Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qəzet müstəqil deyilsə, özünü tam ifadə etməyəcək”

191

30 iyun-1 iyul 2012-ci ildə Mingəçevir Media Mərkəzində Media Hüququ İnstitutu (MHİ) IREX-Azərbaycan təşkilatının maliyyə yardımı ilə “İfadə azadlığı” mövzusunda Mingəçevirdən və ətraf bölgələrdən olan jurnalist və bloqçular üçün 2 günlük təlim keçirdi. Məqsəd yeni bilgilərə yiyələnmək, məlumat almağın yollarını öyrənmək idi.

Salamlaşdıq, tanış olduq
Öncə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev iştirakçıları salamladı və sözü MHİ-nin nümayəndəsi Xalid Ağamalıyevə verdi. Xalid bəy isə tədbirin əslində həmkarların dost məclisi olduğunu bildirdi: “Bu 2 gündə çoxlu informasiya toplamaq olar”.
Daha sonra “Xəzər” televiziyasının proqram rəhbəri Qulu Məhərrəmli iştirakçılarla yaxından tanış oldu: “Bakıda sanki hər şey aydındı və biz Mingəçevirə üz tutmuşuq. Amma ifadə, söz azadlığı ilə bağlı problemlər Azərbaycanın hər yerində var”.

Şəkidə cəmi 60 nəfər qəzet alır…
Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli mətbuatın durumuna diqqəti yönəltdi. Ölkədə “Azərbaycan” qəzetinin yeganə rəsmi qəzet olduğunu bildirdi: “Digərləri isə qeyri-rəsmi qəzetlərdir. Qəzet müstəqil deyilsə o, özünü tam ifadə etməyəcək”.
Elə bu dəmdə F.Nəbiyev hamıya maraqlı bir sualla müraciət etdi: “Qəzeti niyə oxumalıyıq? Qəzet bizə niyə lazımdı?”
“Region Şəki” qəzetinin redaktoru Baba Mirzəxanlı vəziyyətin acınacaqlı olduğunu söylədi. Sən demə 180 min əhalisi olan Şəkidə cəmi 60 nəfər qəzet alırmış. Zeynal müəllim dərhal müdaxilə etdi: “İnsan olmaq hələ vətəndaş olmaq deyil, sizin dediyiniz o 60 nəfər əsl vətəndaşdı”.

Çay fasiləsi və…
Qulu müəllim çay fasiləsində gülümsəyərək, çox oxuyun dedi. Zeynal müəllim isə o qədər maraqlı danışırdı ki, bir kimsə gözlərini belə ondan ayırmaq istəmirdi.
Çay fasiləsindən dərhal sonra defamasiya və qaynaqların gizliliyi haqda məlumatlar verildi. Fərman müəllim qaynaqların gizli qalmasının vacib olduğunu nəzərə çatdırdı: “Mən məlumat qaynağımı açıqlaya bilmərəm. Açıqlasam, onun üçün problem yaradar, məlumat qaynağımı itirə bilərəm. Çünki o, mənin ehtiyat mənbəyimdir”.
ELTV-nin xəbər bloku üzrə müdiri İnqilab Şirinbəyli də bu fikirlərə qoşuldu: “Qaynaqların gizliliyi həqiqətən də önəmlidir”.

Növbəti gün…
1 iyulda tədbir günün yarısınadək davam etdi. Bu dəfə isə internet media, texniki aspektlər, internetin hüquqi tənzimlənməsi haqda danışıldı. Hətta internetin demokratiyada yeni bir dalğa olduğu bildirildi: “İnternet bizə şans verir, bizə informasiya toplamaq baxımından yardım edir”-Qulu müəllim belə dedi.

Təşəkkürlər və son…
Təəssüf ki, yekun vaxt gəldi. Hər kəs təşəkkürünü bildirdi. “Ağdaş” qəzetinin redaktoru Tofiq İsayev: “Mən 47 illik iş həyatımda bu gün yeni təcrübə qazandım. Çox sağ olun. Sizin kimi insanlardan təlim almaq bizə fəxrdir”.
Sonda təlimçilər sertifikatları təqdim etdilər və iştirakçılarla birgə xatirə şəkilləri çəkdirdilər.

Rufana Abdullazadə
“Mingəçevir işıqları” qəzeti nəzdində Jurnalistika Məktəbinin
dinləyicisi

Şərhlər bağlıdır.