Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vətənində vətəndaşlıq ala bilməyənlər

442

46 il ərzində vətəndaşlıq ala bilməyən azərbaycanlı

Hazırda Mingəçevirdə məskunlaşan Təranə xanımın 54 yaşı var. Göyçayda doğulub, elə orta təhsilini də rayondakı 4 və 9 saylı məktəblərdə alıb. Dediyinə görə, valideynləri ötən əsrin 50-ci illərində İran İslam Respublikasından Azərbaycana gəliblər: “Dövlət Miqrasiya Xidmətinə rəsmi müraciət edərək, mənə Azərbaycan vətəndaşlığının verilməsini xahiş etsəm də, müraciətim illər boyu cavabsız qalıb. İdarədə mənə dedilər ki, valideynlərim 1948-ci ildə İran Respublikasından gəldikləri üçün mən Azərbaycan vətəndaşı ola bilmərəm. Yeri gəlmişkən, mən Azərbaycanda doğulub, boya-başa çatmışam. 98-ci ildən 2006-cı ilə qədər dövr istisna olmaqla, qalan həyatımı bu ölkədə keçirmişəm”-Təranə xanım belə deyir.
Təranə Vətənxa 1998-ci ildə Rusiya vətəndaşı olan Elxan Bayramovla evlənib və həmin ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Çita şəhərinə köçüb, 2006-cı ilə qədər orada yaşayıb: “Bir neçə ildən sonra rəsmi müraciət etdim, xahişim müsbət həll olundu. Rusiyada doğulmasam də RSFSR Konstitusiyasının bütün ruslara verdiyi hüquqları 8 il ərzində əldə etdim. Orada aldığım pasport 2011-ci ilin aprelinə qədər etibarlı idi”.
Təranə xanımın həyat yoldaşı Elxan Bayramovun dediyinə görə, 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar onlar daimi yaşamaq üçün Azərbaycana qayıdıblar: “Mənə və 2000-ci ildə Rusiyada doğulan övladıma Azərbaycana gələn kimi asanlıqla vətəndaşlıq verdilər. “Xanımıma isə “olmaz” dedilər. Baxmayaraq ki, o, Azərbaycanda doğulub, 54 illik ömrünün 46 ilini də burada yaşayıb. Mən isə Azərbaycanda doğulsam da, daha çox Rusiyada yaşamışam”.
Maraqlıdır ki, Rusiya pasportunun etibarlıq müddətinin sonuna olan tarixə-2011-ci ilin aprelinədək Təranə xanıma Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilib. Bu müddət bitəndən sonra isə Dövlət Miqrasiya Xidmətində bu xanıma deyiblər ki, Rusiyaya gedib, oranın vətəndaşlığından imtina etmədən Azərbaycan vətəndaşlığı ala bilməz: “Mənə 2006-cı ildə bunu demiş olsaydılar, çox rahatca Rusiyaya gedib, işlərimi sahmana salardım. Amma indi səndəsiz necə gedim? 4 ildir ki, hər iki sənədin müddəti bitib. İndi nə Rusiyaya qayıda bilirəm, nə də burda vətəndaşlıq ala bilirəm”.

“Özümü Azərbaycan vətəndaşı sayıram”

Azərbaycan Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasını ərazisində doğulmuş hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 10 yanvar 2011-ci ildə Dövlət Miqrasiya Xidmətindən Təranə xanımın ünvanına gələn cavab məktubunda isə deyilirdi ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikası ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, Azərbaycan dilini mükəmməl bilən və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən şəxs Azərbaycan Respublikasının vətəndaşı ola bilər.
Son 9 ili Azərbaycanda müvəqqəti adı ilə daimi məskunlaşan Təranə xanım Azərbaycan dilini mükəmməl bilir, qanunlarımıza əməl edir və bundan sonra da riayət edəcəyi barədə öhdəlik götürüb: “Amma bütün bunların müqabilində Dövlət Miqrasiya Xidməti mənim məsələmi həll etmək istəmir. Bu günədək Azərbaycan vətəndaşlığı əldə edə bilməsəm də, özümü Azərbaycan vətəndaşı sayıram”.

Dünən gələn əcnəbi bu gün necə “azərbaycanlı” olur?

Qaydalara görə, beynəlxalq yarışlara qatılan milli komandaların üzvləri öz ölkəsinin vətəndaşları olmalıdır. Vəziyyətdən çıxmaq və Azərbaycan idmanını “yüksəltmək üçün” ölkəyə gətirilən əcnəbilərin milliləşdirməsinə qeyri-qanuni göstəriş verilib. İnişilin mayında dörd qeyri-hökumət təşkilatının «Azərbaycanda idmana qoyulan sərmayə və şəffaflığın təmin edilməsi» adı ilə və 7 idman növü üzrə ictimaiyyətə təqdim etdiyi hesabatda deyilir ki, «Azərbaycan idmanında təmsil olunan 15 əcnəbi idmançı qanunauyğun milliləşdirilməyib». Xüsusilə vurğulanıb ki, bir əcnəbi idmançının milliləşdirilməsinə 500 min manat vəsait xərclənir, halbuki həmin vəsait hər hansı yerli idmançının maddi təminatının, fiziki və texniki göstəricilərinin yaxşılaşdırılmasına sərf olunsa, daha yüksək və uzun müddətli nəticə əldə edilərdi.
Ən təəccüblüsü isə vətəndaşlıq alan əcnəbi idmançıların nə yaşayış yerində qeydiyyatının, nə də şəxsiyyət vəsiqəsinin olmamasıdır. «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyevin mətbuata açıqılamasına görə, onların heç birini prezident təsdiq etməyib: “Hamısı qanunsuz olaraq Azərbaycan pasportu alıb”.
Hüquq müdafiəçisi İnqilab Həsənovun fikrincə, əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən üst-üstə düşür: “Əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən sənədi olmayanlardır. Yalnız bir fərq var: əcnəbini yarana biləcək mübahisədə himayə edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsin isə yoxdur”.

Kənardakı azərbaycanlılarda cinayətkar olmaq xofu

\”Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında\” Azərbaycan Respublikası Qanununa dəyişikliklər hazırda ciddi müzakirə mövzusuna çevrilib. Əsas narahatlıq 10-cu maddəyə əlavə olunan ikinci hissə ilə bağlıdır: «Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar».
Avropada yaşayan azərbaycanlıların yaratdığı Demokratik Azərbaycan Hərəkatı bu dəyişikliklərə münasibətini bildirib. Onların ictimaiyyətə, Milli Məclis rəhbərliyinə və deputatlara ünvanlanan müraciətində deyilir: «Bu dəyişiklik təhlükəli bir niyyətdən xəbər verir. Ona görə ki, bu gün Azərbaycan Respublikasının on minlərlə vətəndaşı müxtəlif xarici ölkələrdə yaşayır və onlar həmin ölkələrin qanunlarına uyğun olaraq bir sıra hallarda əcnəbi dövlətin vətəndaşlığını qəbul etməli olurlar. Bir çox hallarda həmin dövlət Azərbaycan vətəndaşının qarşısında heç bir xüsusi öhdəlik qoymur. Eyni zamanda xüsusi bildirmək lazımdır ki, bu günə qədər on minlərlə azərbaycanlı müxtəlif ölkələrin vətəndaşlığını alsa da, Azərbaycan vətəndaşlığını saxlayır. Qanuna edilən dəyişiklik faktiki olaraq hüquq mühafizə orqanlarının əlinə xaricdə yaşayan və əcnəbi vətəndaşlığı olan istənilən şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verir».

Dəyişikliklər vətəndaşlara ciddi problemlər yaradır

Son vaxtlara qədər Rusiya da ikili vətəndaşlığa şərait yaradırdı. Amma totalitar rejimin hökm sürdüyü bu ölkədə də vətəndaşlıqla bağlı qanuna dəyişikliklər xoş məramdan xəbər vermir. Əsas şərtlərdən biri Rusiya vətəndaşlığını almaq istəyən şəxslərin öz ölkələrinin vətəndaşlığından imtina etməsidir. Eyni zamanda Azərbaycan da ikili vətəndaşlığa göra cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməklə çörəkpulu üzündən kənarda iş axtaran minlərlə vətəndaşını, o cümlədən qadınları və uşaqları ciddi problemlər qarşısında qoyub. Həm Rusiya, həm də Azərbaycan dövlətinin miqrasiya siyasətindəki addımları bu ölkələrin qoşulduğu beynəlxalq müqavilələrdə bəyan olunan prinsiplərə, üzərlərinə götürdükləri öhdəliklərə uyğun gəlmir.
…Elə bunun nəticəsidir ki, hekayəmizin qəhrəmanı da hökumətin apardığı miqrasiya siyasətinin qurbanına çevrilib. Azərbaycanda vətəndaşlıq ala bilməyən Təranə xanıma heç yerdə iş də təklif edilmir: “Sənədsiz adamı kim işə götürər? Ərim mənim və məktəbli qızımızın həyatı, güzəranı üçün dəridən-qabıqdan çıxır. İstəyirik başqa ölkəyə köçək, amma mənim bu ölkədə qalmaq hüququm olmadığı kimi bu ölkədən çıxmaq hüququm da əlimdən alınıb. Qorxuram öləndə basdırmağa da yer verməyələr”.

Şərhlər bağlıdır.