Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sülhyaratma prosesindən 20 il sonra

225

Okytabrın 13-də Mingəçevir Media Mərkəzində Humanitar Tədqiqatlar Cəmiyyəti sülhyaratma prosesinin 20 illiyi manasibətilə mingəçevirlilərlə görüş keçirib. Cəmiyyətin sədri Əvəz Həsənovun uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi fonunda cərəyan edən məsələlər haqda danışıb, sülhün bərqərar olmasında yardımçı ola biləcək vasitələri açıqlayıb. O, həmçinin bu mövzuyla bağlı olan və Londonda çap edilən jurnalın təqdimatını edib.
“20 ildə biz itirə-itirə gəlmişik, bu illərdə Dağlıq Qarabağdan uzaqlaşmışıq, psixoloji cəhətdən imkansız bir vəziyyətə düşmüşük. Azərbaycanda həqiqət instinqti itirilib. İnsanlar artıq onu o qədər də eşitmək istəmirlər. 1994-cü ildən bu münaqişənin sferasındayam. 20 ildə üstünlüyümüz o idi ki, biz dayanmırdıq, işləyirdik. Dağlıq Qarabağa səfərlər edirdik, ermənilərlə görüşürdük. Təbii ki ictimai qınağa tuş gəlirdik. O vaxt deyirdilər ki, biz səhv edirik. Biz deyəndə ki, erməniləri gətirib, Bakını, yaşayışımızı göstərmək lazımdı, Dağlıq Qarabağa konkret bir status müəyyən edin, bizi söyürdülər. Amma 20 il perspektivində baxanda görürük ki, qazandığımız nailiyyətlər sən demə bu gün lazım imiş. Bizim elədiklərimizdən dövlət indi istifadə edir. Məsələn, səfirləri Dağlıq Qarabağa göndərdilər. Məhz bunlar haqda yazmağı xarici təşkilat bizə sifariş etdi. Bu bir böyük kitabdı. Bu jurnal da həmin kitabdan irəli gələn jurnaldı. Burda itirdiyimiz və qazandığımız haqqında yazmışıq. Hələ heç nəyi əldə etməmişik. 20 ildə real torpağı və ona nəzarəti itirmişik. Ermənilər Dağlıq Qarabağı, 7 işğal olunmuş rayonu qazanıblar. Amma o rayonları nə ciddi özününküləşdirə bilirlər, nə də DQ-ğı inkişaf etdirə biləcəklər. Bizim torpaqlarımızı azad etmək üçün qollarımız açıqdı. Ermənilərin qolları isə bağlıdır. Onlar o 7 rayonu daşıya bilmirlər. Çünki, heç bir xarici dövlər Ermənistanın 7 rayonu nə üçün saxladığının mənasını başa düşmür”-Ə.Həsənov belə deyib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin nümayəndəsi Əbülfət Babayev bildirib ki, hər bir xalqın gendən gələn bir psixologiyası var: “Bizim xalq böyüyə qulaq asandır. Özünə böyük seçib və onsuz iş görməyib. Ailədə ağsaqqal ata, babadır. Dövlətdə də başçılarımızdır. Biz onu eşidirik və gözləyirik ki, ya prezident, ya xarici işlər naziri desin ki, indən belə Qarabağı düşünün, qısa müddətdə görərsiz nələr edirik. Onlar özləri bəyanat verməyənə qədər xalq sakitcə durub baxacaq”.

Mingəçevir Politexnik İnstitutunun debat mərkəzinin rəhbəri Rəşad Qurbanovun fikrincə, getdikcə sadə xalqda Dağlıq Qarabağ barədə məlumat azalır: “Mənim dayım Qarabağda şəhid olub. Mənim bilgim kifayət qədərdir. Amma bizdən sonrakı nəslin bu haqda təsəvvürü belə olmayacaq. Heç bir xatirə qalmayacaq. Onların təsəvvüründə Qarabağın yalnız formal adı qalacaq. Bizim əlimizdə nə qədər videofaktlar var? O da çox az sayda. Tədris ili başlayanda hər il Təhsil Nazirliyindən təklif gəlir ki, ali təhsil ocaqlarında hərbi vətənpərvərlik dərsləri keçirilsin. Doğrudur, Qarabağla bağlı müəyyən uğurlar əldə etmişik. Dünya ictimaiyyətinə Xocalı həqiqətlərini çatdırmışıq. Amma istərdik ki, bizim kimi gənclərin gücündən istifadə olunsun”.

Tələbə Leyla Cavadova da təbliğatın zəifliyini təsdiqləyib: “Mən Qarabağı görməmişəm. Adini eşitmişəm. “Fəryad” filmini çəkən insanlar o dövrdə yaşadıqları üçün film çox canlı alınıb. İndiki filmlər isə süni, bayağıdı. Təbliğat daha güclü olmalıdır”.

Başqa çıxış edənlər belə bir fikri vurğulayıblar ki, 20 ildə Azərbaycan öz müstəqilliyini bərpa edib, güclü oru yaradıb, iqtisaiyyatını inkişaf etdirib.
Tədbirin sonunda iştirakçılara sülhyaratma prosesinin 20 illiyi ilə əlaqədar Londonda dərc olunmuş jurnal və münaqişə ilə bağlı “İnternyus”un çəkdiyi filmlərin diskləri bağışlanıb.

Şərhlər bağlıdır.