AktualMüsahibəSəhiyyə

Son iki ayda qoxu hissini itirən gənc xanım çarə yolunu xarici mediada axtarır

Müsahibimizin fikrincə, kiçik bir məqalə, bloq və ya sosial media postu təsəvvür belə edə bilməyəcəyiniz sayda insana motivasiya və ümid verə bilər

Görəsən dad və iybilmə olmadan yaşaya bilərikmi? Təbii ki, Allahın bizə verdiyi qabiliyyətləri heç birimiz itirmək istəməzdik. Kişilərlə müqayisədə dada və qoxuya daha həssas olan qadınları isə bu əvəzsiz keyfiyyətlərdən uzaq təsəvvür etmək ağlımıza da gəlmir.    

Çox təəssüf ki, həyatımızı dəyişən COVİD-19 insanların iy və dad bilmə hislərini də uzun müddətə zədələyirmiş. Baxmayaraq ki, həkimlər mövcud orqanların bir-iki həftəyə bərpa ediləcəyini bəyan edirlər, amma sosial şəbəkələrdə yayılan məlumata görə, fevral-mart aylarından bəri bu problemi yaşayanlar var. Bakı sakini, 23 yaşlı Aydan Abasquliyeva isə iki aydan artıqdır ki, iybilmə hissini itirməsindən əziyyət çəkir.

Xanımla müsahibəmizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

-COVİD-19 xəstəliyinə məruz qalmağınızı necə bildiniz?

-İki gün boyunca yüngül soyuqdəymə və boğazda qıcıqlanma hiss etdiyimə görə qripə qarşı dərmanlar içərək yenidən özümü normal hiss etməyə başlasam da, üçüncü gündə qəfildən iybilmə hissimin yoxa çıxdığını gördüm. Mediadan aldığım məlumatlardan bu tip halın daha çox COVID-19 virusu üçün xarakterik olduğunu bilirdim. Bu günə qədər isə iybilmə hissimlə bağlı hətta ən ağır qrip keçirdiyim zamanlarda belə heç bir problem yaşamadığım üçün nəyinsə yolunda getmədiyini dərhal anladım. 8 gün sonra koronavirus üçün test verdim və nəticə neqativ (yəni virus yoxdur) çıxdı. Bu halda burun-qulaq-boğaz həkiminə müraciət etdim, lakin o iybilmə hissimi itirməyim üçün heç bir səbəb aşkar etmədi. Eyni zamanda burunla bağlı əlavə kliniki simptomlarımın olmadığını və son günlərdə eyni problemlə bağlı bir çox pasientin ona müraciət etdiyini də nəzərə alaraq, iybilmə hissinin itməsini COVID-19 ilə əlaqələndirdi. Həkim dedi ki, sizi yoxlayanda artıq virus qalmaya bilərdi və ya test hər zaman düz göstərməyə bilir.

-Bu xəstəliyə tutulmaqdan qorxurdunuzmu?

-Səmimi desək, heç vaxt belə bir qorxum olmayıb, ta ki, özümdə yüngül soyuqdəymə və boğazımda cüzi narahatlıq hiss edənə qədər. Evdə yaşlı nənə və babamın olduğunu göz önünə alaraq, yuxarıda qeyd etdiyim yüngül simptomlara görə iki gün xeyli narahatlıq və qorxu hissi duydum.

-Müalicə prosesiniz harda və nə qədər çəkdi?

-Səhhətimdə heç bir narahatlıq olmadığından, iybilmə hissinin itməsini çıxmaq şərtilə, müalicə almadım. Həkimim isə iybilmənin geri qayıtması üçün bəzi vitaminlər və burun üçün spreydən başqa xüsusi bir müalicə olmadığını və zamanla düzələcəyini qeyd etdi.

-Mövcud xəstəlikdən iybilmə və dadbilmə hislərinin itirilməsinə və bunların tezliklə, bir-iki həftəyə bərpasına inanırdınızmı?

-Dadbilməmi itirməsəm də, iybilməmi itirdiyim ilk gün çox böyük qorxu və stres keçirdim. Tanıdığım COVID-19-a yoluxmuş insanlar bunun tez bir zamanda (bir-iki həftə ərzində) sağalacağını qeyd edirdilər. Lakin qoxubilmənin tamamilə itməsi elə bir hissdir ki, onun tez bir zamanda qayıdacağına, hər şeyin əvvəlki kimi olacağına inana bilmirdim. Çox təəssüf ki, elə də oldu.

-Dediniz ki, qoxubilmə hissiniz iki aydan artıqdır ki, itib və müalicəyə baxmayaraq, bərpa olunmur. Adətən proses uzun çəkəndə insanlar vahiməyə düşürlər. Sizdə necə oldu?

-Günün bəzi saatlarında ixtiyari qoxuları cüzi miqdarda və bir neçə saniyə ərzində hiss etməyə başlasam da, iybilməm iki aydan çoxdur ki, hələ tam bərpa olmur. Üzülərək qeyd edirəm ki, uzun çəkən bərpa prosesi mənim üçün çox stresli keçir. Vahimə, narahatlıq, qorxu, “panick attack” və depressiya kimi psixoloji maneələrlə davamlı olaraq qarşılaşıram.

-Sizcə COVİD-19-dan aldığı zərbədən iybilmə və dadbilmə hisslərini uzun müddətə itirənlər çoxdurmu? Həkimlər nə məsləhət bilirlər? Bəs başqa mütəxəssislər necə fikirləşirlər?

-Ətrafımda bir çox insanın tez bir müddətə hisslərini bərpa etdiyini müşahidə edir, bərpa prosesinin bu qədər ləng getdiyinin tək məndə olduğunu düşünürdüm. Bu hal məni daha da məyus edir və sağalmaqla bağlı ümidlərimi hər gün daha çox azalırdı. Bir gün YouTube-da ingilisdilli mütəxəssislərin iybilmə və dadbilmə hissi ilə bağlı videolarına baxarkən şərh hissəsində minlərlə insanın eynən mənim kimi bu problemlə üzləşdiyini gördüm. Sonra təsadüfən şərhlərin birində İngiltərənin “Abscent” adlı qeyri-kommersiya təşkilatının “Covid-19 Smell and Taste Loss” adlı qapalı Facebook qrupunun linkini gördüm. Qrupa üzv olarkən orada dünyanın müxtəlif ölkəsindən 5000-ə yaxın eyni problemi yaşayan insan gördüm və burada iybilməni məşq etmək üçün bir sıra texnikalar öyrəndim. Hansı ki, az da olsa öz xeyrini göstərə bildi və hələ də göstərir. Bu tip resursların, faydalı məqalələrin, sosial media qruplarının öz dilimizdə olmaması məni narahat edir. Düşünürəm ki, Azərbaycanda da iybilmə və dadbilməni uzunmüddət itirən və ciddi sıxıntı yaşayan kifayət qədər insan var və onlar bu resurslardan xəbərsizdirlər.

Həkimlər və mütəxəssislər ilk dəfədir ki, belə bir şeylə qarşılaşdıqlarını deyir və elə məhz bu səbəbdən də iybilmənin yoxa çıxmasının ömürlük ola biləcəyi ilə bağlı əllərində kifayət qədər məlumatın olmadığını qeyd edirlər. Onlar güman edirlər ki, bu problem gec-tez öz həllini tapacaq və hisslər geri qayıdacaq.

-Bu gün gərginlikdən xilas olmaq üçün hansı addımları atırsınız?

-“Covid-19 Smell and Taste Loss” Facebook qrupunda sağalma ilə bağlı postları yaddaşda saxlayıb, ümidsiz qaldığım anlarda təkrar oxuyuram. Həmçinin xarici saytlarda bu problemlə bağlı paylaşılan araşdırma məqalələrində iybilmənin nə zamansa qayıdacağı ilə bağlı məlumatlar oxumaq məni gərginlikdən az da olsa xilas edir. Həkimimin məsləhətinə qulaq asaraq, bu haqda çox düşünməməyə və başımı fərqli işlərlə qatmağa çalışdıqca səhhətimdə müəyyən irəliləyişlər hiss edə bilirəm.

-Biləndə ki, meydanda tək deyilsiniz, bu sizə  gərginlikdən qurtarmağa kömək etdimi?

-Az öncə qeyd etdiyim qapalı Facebook qrupunda 5000 insan görmək təbii ki, çox üzücü bir haldır. Nəzərə alsaq ki, hər kəs ingilis dilini bilmir və ya hər kəsin bu qrupdan xəbəri yoxdur, bu rəqəmin əslində dəfələrlə çox olduğunu da rahatlıqla deyə bilərik. Çox məyus oluram ki, bu qədər insan uzun müddət ərzində iybilmə və dadbilmə hisslərini hələ də bərpa edə bilməyib (aralarında fevral-mart aylarından bəri hələ də bu problemi yaşayanlar var). Lakin mənimlə eyni problemi yaşayan insanların əhatəsində olmaq, məsləhət almaq, təsəlli tapmaq və hətta bəzilərinin uğur hekayələrini görmək mənə çox təskinlik verdi. Bu hissləri itirməmiş insan məni başa düşə bilməz təbii ki… Elə buna görə də eyni problemlə üzləşən insanlarla əlaqə saxlamağı daha doğru addım hesab edirəm.

-Dünyada və Azərbaycanda  psixoloji baryerlərin yarılması üçün hansı imkanlar və resurslar var? Oxucularımızla daha nəyi bölüşmək istərdiniz?

-Azərbaycanda bu tip imkanlar və resurslar azlıq təşkil edir. İstər sosial media kanallarında, istərsə də Google axtarış sistemində COVİD-19-un səbəb olduğu psixoloji gərginliklər və maneələri aşmaq üçün təəssüf ki, yalnız sayılı qədər məlumat tapmaq mümkündür. Dünyada isə bu fərqlidir. İngilis dilini bilməyin yaratdığı imkanlar nəticəsində xarici xəbər saytlarını, xarici üzvləri olan cəmiyyətləri, xarici mütəxəssislərin iştirakı ilə keçirilən vebinarları daim izləyirəm və bir çox faydalı məlumatlar ala bilirəm. Mən oxucularınıza, ələlxüsus COVİD-19 sonrası iybilmə və dadbilmə hisslərinin itməsi kimi problemləri yaşayan insanlara səslənərək demək istərdim ki, daim aktiv olsunlar və öz təcrübələrini bölüşməkdən çəkinməsinlər. Kiçik bir məqalə, bloq və ya sosial media postu təsəvvür belə edə bilməyəcəyiniz sayda insana motivasiya və ümid verə bilər.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close