Araşdırma

Estetika, moda və sanitar mədəniyyəti

Estetik zövqlər mədəniyyəti iqtisadi hesabatlara qurban verilir

Mingəçevir şəhərində zibil qablarının yerləşdirilməsində qeyri-səlislik hökm sürür. Şəhərin bəzi yerlərində zibil qablarının sayında və yerləşdirilməsində şərait yaxşı olsa da, əksər yerlərdə onlara demək olar ki, rast gəlinmir. Sanitar-təmizlik etalonu baxımından belə hal normal hesab oluna bilməz

“Görmək və anlamaq sevinci təbiətin ən gözəl nemətidir”

Estetika-incəsənətdə, təbiətdə, cəmiyyətdə olan gözəllik, zəriflik haqqında elmdir. Gözəllik- insanların yaratdıqları maddi nemətlərin, həmçinin səslərin, rənglərin, ifadələrin hissiyyata və dərrakəyə təsir edərək, insanlarda iftixara, fərəhə, heyrətə səbəb olmasıdır. Gözəllik aləmi-amillərin, həqiqi olayların sonsuz dərəcədə dərk və hiss olunma mühitidir. Qeyd olunmalıdır ki, gözəllik subyektiv anlayışdır.İnsan heyvanlardan fərqli olaraq, nəinki baxmaq və eşitmək, həmçinin rənglərin və səslərin gözəlliyinin ölçülərini; cizgilərini və harmoniyasını müşahidə etmək və dinləmək qabiliyyətinə malikdir. Dahi fizik A. Eynşteyn demişdir: “Görmək və anlamaq sevinci təbiətin ən gözəl nemətidir”. Estetik qavrama və dərketmə fiziki və psixiki sağlamlığın əsas gigiyenik amilidir.Dahi tarixçi, coğraf və etnoqraf L.Qumilyovun araşdırmalarına görə, müasir cəmiyyətin tarixi 15-20 min ildən artıq deyildir. 15-20 min ildən əvvəl insanları heyvanlardan fərqləndirən cəhətlər az idi: insanlar kortəbii formada həyat tərzi keçirir, mexaniki surətdə nə faydalı olduğunu müəyyən edirdilər. Zaman keçdikcə fikir bildirmək, həzz və zövq hissləri yaranmağa başladı.

Memarlıq görünüşü həmişə müzakirə obyektidir

Cəmiyyətdə iqtisadi durumun dəyişməsi, mədəni səviyyənin artması, təhsilin inkişafı, sanitar-gigiyenik və estetik normaların təşəkkül tapmasına yol açdı. Məqsədəuyğun hesab olunur ki, estetikanın, modanın və sanitar mədəniyyətin uzlaşmasını konkret məsələlər çərçivəsində araşdıraq.Şəhərsalma problemləri, ictimai və yaşayış binalarının memarlıq görünüşü həmişə müzakirə obyekti olmuşdur. Lakin binaların sanitar-gigiyenik problemi ilə çox az məşğul olunur. Layihələndirmə işlərində çoxlu səhvlərə yol verilir:
1) Ventilyasiya sisteminin quraşdırılmasında mükəmməllik pozulur;
2) İstinin və soyuğun qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilmir;
3) Ensiz pilləkanlar narahatçılıq törədir (qabaritli yüklərin daşınması zamanı, təcili tibbi çağırışların xərəklərinin daşınması zamanı);
4) Səs izolyasiya sistemindəki çatışmazlıqlar;
5) Sanitar qovşaqlarının qabaritlərinin lazımi qədər nəzərə alınmaması.

Estetik zövqlər mədəniyyəti iqtisadi hesabatlara qurban verilir

İnzibati və yaşayış binalarının tikintisi zamanı sanitar-gigiyenik tələblər və estetik zövqlər iqtisadi hesabatlara qurban verilir. Binaların daxili quruluşu insanlara sevinc bəxş etməli, estetik rahatlıq hissi oyatmalıdır.
Qədim keçmişdən məlumdur ki, qırmızı rəng qıcıqlandırır, yaşıl sakitləşdirir, qara sıxıntı yaradır, sarı yaxşı əhval ruhiyyə əmələ gəlməsinə səbəb olur. Rənglər əsəb sisteminə müxtəlif cür təsir edir. Alimlər binaların daxilində hansı rənglərin üstünlük təşkil edəcəyi problemi üzərində elmi-tədqiqat işləri aparırlar.
Mebel dedikdə, ilk növbədə rahatlıq, zövq və s. anlayışlar yadımıza düşür. Mebel rahatlıq bəxş etməli, estetik gözəllik və zəriflik duyğusu hiss etdirməli, gigiyenik olmalıdır. Deməli, mebel estetikanın, modanın və sanitar mədəniyyətinin bütün müsbət amillərini özündə əks etdirməlidir. Mebel ən əvvəl rahat olmalıdır.
Əks halda estetik zövqdən, sanitar mədəniyyətindən danışmağa dəyməz.

Sanitar təbliğatı nə dərəcədə effektlidir?

Yaşayış məntəqələri ərazilərinin məişət çirklənməsi əhalinin yaşayışı ilə, müəssisələrin fəaliyyəti, avtonəqliyyatın istismarı əlaqədardır. Bu isə sanitar mədəniyyətinə birbaşa təsir edir. Həyət və küçə ərazilərinin abadlığı sanitar həkimlərin və sanitar-təmizlik işçilərinin işindən, sanitar təbliğatının effektivliyindən, sakinlərin mədəni səviyyəsindən, təhsil ocaqlarında aparılan tərbiyə işinin vəziyyətindən asılıdır.
Sanitar mədəniyyətinə birbaşa təsir edən amillərdən biri də yaşayış məntəqələrində zibil qablarının olmasıdır.
Zibil qutuları iki növ olur:
a) Məişət tullantıları üçün olan zibil qabları (qutuları);
b) Parkyönümlü zibil qabları (qutuları).
Məişət tullantıları üçün olan zibil qabları ayrıca məqalənin mövzusudur.
Zibil qablarının (parkyönümlü) sayı və yerləşdirilməsi çox mühüm işdir. Məsələn, Mingəçevir şəhərində zibil qablarının yerləşdirilməsində qeyri-səlislik hökm sürür. Şəhərin bəzi yerlərində zibil qablarının sayında və yerləşdirilməsində şərait yaxşı olsa da, əksər yerlərdə onlara demək olar ki, rast gəlinmir. Sanitar-təmizlik etalonu baxımından belə hal normal hesab oluna bilməz.

Geyim nəyə xidmət edir?

Geyimin həm estetik zövqlə, həm moda, həm də sanitar mədəniyyəti ilə bağlılığı mövcuddur. Geyimin bir sıra təyinatları vardır: iqlim və meteoroloji amillərdən qorunmaq, mexaniki və kimyəvi təsirlərdən qorunmaq, çirklənmədən mühafizə olunmaq, həşəratların, sürünənlərin və s. heyvanların hücumundan müdafiə olunmaq.
Geyimin inkişafı istehsalın, iqtisadiyyatın və cəmiyyətin mədəni səviyyəsinin tərəqqisi ilə yanaşı baş vermişdir.
Rus dilinin izahlı lüğətində izahat verilmişdir: moda-hər hansı mühitdə zaman daxilində paltara, ayaq geyiminə, saç düzümünə, zinyət əşyalarına, mebelə, qab-qacağa, ev avadanlığına və s. aid olan vərdiş və zövqlərin kompleksinə deyilir. Moda obyektiv reallıqdır. Bəzi insanlarda moda deyiləndə paltar və ayaq geyimi başa düşülür. Əslində modalı dedikdə, gözəl və rahat olmalıdır. Bəzi qadınlar gündəlik həyatda çox uzun paltardan istifadə edirlər. Bu isə ictimai nəqliyyatda xeyli narahatlıq törədir.

Bəzən qadınlar reklam toruna düşürlər

Həddindən artıq modalı, yəni ifrat formada olmaq həvəskarları içərisində yazıçılara, şairlərə, musiqiçilərə, rəssamlara, aktyorlara və s. daha çox rast gəlinir. Bu onların azad sənət adamları olması ilə izah olunur. İqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə kosmetoloq, bərbər, dərzi, çəkməçi və zərgərlərin modanın yaranmasında əməkləri böyükdür. Modanın yayılmasında reklam aparıcı rol oynayır. Bəzi qadınlar estetik zövqləri olmadığı üçün reklam toruna düşərək, modalı geyinmək xatirinə təzə istehsal olunan paltar, ayaqqabı, zinyət əşyalarından istifadə etməyə başlayırlar. Belə adamların zövqü olmur, ona görə də onlar modanın qulları hesab olunur.

Təvazökarlıq insanı ucaldır

Bu məqamda sual meydana çıxır? Estetik zövq və moda, sanitar mədəniyyəti ilə necə uzlaşır? Vasitəli və vasitəsiz! Artıq təsdiq olunmuşdur ki, estetik qavranış fiziki və psixiki sağlamlığın saxlanılması və möhkəmləndirilməsində əsas gigiyenik amil hesab olunur. Lakin moda çox zaman estetik və sanitar-gigiyenik tələblərlə ziddiyət təşkil edir. Qadınlar kişilərə nisbətən modaya daha çox həvəs göstərirlər.
Estetik zövq moda ilə uzlaşmalıdır. Onlar isə öz növbəsində sanitar mədəniyyətinin qaydalarına əməl olunmasında əsas rol oynamalıdır.

Musiqi zövq verir, yoxsa əsəbləri korlayır?

İncəsənət növlərinin içərisində insana ən çox emosional təsir edən musiqidir. İnsanlar ondan əmək fəaliyyətində, istirahət zamanı lazımi təsir vasitəsi kimi istifadə etməlidirlər. Lakin son zamanlar gözəl harmonik musiqidən daha çox əsəb sistemini korlamağa qulluq edən musiqilər aşkarlanır. Deməli estetik zövqün zəifliyi, modadan kor-koranə istifadə edilməsi, sanitar mədəniyyətinin lazımi səviyyədə olmaması son nəticədə bayağılığa səbəb olur. Bu isə cəmiyyətdə qeyri-harmonik həyat səviyyəsinin yaranmasına əsas yaradır.

Afiq Hacıyev

Daha çox

Oxşar yazılar

Close