Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gəlir vergisindən yayınmağın qanuni və qanunsuz yolları

Neft gəlirləri azaldıqca vergilər artır

Vergi ta qədimdən mövcuddur. İslam xilafəti zəkat adı ilə vergi toplayırdı. Fransa və İngiltərə inqilablarının mahiyyətində də vergi dayanırdı.

Tarix boyu   Azərbaycanda yaşayanlar da  dövlətin və hökumətin saxlanması üçün qazanclarının müəyyən hissəsini ayırmalı olurdular.  İkinci müstəqillik dönəmindən  vergilər birbaşa və dolayısı yolla yığılır. Əsasən fiziki şəxlərin gəlirindən, hüquqi şəxslərin mənfəətindən və sadələşdirilmiş vergi formasında ümumi dövriyyədən tutulan vəsait birbaşa vergilərdir. Dolayısı vergilərə isə aksizlər, dövlət və gömrük rüsumları və s. daxildir.

Doğrudur, son 10 ildə vergi toplanmasına  o qədər də əhəmiyyət verilmirdi. Çünki neft gəlirləri ilbəil artırdı və bu hesaba dövlət büdcəsini doldurmaq mümkün idi.  Lakin dünyada baş verən proseslər, xüsusən iqtisadi krizis, neftin qiymətinin kəskin ucuzlaşması vəziyyəti dəyişib. Çətin vəziyyətdə qalan hökumət büdcəni doldurmaq üçün indiyə qədər diqqət yetirmədiyi imkanları hərəkətə gətirib. Bu ildən Azərbaycanda bank əmanətləri, ev alqı-satqısı da ciddi vergiyə cəlb olunub. Qanunla bu, əvvəllər də mümkün idi, lakin əhaliyə güzəştə gedilirdi. İndi isə  hökumət ehtiyac üzündən bu addımı atmağa məcbur olub. Əgər mənzildə 3 ildən az yaşamısansa, indi onu satarkən vergi ödəməyə məcbursan. Amma vergi ödənişi zamanı bu illər ərzində evin təmirinə, o cümlədən ustaya çəkilən xərclər çıxılacaq, bir şərtlə ki, bunları təsdiqləyən rəsmi sənədlərin əlində olsun. Məsələn,  Avropada vergi ödənərkən tibbi xərclər, ipoteka ilə ev alınması, xeyriyyə tədbirinə vəsait ayrılması nəzərə alınır. Buna görə də hər işi qanunla görmək daha məsləhətlidir ki, sonda artıq vergi ödəməyəsən. Əslində heç bir hakimiyyət qanundankənar vergi toplaya bilməz.

 “Cəmi 3-4 ay işləyənə ilboyu necə maaş verək?”

“Biz daha çox layihələrlə işləyirik. Layihələrimiz isə 3-4 aydan artıq olmur. Bu müddətdə müxtəlif işlərin icrası ilə əlaqədar peşəkarları işə cəlb edir və əmək haqqı ödəyirik. Vergi İdarəsi  layihə bitəndən sonra işçi sayının  azalmasına yol vermir. Bizdən tələb edirlər ki, işləmədiyimiz aylar üçün də əmək haqqı hesablayaq, 14% gəlir vergisi ödəyək və DSMF-ya 25%  ayıraq. Heç bir əsas olmadan kameral vergi tətbiq edirlər, hesabımıza həbs qoyurlar”.

Ağdamda, təmas xəttində məcburi köçkünlərin maarifləndirilməsi ilə çalışan  “Regional Gender Mərkəzi” İctimai Birliyinin rəhbəri Şərqiyə Dadaşova belə deyir. Onun fikrincə,  Ərazi Vergilər İdarəsinin işçiləri müddətli əmək müqavilələrini nəzərə almadan, iş olmayan aylar üçün də işçiyə məvacib hesablanmasını və bunun müqabilində büdcəyə ödənişlər aparılmasını tələb edirlər: “Biz günlərlə, aylarla yazışırıq. Mən onlara izah edə bilmirəm ki, vəsait olmayanda biz könüllü kimi fəaliyyət göstəririk. Heç kimə də maaş yazmırıq. Adətən QHT-lər belə çalışırlar. Onlar isə deyirlər ki, bizə dəxli yoxdur, işçini işə götürmüsünüzsə, ciddi səbəb olmadan işdən çıxara bilməzsiniz, Təsəvvür edirsinizmi ki, 3-4 ay əvəzinə bir ilin vergisini, sosialını ödəmək nə deməkdir? Məcburuq cibimizdən ödəyək”.

“İşəgötürəndən lüzumsuz məlumatlar istənilir”

Oxşar problemlə başqa rayonların  vergi ödəyiciləri də üzləşiblər. DSMF Mingəçevir şöbəsinin aparıcı mütəxəssisi Ələmdar  Abdullayevin  dediyinə görə,  son vaxtlar  şöbədə 9 aylığın yekunu üzrə aparılan yoxlama zamanı DSMF-ya və vergiyə verilən hesabatlar arasında fərq olduğu iddia edilib: “Müfəttiş uzun bir siyahı təqdim etdi ki, bir çox təşkilatlara əmək haqqı ilə bağlı kameral vergi tətbiq olunub. Biz təşkilatları çağırırıq, məsələni aydınlaşdırmağa çalışırıq. Bir neçə təşkilatın nümayəndəsi vergiyə təqdim etdiyi  hesabatlarını gətirib. Məlum olur ki, bu rəqəmlər eynilə bizə də təqdim olunub. Bəs nədən fərq yaranıb? Vergi işçiləri fərqli rəqəmləri haradan götürüblər? Bu suallar həm bizi, həm də vergi ödəyicilərini ciddi narahat edir”.

Audit fəaliyyəti ilə məşğul olan Telman İsayev  deyir ki, bəzi vergi əməkdaşları  işəgörürəndən işçinin işdən çıxması ilə bağlı sənədləri-əmrin, şəxsiyyət vəsiqəsinin və sığorta şəhadətnaməsinin  surətlərini, işçinin telefon nömrəsini və digər əlaqə məlumatlarını tələb edirlər: “Bir müdətdir ki, əmək müqavilələri ƏƏSMN-nin internet resursunda qeydiyyatdan keçir. Burada işçi ilə bağlı bütün məlumatlar əksini tapır. Eyni zamanda onun işdən çıxmasının səbəbləri də göstərilir. Bu məlumatlara Vergilər Nazirliyinin də çıxışı var. Əslində bundan sonra internet resursundakı  məlumatları işəgötürəndən istəmək bir növ onu incitməkdir, lüzumsuz yazışmalar aparmaq, sağlam sahibkarlıq mühitinə zərbə vurmaqdır.  Ümid edirəm ki, Vergilər Nazirliyi işəgötürənlərin  fəaliyyətinə qanunsuz müdaxilə edən  əməkdaşları barədə ölçü götürəcəkdir”.

İşçiyə nə qədər əmək haqqı verilməlidir?

Son il yarımda sahibkarlarla vergi əməkdaşları arasında yaranan ciddi mübahisələrdən biri əmək haqqının məbləği ilə bağlıdır. Azərbaycan Prezidentinin sərəncamı ilə   2013-cü il sentyabrın 1-dən minimum aylıq əməkhaqqı məbləği 105 manat müəyyən edilib. Bu ildən yaşayış minimumu  əmək qabiliyyətli əhali üçün 140 manat,  ölkə üzrə birinci rübün orta aylıq əmək haqqısı isə 444,4 manat olub. “Yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma, minimum əmək haqqı isə iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Əmək Məcəlləsinin (ƏM) 177-ci bəndinə əsasən, orta əmək haqqı gündəlik əmək haqqının maaş düşdüyü iş günlərinin hasilinə bərabərdir.

ƏM-nin 155-ci maddəsinin müddəalarına əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Yəni kimsə bu məvaciblə işləməyə razıdırsa, sahibkar əmək müqaviləsi əsasında qarşı tərəfə həmin məbləği ödəməklə heç bir qanunsuzluğa yol vermir. Buna baxmayaraq, ilin əvvəlindən  bəzi vergi əməkdaşları təşkilarlara gələrək, sahibkarlardan razılaşma protokolunu imzalamağı tələb ediblər. Protokolun məğzi  budur ki, əmək haqqının ən azı  150,  bəzi təşkilatlar üzrə 200 və 250, hətta 300 manatdan aşağı hesablanması yolverilməzdir.  Şadlıq evlərindən birinin sahibi deyir ki, ayda 3-4 toyla vergi əməkdaşlarının tələb etdiyi  aylıq əmək haqqını ödəmək iqtidarında deyil:  “Gəlirlər, görürlər ki,  toy günündə 15-20 xidmətçi çalışır. Tələb edirlər ki, əmək müqaviləsi ilə onlara  200 manatdan aşağı maaş yazmayaq. Bu adamların hər toy üçün qazancı 10 manatdırsa,  niyə vergini və  sosialı da buna görə hesablamayım?”

Adının çəkilməsini istəməyən vergi əməkdaşı etiraf etdi ki, heç kimin işəgötürənlə işçi arasında bağlanmış müqaviləyə müdaxilə etməyə ixtiyarı çatmır, amma müəyyən hallarda  belə “müdaxilələr”  edilir: “Bu ona görə edilir ki, bir sıra vergi ödəyiciləri  “qara mühasibatlıqla” məşğuldurlar.  Məsələn, onlar sosial müdafiə ayırmalarından və gəlir vergisindən yayınmaq üçün əmək haqqını az məbləğdə rəsmiləşdirir, fərqi isə nəğd ödəyirlər. Araşdırma nəticəsində müəyyən etmişik ki,  faktiki 250-300 manat alan işçi maaş cədvəlində  2 dəfə az  məvacibə qol çəkir”.

“Hər ay xeyli vəsait hesabımda qala bilər”

“Təbii ki, əmək haqqı artdıqca, tutulan gəlir vergisi və sosial ödənişlər də artır. Əgər 105 manat üçün işəgötürən   23,1 manat, işçi isə 3,15 manat ödəyirsə, 300 manat olacağı təqdirdə bu rəqəmlər köklü şəkildə dəyişir. İşəgötürən 22% üçün 66 manat, işçi isə SMF-ya 9 AZN, gəlir vergisinə görə isə 42 manat  ödəmək zorunda qalır.

Sirr deyil ki, sahibkarlıq subyektlərində əmək haqqı işçi ilə işəgötürən arasında razılaşma üzrə həyata keçirilir, belə olan halda 105 manatın müqabilində işçisinə 101 manat 85 qəpik ödəməyə hazır olan sahibkar digər halda ziyana düşdüyü üçün ona daha az ödəyir, üstəlik sahibkarlığı inkişaf etdirmək üçün maliyyə vəsaiti tapa bilmir”.

Bu barədə danışan sahibkar Z.Məmmədovun  dediyinə görə, ona bir nəfərə 300 manat ödəməkdənsə, 3 nəfərin hər birinə gündə 3 saat iş üçün 105 manat ödəmək daha sərfəlidir: “Bu halda mənim işim daha yaxşı gedir. İşçi yorulmur, həm evinə çatır, həm işə. Bu halda mən SMF-ya çatacaq 25%-i ödəyəcəyəm, amma işçilərin əmək haqqından gəlir vergisi tutulmadığı üçün hər ay xeyli vəsait hesabımda qalacaq”.

Başqa işəgötürən isə  bu vergiləri ödəməmək üçün bütün işçilərimə VÖEN açdırdığını gizlətmir:  “Belə daha rahat işləyirəm, xərcim də qat-qat az çıxır”.

Qanun az vergi ödəməyə və ya ödəməməyə şərait yaradır

Vəkillər kollegiyasının üzvü, İJS hüquq firmasının idarəedici partnyoru Əkrəm Həsənovun  fikrincə, bu gün Azərbaycan qanunvericiliyinin  özü vergidən yayınmaq üçün kifayət qədər imkanlar yaradır: “Təsəvvür edin, vətəndaş əmək müqaviləsi ilə işə götürüldüyü halda əmək haqqı gəlirindən 14 %  vergi verir. Məsələn. ayda 2000 manat alırsa, bunun müqabilində 280 manat gəlir vergisi ödəyir. Üstəlik 60 manat da sosial müdafiəyə ayırır. Eyni zamanda təşkilat DSMF-ya 440 manat ödəməli olur. Amma həmin şəxs sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata durursa, bu halda sosiala 16 manat 80 qəpik (ayrı-ayrı şəhər və rayonlar üzrə bu rəqəm bir qədər fərqlidir) və vergiyə Bakıda 80, rayonlarda isə 40 manat ödəyir. Bununla da dövlət büdcəsinə catacaq külli miqdarda vəsait vergidən yayınır.  Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslər  divident gəliri üzrə vergini 10 faizdən, icarə vergisi üzrə 14 %-dən  cəmi 4 (Bakı şəhərində)  və  2 faizə (digər şəhər və rayonlarda)  endirmək imkanına malikdirlər. Yəni sadələşdirilmiş vergi gəlir vergisindən qanuni yolla yayınmaqdır”.

Müsahibimiz  onu da deyir ki,  MM-nin 106.3.1-ci maddəsinə əsasən SC səhmdarlarının ümumi yığıncağının qərarı ilə xalis mənfəət qanunvericiliklə və SC-nin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər: “MM-nin 104.1-ci maddədinə uyğun olaraq, səhmdarların ümumi yığıncağının qərarına əsasən SC səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Bu da divident gəliri vergisini ödəmədən mənfəətin bölüşdürülməsinə şərait yaradır. Belə bir imkanı isə AR-nin Konstitusiya Məhkəməsi yaradıb. KM-in Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddədinin şərh edilməsinə  dair” 7 dekabr 2011-ci il tarixli Qərarı ilə SC-nin xalis mənfəətinin nizamnamə kapitalının artırılması nəticəsində səhmdara məxsus olan artan nominal dəyəri divident kimi qiymətləndirmir və hesab edir ki, həmin artan nominal dəyərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı deyil. KM bunu belə əsaslandırır ki, həmin dəyər “səhmdara birbaşa və real maddi fayda gətirmir”. Eyni zamanda səhmlərin müəyyən hissəsi onların nominal dəyəri ilə geri alındığı halda ödənişlər VM-nin 13.2.15-ci maddəsinə uyğun olaraq, divident sayılmır. Bununla da dövlətə çatmalı olan vəsaitin səhmdarların arasında bölüşdürülməsinə münbit şərait yaranır”.

“Almaniyada da bir  çox varlı  insanlar gəlirlərini vergidən yayındırırlar”

GİZ-in layihə rəhbəri  Tomas Herrmannın dediyinə görə, heç kim xoşaxoşluqla vergi ödəmək istəmir: “Hər kəs dövlətin sosial imkanlarından faydalanmaq istəyir. Bu, Almaniyada da belədir. Almaniyada 2-ci dünya müharibəsindən sonra vergi sahəsində ciddi addımlar atılmasaydı, problemlər yaşanacaqdı. Bununla belə bir çox varlı  insanlar gəlirlərini vergidən yayındırırlar. Məsələn, onlar pullarını İsveç banklarında yatırırlar ki, bu yolla vergidən yayınsınlar. Almaniyada hər il 17 milyard avronun vergidən yayınması qeydə alınır. Amma son vaxtlar İsveçrə bankları bu informasiyaları Almaniyaya ötürürlər. Nəticədə Bavariya prezidenti məsuliyyətə cəlb olundu. Bizim qanunlara görə, Almaniya vətəndaşı harda pul qazanmasından asılı olmayaraq,  vergini verməyə borcludur”.

Azərbaycanda isə vəziyyət fərqlidir.  Son illərdə qəbul olunan bir sıra qanunlar  vergi ödəyicilərinə, xüsusən sahibkarlara vergidən yayınmaq  üçün münbit şərait yaradıb. Yeri gəlmişkən, 1 mart 2014-cü ildən  qüvvəyə minən  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu  dövlət orqanlarının və sahibkarların fəaliyyətini tənzimləyir.  Bir çox insanlar bu kimi qanunlardan,  vergi qanunvericiliyindəki boşluqlardan və imkanlardan ağıllı istifadə edərək, milyonçuya çevrilirlər.  Amma qanunsuz yolla vergidən yayınanları acı aqibət gözləyir. Onlar ömrü boyu qazandıqlarının hamısını bircə gündə itirib, dilənçiyə çevrilə bilərlər.

Şərhlər bağlıdır.