Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Binanın içi sizindir, çölü bizim”

Mayın 19-da Bakıda çoxsaylı insan ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra paytaxtda olduğu kimi, Mingəçevirdə də tezalışan maddələrlə üzlənmiş binalarda örtüklərin sökülməsinə başlanıb. Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, bununla əlaqədar İH başçısının birinci müavini İlham İsmayılovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb və ilkin araşdırma nəticəsində 10 binanın üzlüyünün sökülməsi qərara alınıb.
Təəssüf ki, İH-dən bundan başqa məlumat ala bilmədik. Həmin binaları üzləyən şirkətə nə qədər vəsait ödənildiyi, söküntü və yenidən üzlənmə işlərinə hansı miqdarda pul xərclənəcəyi barədə suallarımızı cavablandırmaq istəmədilər. Kür sahilindəki binada ekskursiya və səyahət xidməti göstərən yaşlı kişi işgörənlərlə bir neçə ay qabaqkı dialoqunu yada saldı: ”Dedim, ay oğul, balaca od düşsə, bu material əriyib, külə dönəcək, bizi də yandıracaq. Həm də daş bina nəfəs alır, üzünə çəkdiyiniz isə bizə nəfəs almağa imkan verməyəcək. Cavabı da bu oldu ki, ağsaqqal, deyəsən bekarsan, qoy işləyək”.
İndi şəhər sakinlərini həm də narahat edən odur ki, komissiyanın sökülməsini məsləhət bilmədiyi binaların üzlükləri nə dərəcədə oda davamlıdır. Axı elə bu məmurların “xeyir-duası” ilə tez alışan üzlükləri bizə sırımışdılar. Bəlkə də Bakıdakı faciə olmasaydı, evimizin çöl divarlarındakı “tonqaldan” hələ xəbərsiz idik.
Birinci mərtəbəsində yüzlərlə məktəblinin təhsil aldığı (3 saylı musiqi məktəbinin yerləşdiyi) 9 mərtəbəli bina üzlənəndə İH-nin məsul işçilərindən birinə dedim ki, mən razı olmaram ki, yaşadığım binanı üzləyəsiniz, həm də ordakı mənzillərin hamısı özəl mülkiyyətdədir. O da bildirdi ki, binanın içi sizindir, fasadı bizim, necə istəyirik, elə də edirik.
Bax, istədiklərini edə-edə faciəyə şərait yaratdılar. Allah Bakıdakı hadisədə dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin. Onlar diri-diri yanmaqla on minlərlə başqa insanın həyatını cəhənnəm əzabından qurtara bildilər. Bu, bizə dərs olacaqmı?

Şərhlər bağlıdır.