Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zərdabda layihənin başına kimlər daş saldı?

180

Bu gün Zərdab şəhərinin ən ciddi problemi bu şəhərin kanalizasiya sisteminin olmaması, çirkab sularının küçələrə axıdılmasıdır ki, buna görə də əksər sakinlər, o cümlədən mənim yaşadığım binanın sakinləri də problemlə bağlı tez-tez müxtəlif qurumlara şikayət ünvanlayırlar.
Bu insanların əksəriyyəti bilmir ki, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 2009-2011-ci illərdə “Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması” nəzərdə tutulmuşdu, Nazirlər Kabineti isə bununla bağlı 15 iyul 2011-ci il tarixli 194 s saylı sərəncam vermişdi.
O vaxtkı Baş nazir Artur Rasi-zadənin imzaladığı sərəncamda ölkəmizin 18 şəhərinin, o cümlədən Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına təcili başlanılması və işlərin yüksək keyfiyyətlə 2013-cü ildə başa çatdırılması nəzərdə tutulurdu.
Bu işlərin sifarişçi funksiyası “Azərsu” ASC-yə həvalə edilmişdi.
Sərəncamda deyilirdi ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının layihələndirmə və tikintisi Respublikamızın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin. “Azərsu” ASC-yə isə bu “şəhərlərin, o cümlədən Zərdabın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatmasına 1 ay qalanadək, bu şəhərlərin hər biri üzrə su təchizatı və kanalizasiya sistemlərini istismar edəcək kadrların hazırlanmasını təmin etmək tapşırılmışdı.
Daha sonra sərəncamda deyilirdi:
“Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “AR-nın 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2 milyard 484 milyon 117 min manatın sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgü”sündə Azərbaycan Respublikasının şəhər və rayonlarında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının və layihələndirilməsi və tikintisi üçün nəzərdə tutulmuş 290 milyon vəsaitin 252 milyon 650 min manatı Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi üçün ayrılsın”.
Sərəncamda bu işlərə təcili başlanmasını və işlərin yüksək keyfiyyətlə 2013-cü ildə başa çatdırılmasını təmin etmək məqsədilə əlaqədar nazirliklərə və müvafiq qurumlara tapşırıqlar verilmişdi. (Bax: “Əkinçi” qəzeti, 29 iyul 2011-ci il, nömrə 34).
Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə tender qalibi olan Fatih Topbaşın (Erol bəy) rəhbərlik etdiyi “Hidro-Lotus” MMC firması 2011-ci il avqustun 16-da Dəli-Quşçu kəndi yaxınlğında inşa ediləcək Mərkəzi Təmizləyici Terminalın bünövrəsini qoymaqla, paralel olaraq Zərdab şəhərinin Qumlu yaşayış massivindən–H.B.Zərdabi küçəsindən, Heydər Əliyev prospektindən keçməklə Dördyol istiqamətinə müasir texnika ilə qazma işlərinə başladı, bu qazmanın dərinliyi H.Əliyev prospektində azı 6-7 metr idi. (Bax: “Əkinçi” qəzeti, 27 avqust 2011-ci il, nömrə 38).
2011-ci il oktyabrın 4-də Dəli-Quşçu yaxınlığında Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılmasının, minlərlə sakinin iştirakı ilə rəsmi və təntənəli təməlqoyma mərasimi keçirildi.
Mərasimdə rayon İH başçısı Lütvəli Babayev əhalini bu nəhəng tikintinin təməlqoyma mərasimi münasibətilə təbrik etdi.
Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dedi ki, Zərdabda su və kanalizasiya sahəsindəki ciddi problemləri nəzərə alaraq Prezident cənab İlham Əliyev şəhərinizdə su təchizatının yenidən qurulmasına və kanalizasiya sisteminin yaradılmasına, Nazirlər Kbineti bu işlərin 2013-cü ildə başa çatdırılmasına dair göstəriş vermişdir. Bununla Zərdab təmiz su və müasir kanalizasiya sistemi şəbəkələri ilə təmin olunacaq. Şəhər ərazisində 60 km.-lik magistral supaylayıcı kəmər, 55 km.-lik əsas kanalizasiya xətti, laboratoriya tikiləcək, layihədə Zərdabın 2035-ci ildəki demoqrafik vəziyyəti də nəzərə alınıb.
Lütvəli Babayev və Qorxmaz Hüseynov düyməni birgə basdılar və Mərkəzi Təmizləyici Terminalın bünövrəsinə beton dolmağa başladı. (“Əkinçi” qəzeti, 11 oktyabr 2011-ci il, nömrə 44).
2012-ci il oktyabrın 7-də Prezident İlham Əliyev Küllülü-Zərdab magistral su kəmərinin açılışında iştirak etdi və dedi:
-Bu gün həm Zərdab, həm də, ümumiyyətlə ölkə üçün çox əlamətdar gündür. Çünki bütün bölgələrdə içməli su layihələri artıq icra edilir, yaxud da ki, onların icrasına hazırlıq işləri aparılır. Onların içində birinci layihə məhz Zərdabda reallaşır. Ona görə bu gün tarixdə qalacaqdır.
Dövlət başçısının iştirak etdiyi mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dedi:
“ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə bu ilin sentyabrında başlanıb… Kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulub. Hazırda Heydər Əliyev parkında tikilən şəlalə rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir.
Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi istiqamətində tədbirlər görülür. Mərkəzləşdirilmiş şəbəkə olmadığından Zərdab şəhərinin əhalisinin yarısı su tələbatını fərdi qaydada ödəyir. Şəhərdə kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur.
Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə Küllülü mənbəyində sugötürücü qurğu tikilməklə yanaşı, şəhərdaxili şəbəkənin tikintisi də aparılmışdır. İndiyə qədər Zərdab şəhərində 28 kilometr su, 12 kilometr kanalizasiya xətləri tikilmişdir.
İlkin layihədə çirkab sularının kənarlaşdırılması üçün 7 nasos stansiyasının inşası nəzərdə tutulmuşdu. İntensiv yağıntılar zamanı nasosxanalar şəbəkəyə toplanan suları kənarlaşdıra bilmir və nəticədə kanalizasiya sisteminin işi pozula bilərdi. Bu amilləri nəzərə alaraq çirkab, yağış və yeraltı suların birgə idarə olunması əsas götürülməklə layihəyə dəyişikliklər edilmişdir. Zərdab şəhərinin kanalizasiya şəbəkəsi layihəsində nasos stansiyaları ləğv edilmiş, əvəzində özüaxımlı mikrotunellərin tikintisi variantına üstünlük verilmişdir. Bu sistem çirkab suların optimal idarəolunması ilə yanaşı, gələcəkdə yağış və drenaj şəbəkəsinin tikintisi üçün də etibarlı kommunikasiya rolunu oynayacaq”…
Vəssalam!
Prezident İlham Əliyevin iştirak etdiyi həmin mərasimdən sonra Dəli-Quşçu kəndi yaxınlğında inşa edilməli olan Mərkəzi Təmizləyici Terminalın, hər biri 2 min kubmetrlik iki su anbarının və Zərdab şəhərinin kanalizasiya sisteminin tikintisi, mətbuata, ictimaiyyətə heç bir açıqlama verilmədən dayandırıldı.
Və bununla da cənab Qorxmaz Hüseynov və Lütvəli Babayev bu layihəni sanki dərin bir quyuya atıb başına da elə bir dəyirman daşı atdılar ki, o layihəni və o daşı yalnız onlar ikilikdə çıxara bilərlər.
Zərdab sakinləri isə təmizlənmədən xəttlərə verilən suya və kanalizasiya probleminə görə hələ də müxtəlif ünvanlara şikayətlər göndərirlər.
Daha ədalətli olar ki, həmyerlilərimiz bu müraciətləri, bu layihələrin başına daş salan Qorxmaz Hüseynova və Lütvəli Babayevə ünvanlasınlar.
Onlara ilk sualları elə mən verirəm:
– Qorxmaz Hüseynov və Lütvəli Babayev, çirkab suları küçələrə dolan və ətrafı üfunət bürüyən Zərdab şəhərinin camaatı, o cümlədən bizim binamızın üfunətdən boğulan sakinləri nə etsinlər, dərdlərini kimə desinlər?
-Dövlətin ayırdığı milyonlarla vəsaitin aqibəti necə oldu?
-2011-2012-ci illərdə yerə gömdüyünüz 100 min manatlarla dəyərindəki orta və nəhəng ölçülü kanalizasiya borularının taleyi barədə niyə heç nə demirsiniz?
-Bilirsinizmi ki, sovet dövründə alıcıdan 10 qəpik artıq alan satıcı qadına Zərdab məhkəməsi 9 il həbs cəzası vermişdi?

Bu gün çəkdiyim bu şəkildə mənim də yaşadığım Zərdab şəhərinin Heydər Əliyev prospekti 13 ünvanındakı 16 mənzilli yaşayış binasının 10 metrliyindəki çirkab sular quyusunu görürsünüz.
Lütvəli Babayev və Qorxmaz Hüseynov bizlərə belə kef yaşadırlar…

İsaməddin ƏHMƏDOV,

“Əkinçi” qəzetinin baş redaktoru

Şərhlər bağlıdır.