Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2018-ci ildə Mingəçevir şəhərində sənayenin inkişafı haqqında

 

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 yanvar 2019-cu il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 95 olmuşdur ki, onlardan 43-ü 2018-ci ildə fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 43 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 14-ü və ya 32,6 faizi iri və orta sahibkarlıq subyekti, 29-i və ya 67,4 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2018-ci il ərzində şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 92,8 faiz təşkil etmişdir. 2018-ci il ərzində kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 303987,1 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2018-ci il ərzində dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 96,6 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,4 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,8 faizi malların (əmtəələrin) istehsalı, 3,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2018-ci il ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,6 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 3,3 faizi emal bölməsinin, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 353750,5 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1172,5 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2018-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 1,2 faiz və ya 14,5 min manat çoxdur. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 768,7 min manatını və ya 0,7 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2018-ci il ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun  95,1 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 289091,6 min manatlıq məhsul istehsal olunmuşdur. 2018-ci il ərzində ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 34,1 faizi və ya 7626,3 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 93,6 faizi istilik elektrik stansiyasının 6,4 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz və ya 834,8 milyon kvt.saat azdır. 2018-ci il ərzində 3,9 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz və ya 0,5 min Qkal azdır.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci il ərzində sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 20,2 faiz, emal bölməsində 7,3 faiz, mədənçıxarma bölməsində 59,8 faiz azalma, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 5,3 faiz artma  müşahidə olunmuşdur.

2018-ci il ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun 3,3 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 10060,1 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında, tikinti materiallarının istehsalında, hazır metal məmulatlarının istehsalı, elektrik avadanlıqlarının istehsalında, mebellərin istehsalında artım müşahidə edilmişdir. Bundan başqa qida məhsullarının istehsalında, toxuculuq sənayesində, geyim istehsalında, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalında, poliqrafiya məhsullarının istehsalında, rezin və plastik kütlə məmulatlarının istehsalında, kompyuter, elektron və optik məhsulların istehsalında, maşın və avadanlıqların istehsalında, maşın və avadanlıqların quraşdırılması və təmirində isə azalma  müşahidə edilmişdir.

İqtisadi fəaliyyət növlərinin təsnifatına görə sənaye müəssisələrinin işi cədvəldəki göstəricilərlə xarakterizə olunur.

Emal sənayesində ayrı-ayrı sahələr üzrə məhsul istehsalının xüsusi çəkisini diaqramdan görmək olar.

Emal sənayesində qida məhsullarının istehsalının xüsusi çəkisi 6,8 faiz, geyim istehsalının xüsusi çəkisi 1,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 7,6 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 11,9 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 23,3 faiz, hazır metal məmulatlarının istehsalının xüsusi çəkisi 1,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 10,8 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 25,4 faiz, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 10,3 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 0,2 faiz təşkil etmişdir.

2018-ci il ərzində cəmi istehsal edilmiş məhsulun 98,5 faizi iri və orta sənaye müəssisələrinin, 1,5 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2018-ci il ərzində iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 299440,9 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,0 faiz və ya 75031,6 min manat azdır. 2018-ci il ərzində iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 98,0 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 2,0 faizini təşkil etmişdir.   2018-ci il ərzində kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 4546,2 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz və ya 877,0 min manat çoxdur. 2018-ci il ərzində kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 91,9 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 8,1 faizini təşkil etmişdir.

2018-ci il ərzində sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz və ya 47 nəfər azalaraq 3295 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1830 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 55,5 faizini təşkil etmişdir. Emal sənayesində 613 nəfər və ya cəmi işçilərin 18,6 faizi məşğuldur. 2018-ci il ərzində dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı, elektrik avadanlıqlarının istehsalı, mebellərin istehsalı, buxar və kondisiyalanmış hava ilə təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Mədənçıxarma sənayesi, qida məhsullarının istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı, poliqrafiya məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı, hazır metal məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik enerjisinin istehsalı, onun ötürülməsi və bölüşdürülməsi sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2018-ci il ərzində sənayedə çalışan cəmi işçilərin 91,2 faizi iri və orta sənaye müəssisələrində, 8,8 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 724 nəfər, o cümlədən əlavə açılmış iş yerlərinə 67 nəfər işə qəbul edilmiş və 850 nəfər işdən çıxmışdır. 2018-ci il ərzində açılan yeni iş yerləri qeyri-dövlət sektorunda olan müəssisələrdə istifadəyə verilmişdir.

2018-ci il ərzində şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 359,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən  8,0 faiz və ya 26,6 manat çoxdur. 2018-ci il ərzində dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 384,4 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 223,2 manat olmuşdur.

Qrafik təsvirdən göründüyü kimi, orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 15,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 4,4 faiz çox, mədənçıxarma sənayesində   19,9 faiz, emal sənayesində 11,9 faiz azdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 105,9 manat və ya 29,5 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Şərhlər bağlıdır.