Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bölgə gəncləri incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlanacaq

Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil məktəblərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək

25

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil məktəblərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı çərçivəsində həyata keçirilir.
29 mart 2023-cü il tarixində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsünün açılış tədbiri keçirilb. Açılış nitqi zamanı Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova Education HUB-ın fəaliyyət istiqamətləri barədə məlumat verib. Təqaüd proqramının qalibi, layihə rəhbəri Orxan Məsimov təşəbbüs barədə ətraflı məlumat verərək növbəti aylardakı fəaliyyət istiqamətləri ilə tanış edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli bu cür təşəbbüslərin vacibliyini vurğulayaraq, agentliyin belə təşəbbüslərdə həmişə maraqlı olduğunu qeyd edib. Qəbələ Dövlət Peşə Təhsili mərkəzinin direktoru Qalib Nəbiyev və İsmayıllı Dövlət Peşə Təhsili mərkəzinin direktoru Cəlil Bağırov da çıxış edərək belə təşəbbüslərin tələbələrin social bacarıqlarının artırılmasına töhfə verdiyini və əmək bazarında rəqabətli olmalarına dəstək verəcəklərini qeyd ediblər.
Təşəbbüs zamanı hər 2 təhsil müəssisəsindən seçilmiş ümumilikdə 20 nəfər tələbəyə 2 ay müddətində layihələrin idarə edilməsi, yumşaq bacarıqlar, incəsənət alətləri mövzularında təlimlər təşkil olunacaq. Təlimləri uğurla başa çatdıran gənclər növbəti 5 ay müddətində öz təşəbbüslərini hazırlayaraq layihə icrasını həyata keçirəcəklər.
Təşəbbüslər üçün mentorluq dəstəyi təşkil ediləcək. 2023-cü ilin sentyabr ayında proqramın sonunda İsmayıllıda İcma təşəbbüsləri Festivalı keçiriləcək və toxum təşəbbüslər yerli ictimaiyyətə təqdim olunacaq.

Şərhlər bağlıdır.