Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Rəsm Qalareyasının direktoru Böyükkişi Adilbəyli Kür çayının sağ sahilindən fil sümükləri tapdığını iddia edir

İxtisasca rəssam-heykəltaraş olan Böyükkişi Adilbəyli həmin sümükləri Mingəçevir su anbarının çimərlik hissəsinə yaxın ərazidəki buxtada apardığı axtarışlardan sonra üzə çıxarıb. O,  ehtimal edir ki, tapılan sümüklər min illər bundan əvvəl Mingəçevir ərazisində yaşamış cənub fillərinə (mamont) məxsusdur. Böyükkişi Adilbəyli  bildirib ki, tapılan sümüklər filin onurğasının, baş və ayağının, çənəsinin, fəqərə sümüyünün və böyük dişinin bir hissəsidir. Əlli dörd yaşlı həvəskar arxeoloq sümüyünü tapdığı filin başqa vəhşi heyvanlar tərəfindən öldürüldüyünü güman edir. Sümüklər tapılan ərazidə palçıq vulkanlarının izləri də var. O, hazırda Kür sahilində fillərin bir yerdə öldükləri məzarlığı tapmağa çalışır. Elmdən də məlumdur ki, fillər həmişə bir yerdə ölürlər. O, həm də düşünür ki, cənub fillərinin indiki Mingəçevir ərazisində yaşaması buranın zəngin fauna və floraya malik olmasından xəbər verir. Fil sümüyü tapıntılarının bir hissəsini Mingəçevir şəhər Tarix Muzeyinə təqdim edəcəyini deyən Böyükkişi Adilbəyli ərazidə geniş şəkildə arxeoloji qazıntıların aparılması üçün mütəxəssislərin köməyinə ehtiyac duyur.

Mingəçevir şəhər Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev isə bildirib ki, Böyükkişi Adilbəyliyinin tapdığı sümüklər fil sümükləri deyil, sadəcə qədim küp qəbirlərin qalıqları və insan sümükləridir. Nofəl Məmmədəliyev 10 il əvvəl Mingəçevir ərazisindən, Kürün sol sahilindən fil sümüklərinin tapıldığını bildirib: “Həmin sümüklərin cənub fillərinə məxsus olduğunu alimlər də təsdiqləmişdi. Cənub filləri 500 min il əvvəl yaşayıb və onların nəsili kəsilib. Amma indi tapılan sümüklərin fillərə məxsus olması öz təsdiqini tapmayıb”.

N.Məmmədəliyev Mingəçevirdə cənub fillərinə məxsus məzarlığın olmadığını, əvvəllər tapılan fil sümüklərinin sel zamanı Kür çayı vasitəsilə başqa yerdən Mingəçevirə gəldiyini bildirib. Sonradan suyun səviyyəsi aşağı düşdüyü üçün sahildən sümüklər tapılmışdı. Həmin sümüklər hazırda muzeyin eksponatları arasında sərgilənir.

Şərhlər bağlıdır.