Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyüklər çayxanalarda, uşaqlar həyətlərdə

Mayın 4-də Mingəçevir İcra Hakimiyyəti başçısı yanında Oprerativ Qərargahın iclası keçirilib. Kommunal təsərrüfatı idarələrinin rəhbərləri gün ərzində şəhərdə görülən işlərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, tərəvəzçilik sovxozu, bağlar və vaqonlar yaşayış massivlərində, tingçilik ərazisində, eyni zamanda sahibkar obyektlərində dezinfeksiya işləri aparılıb.   Gün ərzində Mərkəzi Xəstəxana ahəngdar iş rejimində çalışıb və ölüm hadisəsi baş verməyib. Hərarəti normadan nisbətən artıq olan 8 şəhər sakinindən analiz götürülüb. Əvvəllər Mingəçevir Qaz İstismarı İdarəsində işləyən və hazırda Bakıda qalan koronavirusa yoluxmuş şəxs müalicə olunaraq evinə buraxılıb.

Məlumat verilib ki, 28 nəqliyyat vasitəsi dezinfeksiya olunduqdan sonra şəhərdaxili marşrutlara buraxılıb, sabahdan əhalinin ehtiyacını nəzərə alaraq, nəqliyyat vasitələrinin artırılacağı gözlənilir.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev diqqətə çatdırıb ki,  respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılıb, lakin bəzi məsuliyyətsiz valideynərin günahı üzündən həyətlərdə saysız-hesabsız uşaqların bir yerdə oynadıqları müşahidə olunur.

İclasa yekun vuran Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bir daha vurğulayıb ki, karantin rejiminin yumşaldılması arxayınlaşmağa əsas vermir: “Bu gün çayxanalarda xeyli insanın toplaşdığının şahidi oldum. Halbuki hökumətin qərarında 10 nəfərdən artıq insanın bir yerə yığışması qadağan olunur. Həm də sosial məsafənin gözlənilməsi çox vacibdir. MİS-lər, polis şöbəsi bununla bağlı həm maarifləndirmə, həm də inzibati məsuliyyət tədbirlərini davam etdirməlidirlər”.

Şərhlər bağlıdır.