“Ötən il 6 tona yaxın müxtəlif növ üzümlərimiz xarab oldu. Məhsulu təhvil verməyə emal müəssisələri yoxdur. Ən çox üzümü əkən bizik – yerli fermerlər. Şərab zavodları isə məhsulu nədənsə, xaricdən almağa meyllidirlər. Bir neçə yığım mövsümündə böyük həcmli emal müəssisələrinə məhsulumu sata bilmişdim, onda yaxşı da gəlirim olurdu. Üzümçülük çoxgəlirli sahədir, ancaq son vaxtlar satış azalıb”.
Fermerlər üzümün qiymətinin çox ucuz olması ilə yanaşı, onun pərakəndə şəkildə bazarlarda satılmasının da çətin olduğunu deyirlər.

Statistika: Tonlarla üzüm məhv olur

2010-cu ildə rəsmilər bildirmişdilər ki, Qərb bölgəsində 160 min ton üzüm xarab olub. Ötən il isə təkcə Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin ərazisindəki rayonlarda bu rəqəm 500 tona yaxın olub. Bu haqda Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov məlumat verib. Bölgədə, xüsusən də Şəmkir və Tovuz rayonlarında hər il üzüm sahələrinin artdığına deyən idarə rəisi məhsulun satışındakı problemlərə də toxundu.
Şəmkir və Tovuz pay torpaqlarının 70 faizi üzüm bağlarıdır

“Ötən il bölgədə üzümlüklərin sahəsi 1600 hektara çatıb. Onlardan 700 hektara yaxını Şəmkirin, 600 hektarı Tovuzun, qalanları isə Qazax və Ağstafanın payına düşür. Bu rayonlarda yaşayan təsərrüfatçıların üzüm əkib becərməyə böyük həvəsi var. Təkcə Tovuzun Aşağıquşçu kəndində 1 il ərzində 80 hektar üzüm bağı salındı. Lakin istehsalçılar məhsulu sata bilmirlər”.
Canpolad Qəhrəmanov üzümün alış qiymətinin çox ucuz olmasından, fermerin az qazanmasından danışır.

Standart alış qiyməti müəyyən edilməlidir

“Fermer 1 hektar sahədən təxminən 10 ton üzüm məhsulu sata bilsə belə, üzümün alış qiyməti orta hesabla 20 qəpikdir. 10 ton üzümdən fermer cəmi 2 min manat vəsait əldə edir ki, bunun müqabilində hektara çəkilən xərc 1300 manat civarındadır. Deməli, fermer il ərzində cəmi 700 manat qazanır. Vəziyyəti bir qədər yaxşılaşdırmaq üçün satış bazaları yaradılmalı və standart satış qiyməti müəyyənləşdirilməlidir. Heç olmasa üzümün kiloqramı 50 qəpiyə çatdırılmalıdır”.

Uzun illər Kənd Təsərrüfatının idarə edilməsi sahəsində çalışmış Ziyad Abbasov isə deyir ki, zay olmuş üzüm məhsulu qarşıdakı illərdə daha çox ola bilər. Ziyad Abbasov deyir ki, 5 il bundan əvvəl şərab zavodları daha çox üzüm alırdılar. İndi həmin müəssisələr də, xarici bazarla uyğunlaşmağa çalışır və tələblərə uyğun sortlar axtarırlar.
Elə Gəncə Şərab-1 Emal Zavodunun direktoru Saleh Babazadə də deyir ki, onlar bazarın tələbinə uyğun şərablar hazırlayırlar. O ki qaldı bölgədəki üzümləri almamağa, Saleh Babazadə deyir ki, buna səbəb özlərinin kifayət qədər üzüm sahələrinin olmasıdır.

“Bizim özümüz əkib-becərdiyimiz və istifadə etdiyimiz əsasən Mədrəsə sortudur. Bundan başqa Fransadan Şardane, Kaberne sortu alırıq. Şərab istehsalında keyfiyyət göstəriciləri var ki, ona uyğun şərab hazırlayırıq. Bizim özümüzün bağımız var, bir qədər də İsmayıllıdan- Nikitin kolxozundan, Tovuzdan da alırıq. Ancaq bağımız getdikcə böyüyür və qıraqdan almağa tələbatımız olmur”.

Naz-nazı, Zeynəbi, Xəzəri….məhv olmuş üzüm sortları

Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük kafedrasının professoru Famil Şərifov deyir ki, Qərb bölgəsi üzümçülüyün avanqardı sayılır və burada nadir üzüm sortları olub. Professor deyir ki, fermerlərə münbit şərait yaradılsa üzüm sahələrinin sayı indikindən 2-3 dəfə çox ola bilər.
“Üzüm əkib becərmək bu bölgədəki insanların ruhuna hopub. Ancaq fermerlərin satış problemləri aradan qalxmalıdır. Emal müəssisələri olsa, sahələri artırmaq və yaxşı gəlir əldə etmək olar. Təəssüfləndiricidir ki, sovet dövrünün sonlarında – yəni 1985-ci ildə verilən qərarla üzümlüklər qırıldı və ənənəvi yerli sortlar məhv oldu. Onlardan Naz-nazı və Zeynəbi sortları var idi ki, onlar ən şirin növlərə daxildir. Xəzəri də yaraşıqlı süfrə üzümü idi. Bu siyahını uzatmaq da olar”.
Xarici sortların yerli sortları sıxışdırmasından narahat olan mütəxəssis deyir ki, üzümçülüyün inkişafının başlıca şərtlərindən biri kimi tinglik təsərrüfatları yaradılmalı və ənənəvi sortların becərilməsi və bərpası aparılmalıdır.
Mütəxəssisilərin bütün bu tövsiyyələri öz yerində, amma fakt odur ki, Qərb zonası üzümçüləri bu kimi problemlər ucbatından gəlirlərindən məhrum olurlar. Bölgədə emal müəssisələri isə istənilən sürətdə yaradılmır.

Bayaqkı müsahibimiz Canpolad Qəhrəmanov deyir ki, üzümün emal və satış problemini aradan qaldırmaq məqsədilə kiçik emal müəssisələrinin tikintisi üçün “Aqrolizinq” şirkətinə sifariş verilib, lakin Kənd Təsərrüfatı Nazirliyi təklifi təsdiqləyib pul ayırmalıdır. Təxminən 100 tonluq emal müəssisələrinin tikintisi 200 min manata başa gəlir. Fermer Nəriman Məmmədovun ötən mövsümdə 8 ton üzüm məhsulu xarab olub ki, bu da fermerin 4 min manatdan çox ziyan çəkməsi ilə nəticələnib.

Gülnur

Yazı “Mingəçevir işıqları” qəzetinin sifarişi ilə hazırlanıb.

Şərhlər bağlıdır.