Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Poçtxana, mən və KİVDF

İnanmasam da, şeytan məni aldatdı

Yanvar  ayının sonlarında KİVDF-nin yazı müsabiqəsi ilə bağlı elanına rast gələndə iştirak edib-etməməyim barədə xeyli düşündüm. Doğrusu, nə gizlədim, fondun müsabuqələrinin obyektivliyinə o qədər də inanmıram. Çünki bir-iki dəfə məqalə göndərmişdim, amma zəif, heç bir ekspert rəyinə əsaslanmayan, qəhrəmanı olmayan yazılara mükafat verildiyini görürdüm. Həm də anlamışdım ki, bu müsabiqədə qalibləri məqaləsinin  keyfiyyətinə görə deyil, imzasının kiməsə yaxınlığına, MÖVQEyinə görə seçirlər.

Amma, lənət şeytana, o məni aldatdı.    Fevral ayının sonlarında  çap olunan “Gender dünyasında xanımlarımızın yeri” (Bəylərin idarə etdiyi cəmiyyətdə bacarıqlı, istedadlı, ağıllı qadınların əksəriyyəti  imkanlarını, liderlik cəsarətlərini üzə çıxara bilmir. Amma problem bununla bitmir) sərlövhəli, 10359 işarəlik  məqaləmi  “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” sözləri ilə bitirərək, fonda yollamağa qərar verdim.

Qaydalar və şərtlər

Yazıların qəbul qaydaları ilə bir daha tanış odum:

“1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) – 1 nüsxə; 2. Yazının Elektron variantı (Arial (12) şriftində -CD diskdə) – 1 nüsxə; 3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə; 4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Bundan sonra tələb olunan sənədləri nəzərdən keçirdim:

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə); 2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə); 3. Şəxsiyyət vəsiqəsi və surəti;4.Şəxsi VÖEN və surəti; 5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Yazı hazır olan kimi

Tələb olunan sənədləri bir neçə saata hazırlaya bildim.  Bir gün öncə isə bankdan rekvizitlərim barədə 10 manata satılan arayışı ala bildiyimdən gözləməyə ehtiyac qalmadı. Bütün sənədləri A4 ölçülü zərfə yığıb, fevralın 25-də yollandım poçtxanaya-Mingəçevirin mərkəzi poçtuna.  1 manat 70 qəpik də burda ödəyib, qəbzimi aldım.

Martın 11-də müsabiqənin yekunu elan olundu, 12-də isə nəticələr KİVDF-nin səhifəsində yerləşdirildi. Adımı gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə  iştirakçıların siyahısında  görməyəndə təəccübləndim. Ağlıma gəldi ki, yəqin məktub martın 5-nə-yazı qəbulunun son tarixinə kimi fonda yetişməyib. Amma bu, mənə o qədər də inandırıcı görünmədi. Necə ola bilərdi ki, bizim göyə peyk çıxardan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçtxanası  Mingəçevirdən Bakıya məktubu 1 həftəyə çatdırmasın?  Az qalmışdım ki, poçtu məhkəməyə verim, gördüm ki, poçtalyon qapımı döyüb, cavab kağızını gətirib. Kağızın üzərindəki qeyddən məlum oldu ki,  martın 4-də məktubumu fondda alıblar. Amma ayın 5-nə qədər açıb-açmadıqlarını deyə bilmərəm.

“Şəxsən” sözündə dirənib qaldım

Müsabiqə şərtlərində bildirilirdi ki,  məqalələrin qəbulu 28 yanvar 2015-ci ildə başlayır və 5 mart 2015-ci il yazıları təqdim etmək üçün sonuncu tarixdir. Amma belə bir şərt də irəli sürülmüşdü:  “Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır”.

İndi bu “şəxsən” sözündə dirənib qalmışam. Yəni sənədi zərfə qoyub, öz adından kiməsə rəsmi dövlət poçtu ilə yollamaq şəxsən təqdim etmək kimi anlaşılırmı? Bizim indiyə qədər müxtəlif fərdlərə və təşkilatlara, o cümlədən Prezident Administrasiyasına  poçtla göndərdiyimiz məktublar şəxsən təqdim olunmuş sənədlər kimi qəbul olunub. Amma KİVDF-nin təcrübəsində  vəziyyət fərqlidir. Yəni məktub  o halda qəbul oluna bilər ki, onu “Mirzə Cəlilin  Novruzəlisi ilə” göndərməyəsən, ŞƏXSƏN özün aparıb təqdim edəsən.  Bu şərti pozduğum dan  “Poçt qutusu”na saldığım məktub  fonda çatsa da,   “ünvanına” yetişməyib.

Hökumət elektronlaşır

On iki ildir ki, Azərbaycan dövləti hökumətin elektronlaşmasına başlayıb. Məqsəd bütün dövlət və dövlətdən maliyyələşən  qurumların vətəndaşlarla münasibətlərini daha sivil formada qurmaqdır.  Hələ 17 fevral 2003-cü ildə ümummilli lider Heydər Əliyev  ölkəmizin inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb,  şəffaflığın təmin  olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait  yaradıb. Son illərdə Prezident İlham Əliyevin məsələyə ciddi əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması  nəticəsində ölkədə “elektron hökumət”in   yaradılması istiqamətində ciddi addımlar atılıb.  Belə ki,  “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in  inkişafına dair Dövlət Proqramı”,  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunub.

KİVDF  isə…

Son illər Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu sahədə təcrübəsi daha çox maraq kəsb edir. Şura bütün layihələri və hesabatları elektron formada qəbul edir. Yəni artıq kağız yığmaq yoxdur.   Hətta kənddə yaşayan QHT nümayəndəsi də şuradan maliyyə almaq istəyirsə, Bakıya gəlməli deyil, elə öz kəndindəki kompüterdən tələb olunan sənədləri elektron formada şuraya göndərməklə işini bitmiş hesab edir. Son illərdə yaranan Gənclər Fondu da layihələrin qəbulunu uzaqlığından, yaxınlığından asılı olmayaraq, hamıya əl çatası formada qəbul edir.

Bəs nədən informasiya resursları ilə işləyən, daha çox nümunə göstərməli olan KİFDF-də bunları etmirlər? İş o yerə çatıb ki, müsabiqədə qalib gələn yazıların linkini də səhifədə yerləşdirməyi “unudurlar”. Halbuki, dövlət vəsaiti hesabına ayrılan vəsaitin xərclənməsi barədə ictimaiyyətin məlumat almaq haqqı var.

 Ekspertlər bu qədər yazını necə oxuyur?

KİVDF-nin qiymətləndirmə meyarlarında  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;  ictimai maraqların müdafiəsi əsas götürülür. Lakin müsabiqədə qalib olmayanlar bu şərtlərə nə dərəcədə əməl etmədiklərini bilmək istəyirlər. Yəni əsaslandırılmış cavabı gözləyirlər.

Araşdıranda məlum olur ki,  martın 5-dən 10-dək bu qədər yazını (sonuncu müsabiqəyə  bizim yazımız istisna olmaqla, 54 KİV  tətəfindən 120  məqalə təqdim olunmuşdu)  oxuyub bitirmək praktiki cəhətdən mümkün deyil. Həmin məqalələri  KİVDF ekspertlərinin 4-5 günə  “qiymətləndirməsi”  Ginnessin Rekordlar Kitabına düşə bilər. Hətta jurnalistlər zarafatla deyirlər ki,  ekspertlər yazının bir adına baxırlar,  bir də müəllifin görünməyən imzasına.  Yeri gəlmişkən,  bizim də bir neçə dəfə iştirakçısı və qalibi olduğumuz  başqa təşkilatların müsabiqələrində  15-20 yazını qiymətləndirmək üçün ekspertlərə 2 aydan  artıq vaxt ayrılır.

 Bölgə mətbuatına diqqətsizlik

 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaranandan sonra təşəbbüslər fayda verdi, Mətbuatın İnkişafına Dövlət Konsepsiyası qəbul olundu. Konsepsiyanın əsas müddəalarından biri də bölgədəki müstəqil mətbuata müsabiqədənkənar yardım göstərilməsi idi. Ümid edirdik ki, KİVDF bu istiqamətdə  ciddi addımlar atacaq. Amma paytaxtdakı bir qrup qəzeti mütəmadi maliyyələşdirən fond bölgələrdə cəmi bir dəfə hər qəzetə min manatlıq avadanlıq verməklə,  arabir “yerli mətbiatın inkişafı” adı ilə 1-2 saatlıq toplantılar keçirmək və mühazirələr oxumaqla işini bitmiş hesab etdi. Halbuki  Bakıdan kənardakı şəhər  və rayonlardakı qəzetlərin poliqrafiya bazasına, reklam bazarına, peşəkarlıqlarını artırmaqla bağlı davamlı təlimlərə ciddi ehtiyacı var.  Onlar ayağa qalxmaq üçün fonddan uzun müddətə və faizsiz kredit də götürməyə hazırdırlar.

Neçə illər ərzində fondun xərclədiyi vəsaitdən bir manat  da geri qayıtmır. Belə şərait isə hazırda fonddan maliyyələşənləri ələbaxımlığa öyrədir.

Jurnalisti xərcə salmağa nə ehtiyac?

Bu gün istənilən KİV və jurnalistlə bağlı KİVDF-nin elektron bazasında (əgər varsa) bütün informasiyaları yerləşdirmək olar. Bu, o deməkdir ki, jurnalistdən hər dəfə eyni məzmunlu informasiyaları tələb etmək lüzumu aradan qaldırılar. Hətta bank hesabı barədə arayışı da yığışdırmaq mümkündür. Fond bunu özü əldə edə bilər. İndiki halda isə,  müsabiqəyə qatılan  hər bir şəxs bu bir səhifəlik arayışı almaq üçün banka 10 AZN ödəmək zorunda qalır (Bankların sadə bir arayış üçün bu qədər haqq alması başqa bir mövzunun söhbətidir). Üstəlik, məqaləni şəxsən təqdim etmək üçün rayonda yaşayan qəzet işçisinin  Bakıya gediş-gəlişi, yaşayış və gündəlik xərcləri ən azından 40-50 AZN-ə başa gəlir. Hələ mehmanxanda gecələyəsi olsa, bu xərc xeyli artır, çünki paytaxtda ucuz otel tapmaq da müşküldür.

Sivil dünyada jurnalist yazısının elektron variantını və linkini göndərməklə  çox asanlıqla müsabiqələrə qatıla bilir və bir qəpik də xərc çəkmir. Bəs bizdə niyə belə deyil?  Dövlət vəsaiti ilə maliyyələşən, amma elektron hökumətə qoşulmaq istəməyən KİVDF-nin şəffaflıqdan uzaqda durmaqda və qazancı az olan jurnalisti kağız-kuğuzlarla xərcə salmaqda görəsən məqsədi nədir? Başqalarını deyə bilmərəm, amma mən bu müsabiqəyə qatılmaqla  ŞƏXSƏN 11 manat 70 qəpik ziyana düşdüm.

Şərhlər bağlıdır.