Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şairlər bir-birinə qohum olurlar

Avqustun 14-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) bir qrup nümayəndəsi Mingəçevir gəncləri və yazarlarıyla görüşüb. Yazarlar ədəbi mühitdəki problemləri müzakirə edib, söz söyləyıb, şeir oxuyublar.
Mingəçevir İcra Hakimiyyətinin məsul nümayəndəsi Rizvan Mikayıllı söz işığına toplaşanları salamlayıb: “Yazarlara tarixən böyük diqqət və qayğı olub. Mədəniyyət işçilərinə mükafatların və fəxri adların verilməsi də bu diqqətin nəticəsidir”.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir filialının üzvü, “Söz odası” qəzetinin baş redaktoru Elşən Əzim uzun illər Türkiyədə fəaliyyət göstərən DGTYB-lə iki ilə yaxın əməkdaşlıq etdiyi müddətdə birliyin ədəbi mühitin formalaşması, azərbaycanlı şairlərin əsərlərini yığıb kitab şəklində çap etdirməsi, aşıqların tanıdılması, mədəniyyətlə bağlı konfrans və simpoziumların keçirilməsində böyük rol oynadığını vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı təmsil etdiyi qurumun 14 illik fəaliyyəti dövründə əldə etdiyi uğurları diqqətə çatdırıb, Gənclər və İdman Nazirliyi ilə birgə reallaşdirdığı layihə haqqında məlumat verib: “Birliyimiz müxtəlif dövlətlərdə yaşayan azəri yazarları bir araya gətirən beynəlxalq qurumdur. Azərbaycanda yaradıcı insanların cəmləşdiyi birliklərin çoxu Bakıdadır. Düzdür, virtual aləmdə də fəaliyyət göstərən birliklər az deyil. Bizim məqsədimiz regionlarındakı istedadlı gənclərin birliyini təşkil etmək, onları üzə çıxarmaq, tanıtmaq və əsərlərindən ibarət almanax nəşr etdirməkdir. Yazıçının əsəri ümumxalq məhsuluna çevrilməlidir”.
Gənc sənətsevərlərin rastlaşdıqları problemlərin həllində onlara yardımçı olacağını deyən natiq belə görüşləri başqa bölgələrdə də keçirəcəyindən söz açıb: “Biz istəyirik ki, gənc yazarlar indidən yeni imzaları ilə oxucuların tənqidlərinə rast gəlsinlər, məhəbbətini qazansınlar, bərkə-boşa düşsünlər. İndidən yansınlar, indidən qovrulsunlar. Onların yaradıcılıq məhsulu doğrudan-doğruya yaradıcı olsun. Yeni nəslə-gənclərimizə, yeni imzalara güvənirik. Hesab edirik ki, onlar ədəbiyyatımızı olduğu yerdən daha irəlilərə aparmağa qadirdilər. Bax, bu arzu və ümidlərlə gəlmişik burdakı yazarların görüşünə”.
Əkbər Qoşalı şair Elşən Əzimi Dünya Gənc Türk Yazarlar Birliyinin Aran bölgəsi üzrə nümayəndəsi elan edib və ona fəaliyyətində uğurlar diləyib.
Yazıları mətbuat səhifələrində yer alan Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlının sözlərinə görə, çoxdandı Mingəçevirdə yazarları bir araya yığan məclis yox idi: “Oxucular tənbəlləşib, kitab oxumurlar. Yaxşı ki, internet saytlari var. Amma canlı ünsiyyət daha yaxşıdır.”.
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir, Sumqayıt, Ağdaş, Yevlax, Bərdə, Ağdam, Goranboy, filiallarının üzvləri Məhəmməd Nəbiyev, Fəxrəddin Əziz, Zümrüd Rəhimova, Xəyalə Mətin, İbrahim İlyaslı, İlqar Dumanlı, İldırım Əlişoğlu, Şahnaz xanım, Nadir Qədimli, İlham İsmixanoğlu, Eldəniz Cəfəroglu, Namiq Zaman, Zabil Təcnis, Aşıq Hikmət, İlqar Eloğlu, Elton Gursel, Elnur Baxış və gənc yazarlar şeirlərini oxuyublar.

Şərhlər bağlıdır.