Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yerli medianın problemləri Mingəçevirdə

16 iyun 2012-ci ildə Mingəçevir Media Mərkəzində Regional Media Birliyinin (RMB) növbəti toplantısı keçirilib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edib ki, məqsəd telekompaniya və qəzet bazarını inkişaf etdirməkdir: “Biz elə qurum formalaşdırmalıyıq ki, yerli medianın problemləri ilə məşğul olsun. Maraqlı bir ideya ilə dövlət orqanlarının qarşısında məsələ qaldıra bilərik. Bununla bağlı saytın yaradılmasına başlanıb. Onun birbaşa və virtual ünsiyyət imkanları ilə fərqlənməsi, həm də bölgələrdən idarə edilməsi üzərində fikirləşirik. Yəni informasiyaları sayta ölkənin cənub, qərb və şimal bölgələrində fəaliyyət göstərən media qurumlarının da daxil etməsi işi xeyli asanlaşdıracaq”.
Natiq onu da əlavə edib ki, regional media üçün reklam toplayacaq agentliyin yaradılması və bölgə jurnalistlərinin əməyini qiymətləndirmək üçün xüsusi mükafatların təsis edilməsi vacibdir: “Biz heç kəsə zorla və ya xahişlə kömək etməyəcəyik. Lakin hər kim özünü bu peşəyə həsr edir və ictimaiyyət üçün çalışırsa, ona köməyimizi əsirgəməyəcəyik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı son illər ərzində internetin kağız qəzetçiliyi sıxışdırmasından danışıb: “Qəzetlərdə şəkillərin keyfiyyəti o qədər də yaxşı olmur, saytda isə şəkilləri istədiyimiz keyfiyyətdə verə bilərək. Hal-hazırda qəzet və jurnallar öz məhsullarını PDF formatında satmağa çalışırlar. Problemlərdən biri də budur ki, bəzən yayım şirkətləri qəzetləri mətbuat köşklərinə paylamağı üzərlərinə götürmür, çünki maliyyə vəsaiti çox tələb olunur. Məsələn, qışda iki gün heç bir mətbuat yayımı işləmədi, havalar çox soyuq olduğundan heç kim işə gəlmirdi. Mətbəədə də çap üçün münasib temperatur +25 dərəcədən -8-ə düşmüşdü. Boyalar donduğundan rənglər qurumurdu. Buna görə də elektron qəzet versiyası daha əlverişli və ucuz başa gəlir”.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev reklam tapmaqda çətinlik çəkdiklərindən gileylənib: “Bir kiçik qəzetə hansısa böyük şirkətin reklam verməsi inandırıcı görünmür. Amma biz bir yerdə bu işi qursaq və reklamverənə də izah etsək ki, onun reklamı ölkənin əksər rayonlarında yayılacaq, o, bizimlə əməkdaşlığa gedəcək. Biz ictimaiyyət üçün işləyirik, ictimaiyyətə yaxşı və operativ xəbərlər lazımdır, reklamverənin isə bizim xəbərləri oxuyan geniş auditoriyaya ehtiyacı var”.
Yerli medianın problemləri MingəçevirdəYerli medianın problemləri Mingəçevirdə
F.Nəbiyev həm də onu əlavə edib ki, regionda çalışan media işçilərinə mükafatların verilməsi canlanmaya gətirimb çıxarardı.
“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayev çalışdığı KİV-də reklamın çox az olmasından danışıb: “Bunun əsas səbəbi tirajımızın az olması ilə bağlıdır. Buna görə də bizi reklamdan qıraqda saxlayırlar”.
“Kür” qəzetinin əməkdaşı Xanım Nəsibova iş adamları ilə normal münasibət qurduqlarından və kifayət qədər reklam əldə edə bildiklərindən bəhs edib.
ElTV kanalının nümayəndəsi İnqilab Şirinbəyli, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli, \”Region-Şəki\” qəzetinin baş redaktoru Baba Mirzəxanlı RMB-nin və onun internet səhifəsinin yaradılmasını müsbət qarşılayıblar. Onlar qeyd ediblər ki, RMB problemlərin həllinə yardımçı olacaq. O da vurğulanıb ki, region qəzetləri bölgələrdə respublika qəzetləri ilə müqayisədə ictimai rəyə daha çox təsir edir.
“Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun fikrincə, qəzetdə reklam əslində qəzetin reklamıdır: “Regionda baş verən hadisələrdən xəbərləri birinci çatdırmağa çalışırıq. Buna görə də qəzetimizdə az-çox reklam olur”.
Tədbirin sonunda regionda çalışan media işçilərinin mükafatlandırılması məsələsinin mexanizmi də müzakirə olunub.

Humay Məzahir qızı

Şərhlər bağlıdır.