Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-hökumət münasibətləri hansı səviyyədədir?

Noyabrın 1-də Mingəçevir Gənclər Evində  “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyasına uyğun olaraq, dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin həll yolları ilə bağlı QHT layihələrinin hazırlanmasına dair məlumatlandırma sessiyası keçirilib. Tədbirdə Mingəçevirdə fəaliyyət göstərən QHT və media nümayəndələri iştirak ediblər.

Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev son illər vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında münasibətlərin yüksək mərhələyə daxil olduğundam,  əhalinin məlumatlandırılmasında QHT-lərin  tədbirlərinin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Həsən Səmədov  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqda ölkə başçısının 21 noyabr 2011-ci ildəki sərəncamını xatırladıb və konsepsiyanın müddəaları haqda ətraflı məlumat verib. O, bildirib ki,  Azərbaycanda  2700 QHT qeydiyyatdan keçib və onların xarici donor asılılığından qurtarmaq üçün  16 aprel 2008-ci ildən AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb.

H.Səmədov məlumat verib ki, bir neçə ildir ki, şura müraciətləri online qaydada qəbul edir:  “Müraciətlər qeydə alındıqdan sonra ekspertiza  dəyərləndirməsi  aparılır,  sonda yüksək bal toplayan layihələr maliyyələşdiriir. Şura 2016-ci ildə QHT layihələrini maliyyələşdirilməsiylə bağlı 3 müsabiqə keçirib. Birinci maliyyə müsabiqəsində  10 istiqamət üzrə 281 layihənin reallaşmasına 2,668400 manat vəsait ayrılıb. Ikinci maliyyə müsabiqəsinə 14 istiqamət üzrə 123 layihə dəstəklənib və QHT-lərə onların icrası üçün 1,243 min manat vəsait ödənib.

Üçüncü maliyyə müsabiqəsində isə 8 istiqamət seçilib. 83 QHT-nin layihəsi dəstəklənib. Onlara ayrılan məbləğ isə 657 min manat olub. Ümumi olaraq isə 2016-cı ildə 495 təşkilatın layihələrinə  4,641 min manat ayrılıb”.

H.Səmədov onu da deyib ki,  növbəti maliyyə müsabiqəsinin vaxtı dekabr ayında açıqlanacaq.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin   prezidenti Fərman Nəbiyev layihələrin icrası zamanı bəzi bölgələrdə rast gəldikləri problemlərə və digər məsələlərə diqqəti yönəldib: “Baxmayaraq ki, biz Prezident Administrasiyası və Ucar Rayon İcra Hakimiyyətinə məktub göndərmişdik, tədbirimizin keçirilməsinə yerli məmurlardan biri lazımi diqqət yetirməmişdi. Araşdırmadan sonra növbəti gün tədbirimizi keçirdik. Amma Mingəçevirlə bağlı birmənalı şəkildə deyə bilərəm ki, bizim şəhər İcra Hakimiyyətiylə normal münasibətlərimiz var. Tədbirlərlə bağlı biz onları məlumatlandırırıq, hətta tədbirin keçirilməsində bizə yardımçı olurlar. Bu şəhərdə hökumətlə qeyri-hökumət təşkilatları arasında heç bir problem yaşanmır, hər şey  sivil  qaydada yoluna qoyulur. Hətta “Çoxmənzilli binaların idarəolunmasında icma metodlarının təbliği”nə həsr olunan  sonuncu layihəmizə İqtisadiyyat Nazirliyinin və  İH-nin məsul nümayəndələri, Bələdiyyə başçısı da qatıldı”.

F.Nəbiyev QHT-media əlaqələrinə də toxunub:  “Layihələrin  icrası zamanı bəzi təşkilatlar  KİV-də məlumatların yerləşdirilməsi problemi ilə üzləşirlər. Məsələ bundadır ki, onlar press-relizlərinin yarımçıq və primitiv hazırlayırlar. Bəzən informasiyalar dağınıq olur. Bilinmir ki, tədbir harda, nə vaxt və kimin maliyyəsi ilə keçirilib. Jurnalistlərin yardımından istifadə edin. Çalışın mətbuatla bağlı ayrıca nümayəndə təyin edəsiniz”.

Milli QHT Forumu Mingəçevir  Regional Resurs Mərkəzinin direktoru Füzuli Əsədov mərkəzin əhatə etdiyi regionların əksəriyyətində QHT-lərin müstəqil fəaliyyətinə mane yaradıldığını deyib. Şəhər Veteranlar Təşkilatının nümayəndəsi Tahir Məmmədov,  GTM-in bölgə nümayəndəsi  Tural Kərimov, Sahibkarlar Konfederasiyasını təmsilçisi  Çingiz  Məmmədov, Debat Mərkəzinin rəhbəri Etiram Sadıqzadə və gənc fəal Nadir Nəbiyev mövzu  ətrafında  fikirlərini bölüşüblər.

Şərhlər bağlıdır.