“Şəhərdəki tibb müəssisələrinin binalarında əsaslı təmirə ciddi ehtiyac var” “Dövlət xəstəxana və poliklinikalarında xidmət tamamilə pulsuzdur” Bu fikirləri Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli sərəncamı ilə şəhər Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunan Yusif Hüseyn oğu Quliyev müxbirimizlə söhbətində deyib. Mərkəzi xəstəxananın baş həkimi Yusif Quliyev deyir ki, səhiyyə müəssisələrinin əksəriyyətinin yerləşdiyi binalar uzun müddət istismar edildiyindən bu binaların daxili kommunikasiya xətləri yararsız vəziyyətə düşüb: “Binalar istilik sistemi ilə təchiz edilməyib. Xüsusən Doğum evində isti və soyuq su problemi qalmaqdadır. Şəhərin bütün tibb müəssisələrinin əsaslı təmirinə, müasir inventar və tibbi avadanlıqlarla təmin olunmasına ciddi ehtiyac vardır. Poliklinikalarda sahə prinsipi, dispanserizasiya və şəhərin ümumtəhsil orta məktəblərində fəaliyyət göstərən tibbi məntəqələrin işləri gücləndirmək fikrindəyik. Çağırışların daha keyfiyyətli həlli, xəstələrin müayinə və müalicəsinin günün tələbləri səviyyəsində qurulması üçün üçün müasir tibbi avadanlıqlarla təchiz olunan yeni təcili tibbi yardım avtomobillərinin, yüksək həssaslıqlı tibbi avadanlıqların alınmasını planlaşdırırıq”. Yusif Quliyev1961-ci ildə Şəmkir rayonunda anadan olub. Orta məktəbi 1977-ci ildə bitirib və həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1984-88-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında həkim işləyib.1988-ci ildə müsabiqə yolu ilə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin reanimsya şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunub. Mingəçevirə gələnə qədər 25 il ərzində həmin institutda fəaliyyət göstərib. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmi dərəcə alıb. 1994-cü ildən əməliyyat blokunun poliklinika şöbəsinə rəhbərlik edib.Ailəlidir, həyat yoldaşı da həkim-alimdir, elmlər doktorudur.
Şərhlər bağlıdır.