Universitetə aparan yol
Artıq may ayı idi. Qəbula bir neçə ay qalmışdı. Hər kəs üzdə mənə 600-ü keçəcəksən desə də ürəyində buna inanan fikrimcə yox idi. Çünki ilin əvvəlindəki performansı göstərəmmirdim. Xasiyyətimi bildiyim üçün qəbul imtahanının tez gəlməsini istəyitdim. Oysa-TQDK qəbulun vaxtını dəyişirdi. Bir şeydən tez bezənəm. Vaxt uzandıqca o vaxtın sadəcə mənə ziyanı olduğunu bilirdim. Bəlkə də YÖS-də nəticəmin yaxşı olduğuna görə arxayın idim. Dərsdən çox internetdə Türkiyədəki üniversitetlərin saytından qəbul qaydalarına vaxt ayırırdım. Hə, bir də vaxtım facebookda keçirdi. Məktəbdə dostlar məni bütün günümü facebookda keçirən biri kimi tanıyırdılar, bəlkə də o vaxtlar elə idim.
İyun ayında olan sınağa ciddi hazırlaşmağıma baxmayaraq 357 bal topladım. Hamı mənə təəccüblü sözlər deyirdi. Müdir müavinimiz məni otağına çağıraraq özümə fikir verməyimi söylədi, niyə belə olduğumu soruşdu. Tək bir cavab var idi. Quba kampı. Bildiyiniz kimi liseyimiz qəbula bir neçə vaxt qalmış yenidən təkrar üçün uşaqları 3 həftəlik Quba liseyinə aparır. Hər nəysə, sözü uzatmayım. “İstirahət” bitdikdə bunun da o qədər əhəmiyyətli bir şey olmadığını gördüm. Bəlkə də bir tək mənim işimə yaramamışdı.
Səhər artıq qəbul imtahanım idi. Bir gün əvvəl hamı mənlə kosmosdan gəlmiş kimi davranırdı. Hər istədiyimi o dəqiqə artıqlaması ilə yerinə yetirirdilər. Düzü bu vəziyyətdən çox narahat olurdum. Həyəcan yox idi, buna baxmayaraq ağcaqanaqların əlindən gecə bir dəqiqə də yatammadım. Adətim üzrə həmin gecə də yaxın uşaqlardan 2-3-nə “smile” göndərdim. Həmin gün Bakcell 50 sms vermişdi. Onu gecəykən qurtarmaq fikrində idim. İki həftə danışmadığım sevgilim sayəsində o gecə mesajları qurtardım.
Səhər açıldı. Kolbasa və smetandan doyunca yeyib imtahana getdim. Yanıma Oğuzun bir kəndindən o qədər də qəşəng olmayan bir qız düşmüşdü. İmtahan başlamazdan əvvəl məndən üç fəndən ona kömək etməmi istədi. İnsanlıq xətrinə razılaşdım. Bilirdim ki artıq vaxtım qalacaq, cünki qəbula qədər heç bir sınaqda axıra kimi oturmamışdım. Buna görə neçə dəfə məktəb tərəfindən atama mesaj da göndərilmişdi. Nəzarətcimiz imtahanın yarısını vəziyyətinin yaxşı olmadığından danışırdı, səbəbini isə hakimiyyətdə görürdü. Mən isə öz suallarımı və çoxları kimi imtahandan yüksək balla ayrılmağı düşünən həyacandan tərliyən qızın suallarını həll edirdim. Dörd sualım qalmışdı. Qızdan bu dörd sualda mənə kömək etməsini istədim. O isə mənə suallara müvafiq olaraq DABƏ cavablarını yazmağımı dedi. Bilmirəm niyə belə dedi, yəqin məni Naxçıvanlılara bənzətmişdi. Elə də etdim, çünki özümün variant atıb-tutmada şansım yox idi. Yoxladıqdan sonra dediyi suallardan ikisinin düz çıxdığını gördüm. İmtahan bitdikdən sonra qapının ağzına kimi bir çıxdıq. İmtahan nəticəmi öyrənmək üçün nömrəmi istədikdə isə bu aralar telefon işlətmədiyimi deyib məni çöldə gözləyən anamın və bacılarımın yanına getdim. İlk sözüm “Narahat olmayın, əla yazdım”- oldu. Birlikdə Araz kurslarının birinə gəldik. İstidə 2 saat gözlədikdən sonra düzgün cavablar olan kağızı aldım. Bir iş çıxmışdı, tələsik getməli idik. Metroda yol gedə-gedə böyük bacım cavabları deyirdi, mən isə yoxlayırdım. Sonda sual kitabçasını vaqonun qapılarına söykəyib yekun balımı hesabladım: 574. Anam və bacılarım məni qucaqladı, hətta vaqondakı adamlar da bu təbrikə qoşuldular. Məndən 600-ü keçməyimi istəyirdilər, amma mənim 600-ə görə məktəbdən alacağım 300 manatdan başqa heç bir fərqi yoxuydu.
Seçimdə Azərbaycanda Xəzər və İqtisad Universitetlərini yazmağı fikirləşirdim. Xəzərdə istədiyim fakültə üçün bu il dövlət hesabına təhsil olmadığı üçün İqtisad üniversitetini yazmağı planlaşdırdım. Bir tərəfdən isə Türkiyəyə sənədlərimi hazırlayırdım. Sənəd üçün gecə ikini yarısına qədər liseydə olduğumu xatırlayıram. Bakıya gəlib sənədlərimi kargo ilə göndərdim. Bir neçə gün sonra ADİU-nun dövlət sifarişli Dünya İqtisdiyyatı fakültəsinə düşdüyüm açıqlandı. Bir bala görə Beynəlxalq münasibətləri qaçırmışdım. Bəziləri hər şərdə bir xeyirin olduğuna sadəcə sözdə inanır, mən isə həqiqətən inanmaq istəyirdim, bunda da bir xeyir axtarırdım, amma tapammırdım. Türkiyədən cavab gələr deyə son günə kimi qeydiyyatdan keçmədim.
Türk fakültəsinə düşdüyüm üçün ADİU-da dərslər sentyabrin 3-ü başladı. Türk dili müəllimi özünü tanıdarkən Gazi Universitetinin Türk dilini bitirdiyini dedi. Buna qarşılıq tələbərdən biri də o üniversitetə düşməsinə baxmayaraq getmədiyini dedi. Bu az qala həyatımı dəyişəsi idi. Bəzi üniversitetlər qəbul olunan tələbələrin siyahısını e-maile göndərir. Mənim elektron poçtum da boş olduğu üçün qəbul olunmadığımı hesab etdim. Bundan sonra sayta da baxmadım. Sabahsı gün dərsə getdikdə müəyyən səbəblər üzündən bizim fakültənin ləğv olunduğunu, İçərişəhərdəki fakültəyə birləşdirdiklərini dedilər. Gənclik korpusunun əsas qapısından güvənliyin sözlərinə baxmayaraq sakitcə çıxdım. Gözlərim dolmuşdu. Türk fakültəsini təhsilin yaxşı olduğu və rüşvətin olmadığı üçün istəyirdim. Bir gün sonra ADİU-ya gedərək Türk dünyasının işlətməsinə “perovod” olmağımı istədim. Mümkün olmayacağı cavabını əvvəlcədən təxmin etdiyim üçün o qədər də təəccüblənmədim. İşlətməni istəməyim Galatasarı sevməyim kimi bir şeydi. İkisinin də səbəbini bilmirəm. 11-ci sinifdə düşündüyüm üniversitetə girəndən sonra problemlər bitəcək-fikrinin səhv olduğunu başa düşdüm. Buna baxmayaraq 1-2 günə həyat normala döndü, artıq facebookda gülməli statuslar yazmağa başlamışdım.
Bir axşam yemək yeyərkən müdür müavinimizdən zəng gəldi. Adana Çukurova üniversitetinə qəbul olduğumu dedi. Düzünü desəm təhsil əsas olsa da Bakını qoyub Adanaya getməyin səfehlik olduğunu düşünürdüm. Mənimlə birlikdə Çukurovaya qəbul olmuş sinif yoldaşım Osman ilə danışanda 2 gün əvvəl Gazinin cavabları çıxdığını və siyahıda mənim adım da olduğunu dedi. Ayın 13-ü idi, qeydiyyat isə 17-si qurtarırdı, çata bilməm üçün möcüzəyə ehtiyacım var idi. Yaşım düşmədiyi üçün pasportum da yox idi. Gecəykən valideynlərimlə telefonla danişib məni Türkiyəyə göndərmələrini xahiş etdim və onlar da razlıaşdılar. Səhər atam gəldi, 2 günə pasport, viza, bilet məsələlərini həll etdi. Mən isə ADİU-dan attestatımı götürdüm. 16-sı səhərə Bakı-İstanbul-Ankara reysim var idi, anamdan icazə kağızı almadığım üçün bizi gömrükdən buraxmadılar və biz bileti 17-sinə dəyişdik.
Qeydiyyatın qurtarmasına bir neçə saat qalmış Ankaraya çatdıq. Qeydiyyatdan keçdim və rahat nəfəs aldım. Hazırlığı oxumamaq üçün Türk və İngilis dilindən növbəti həftə imtahana girməli olduğumu dedilər. 18-i imtahanın keçiriləcəyi binaya baxmaq üçün Gazi Tömərə gəldik. İlk eşitdiyim cavab beynimi qarışdırdı. 2saat yarımlıq imtananın 1saat 10 dəqiqəsi artıq getmişdi. İçimdən “sənin imtahanın gələn həftədi” deyən qıza söyməkdən başqa heç nə gəlmirdi. Yarımçıq girsəm da uğurlu oldu. Bir həftə sonra keçirilən İngilis dilini də keçdim. Hazırlığa bir il əlavə vaxtım getmədiyi üçün şükr edirdim. Hər şey öz axarına düşmüşdü. Qəbulda bir bal çox yığmadığımın xeyrini indi görürdüm.
Bəzən bacara bilmədiyin bir şeyin verdiyi xoşbəxtlik, həyatında ən böyük saydığın uğurdan daha sevinc verici olur.
Gecə saat 02:09-dur. Bu gün də oxu zalına dərs üçün gəlmişdim. Amma yenə oxuyammadım. İçimdən bu yazını yazmaq gəldi. İndi mənim üçün ən böyük problem bu yazını Word-ə köçürmək olacaq. Çöldə qar yağır. Bir tərəfimdə kitablar, bir tərəfimdə isə otağımın açarı ilə telefonumdu. Fikrimcə hələki bəsdi, davamı gəlsə onu da nə vaxtsa yazaram İnşallah…
Elnur Nəbivi,
Qazi Universiteti, İşlətmə fakultəsi, 1-ci kurs tələbəsi
Şərhlər bağlıdır.