Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mülksüz qalan qadınlar

“Keçmiş həyat yoldaşımı oldürsəydim…”

“20 ildi ömrüm məhkəmələrdə keçir. Qətnamələrin içində itmişəm. Yaşadığım mənzillə bağlı çıxarılan bütün qətnamələri yığıb Ali Məhkəməyə yollamışam. Ordan isə sənədləri Şəki Apellyasiya Məhkəməsinə gondəriblər. Hakim yenə keçmiş həyat yoldaşımın xeyrinə qərar çıxarıb.  Bu qədər depressiyada yaşamaq olarmı? Mən məhkəməsiz ömür sürmək istəyirəm. Yaşadığım dövrdə nəfsi şəxsiyyətinə qənim kəsilmiş məmurlar buna imkan vermir. Öz hüquqlarımı məmurlarımızdan satın ala bilmirəm. Vəkil tutmağa maddi imkanım yoxdur. Vəkilsiz də haqqımı tələb edə bilmirəm. 20 ildir sürünürəm. Keçmiş həyat yoldaşımı oldürsəydim, çoxdan 10 il həbs cəzamı çəkib çıxmışdım. Qalan 10 ili  də sərbəst yaşayardım”.

Bu fikirlər Mingəçevirdə yaşayan Zərinə Həbibovaya məxsusdur. O, 1988-ci ildə ailə qurub. Yaşar Muradov küçəsindəki 39 saylı evin 35-ci mənzilinə-qayınatasının adına olan evə gəlin köçüb, həmin mənzilə qeydiyyata düşüb. Bir neçə ildən sonra qayınata dünyasını dəyişib,  qayınana isə İcra Hakimiyyətinin sərəncamıyla mənzilin orderinin Zərinənin əri Həbibov Elşən Əsədulla oğlunun adına yazılmasına razılıq verib. Özü isə 2 oğlunu da götürüb, dədə-baba yurduna-Qazax rayonunu Çaylı kəndinə köçüb. 1994-cü ildə Zərinənin razılığı ilə mənzil Elşənin adına özəlləşdirilib. Bu mənzildə birgə nikahdan Həbibovların 3 övladı dünyaya gəlib.

“Oğlum qazanmayıb ki, həmin evi satsın”

İşlədiyi müəssisə fəaliyyətini dayandırandan sonra Elşən Həbibov ailəni saxlamaq üçün pul qazanmaq məqsədilə Rusiyaya yollanıb. İki dəfə qazancla qayıdan Elşənin üçüncü qayıdışı Zərinə üçün gözlənilməz olub. O, gətirdiyi QAZ-31 markalı maşını qaynına sataraq, əvəzinə Nizami küşəsində 2 otaqlı mənzil alıb və qeyri-rəsmi yaşadığı Rübabə Sadıqova ilə həmin mənzilə daşınıb. Zərinə Həbibova ərinin hərəkətindən prokurorluğa şikayət edəndə Elşən dərhal mənzili sataraq, “təzə arvadı” ilə Rusiyaya gedib.

Həbibova ondan boşanmaq və uşaqlara baxmaq üçün aliment almaq tələbi ilə məhkəmədə iddia qaldırıb. Axtarışda olan Elşən ölkəyə dönən kimi aliment vermədiyi üçün həbs olunub və cəzasını çəkib. Azadlığa çıxandan sonra o, keçmiş həyat yoldaşı və 3 övladı yaşayan mənzilin boşaldılması tələbiylə məhkəməyə müraciət edib. Zərinə xanımın dediyinə görə, keçmiş əri evi satıb, ona 20 min manat kompensasiya ödəmək adı ilə bunu etdiyini bildirib: “İndi bu pula heç bir otaqlı mənzil almaq da olmur. Bu mənzil atasından Elşənə, ondan da ata çörəyi yeməyən  uşaqlarına qalıb”.

Mənzilin boşaldılması ilə bağlı iddia dəfələrlə məhkəmə tərəfindən rədd edilsə də, Elşənin nümayəndələri məhkəmə çəkişmələrinə ara vermir. “Elə ay olmur ki, məhkəməyə çağırılmayım. Onun məqsədi bizi evdən çıxarıb, o qadınla orda yaşamaqdır. Bəs mən 3 uşaqla harda yaşamalıyam? II qrup əliləm, çətinliklə, ondan-bundan borc ala-ala 3 uşaq böyütmüşəm. Aldığım məvacib ancaq yeməyə bəs edir. Vəkil tutmağa pulum yoxdursa, elə məhkəmələrdə çürüməliyəm? ”

Elşənin anası Raya xanım isə mənzilin satılmasına və ya bölünməsinə razılıq vermir: “Mən mənzili oğluma vermişəm, onun da orda 3 balası yaşayır. Evi həyat yoldaşım alıb. Oğlum qazanmayıb ki, həmin evi satsın”.

 “Əksər qadınlar mülkiyyət hüququndan məhrumdurlar”

Bir çox ekspertlər mülkiyyətə sahib olmağı vətəndaş azadlığının, şəxsiyyətin müstəqilliyinin əsas göstəricisi hesab edirlər. Media və Demokratiya İnstitunun direktoru Mehriban Vəzirin qənaətinə görə, bu cəhətdən ötən əsrin əvvəllərində Azərbaycan qadınının vəziyyəti indikindən yaxşı idi. Belə ki, o dövrdə qadın daha çox xüsusi mülkiyyətə sahib idi və bu mülkiyyəti üzərində hüquqları tanınırdı: “Atanın mülkiyyəti övladlar arasında bölünürdü, amma ananın mülkiyyəti toxunulmaz sayılırdı. Heç kimin ona müdaxilə etməyə ixtiyarı çatmırdı, ana onu oğluna, gəlininə, hətta kimə istəsə verə bilərdi”.

Mehriban xanımın fikrincə, bu gün Azərbaycanda bütün mülkyyət müəyyən zümrənin əlindədir, onların 96%-i isə kişilərdir, qalan 4%-in də 95 %-i formal olaraq qadınlara məxsusdur, amma reallıqda qadınların ona əli çatmır.

İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədri Azər Mehdiyevin dediyinə görə, mövcud qanunvericilikdə də boşanma zamanı mülkiyyətin bölünməsi məsələsi var: “Məsələ ondadır ki, boşanan qadınlar qanunvericiliyin bu imkanlarından ya xəbərsizdirlər, ya da bu prosesdə yaxşı vəkillərə müraciət etmədiyindən həmin müddəalardan faydalana bilmirlər. Qanunvericilikdə dəyişikliklər təklifinə qaldıqda isə, evlənmə zamanı rəsmi nikahla yanaşı evlilik müqaviləsinin bağlanması və tərəflərin imzalamaları məsələsini qaldırmaq olar. Evlənmə zamanı tərəflər öz üzərinə öhdəliklər götürürlər. Belə müqavilədə mülkiyyətin bölünməsi və əlavə şərtlər ola bilər”.

“Qadınların da adını mülk sahibi kimi qeyd etmək mümkün idi”

Müstəqil hüquqşünas Sevinc Süleymanlının fikrincə, əgər cütlükdən biri nikahdan sonra mülkiyyətçi ilə istifadə hüququna dair muqavilə imzalayarsa, belə olan halda boşandıqdan sonra da həmin ünvanda yasaya bilər: “Əgər mülkiyyətçi onun mənzildən istifadə hüququnun ləğv olunmasini istəyərsə, o zaman məhkəməyə müraciət edib, kompensasiya ödəmək şərtilə istifadə hüququnun itirilməsinə və qeydiyyatdan çıxarılmasına nail ola bilər. Kompensasiya həmin evin səraitinə uyğun olan kirayəlik evin qiyməti ilə 5 il müddətinə hesablanir”.

İnsan Hüquqları və Qanunların Təbliği İB-in sədri Fikrət Cəfərli bu məsələ üzrə iki istiqamətdə iş aparılmalı olduğunu deyir:  “Birincisi, hazırkı qanunvericilikdə milli-mənəvi dəyərlərimizdən və milli adət-ənənələrimizdən irəli gələn nüanslar nəzərə alınmalıdır. İkincisi, ailə münasibətlərinə xitam verildikdən sonra evsiz qalan qadınlar üçün sığınacaqların yaradılması, onların müvəqqəti yaşayış yeri ilə təmin edilməsi vacib məsələdir”.

“Təmiz Dünya” Qadınlara Yardım İB-in sədri Mehriban Zeynalova deyir ki, birgə yaşayış dövründə hər hansı əşya alınırsa, o da bölünməlidir: “Təssüf ki, qadınlar 2000-ci ilə qədər olan və onlara da pay düşəcək əmlaklarını özəlləşmə prosesində əmlak sahibindən biri kimi özünü yox, notarial etibarnamə verməklə tək ərini əmlak sahibi kimi tanıtdilar. Halbuki bu vaxt qadınların da adını mülk sahibi kimi qeyd etmək mümkün idi. Lakin mövcud steriotiplər burda da öz rolunu oynadı. Bu gün də birgə evlilik dövründə qadın mülkün tikilməsində əziyyət cəkir, evin sahibi kişi olduğu üçün qadının əziyyəti nəzərə alınmır”.

“Nikah müddətində əldə edilən əmlak birgə mülkiyyət sayılır”

Hüquqşünas Pamil İskəndərli hesab edir ki, boşanmış qadınların mülkiyyətdən məhrum olması ilə bağlı problem mövcuddur: “Mülki qaydada nikahın qeydiyyatı və hətta nikah müqaviləsinin bağlanması qanunvericiliklə tənzimlənir. Nikah müqaviləsindən isə “adət-ənənəyə zidd olduğuna görə”, Azərbaycanda ümumiyyətlə heç kim istifadə etmir. Halbuki boşanma zamanı nikah müqaviləsində nəzərədə tutulan şərtlərə əməl etməklə istənilən mülki mübahisələri məhkəməsiz həll etmək olardı. Çıxış yolu kimi məhz zərərli adət-ənənənin aradan qaldırılması istiqamətində işlər görülməlidir.Yəni problemin kökü cəmiyyətin özündədir”.

“Femida” hüquq firmasının Prezidenti İlqar Qasımov deyir ki, sözü gedən mənzil vaxtilə  Elşənin atasının adında olsa da, sonradan digər ailə üzvlərinin mülkiyyətinə çevrilib: “Zərinə Həbibovanın işində mənzil sonradan İcra Hakimiyyətinin sərəncamıyla Elşən Həbibova verilib. Bu da o deməkdir ki, həmin ev ərlə-arvadın birgə mülkiyyəti sayılmalıdır. Çünki bu  müddətdə gəlin həmin evdə yaşayıb, mənzilin saxlanmasına və təmirinə pul xərcləyib, bundan sonra özəlləşdirilməsi prosesində iştirak edib. Hətta ev vərəsəlik qaydasında kişiyə çatsa da, xanımı həmin mənzilə birgə qazanclarından pul xərcləndiyini və bunun üçün ekspertiza keçirilməsini tələb edə bilər. Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Eyni zamanda nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir”.

“Məhkəmədən sonra əmlak bərabər surətdə bölünür”

Müstəqil hüquqşünas İnqilab Həsənov  deyir ki,  Azərbaycan SSR Mənzil Məcəlləsinə görə, evdə qeydiyyatda olan bütün şəxslərin mənzildən bərabər istifadə hüququ vardı: “Həmin məcəlləyə əsasən tərəflər boşananda mənzil ər və arvad arasında bölünürdü. Yəni 3 otaqlı mənzilin 1 otağı kişiyə, 2 otağı isə qadınla uşaqlara verilirdi. Amma 2009-cu il oktyabrın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mülkiyyətçinin üstün hüququnu tanıyıb. Yəni mülkiyyətçinin hüququ çatır ki, kiməsə qeydiyyat, yaşamaq hüququ versin, kimisə həmin mənzilin paylı mülkiyyətçisi etsin. O, öz mülkiyyətinin sahibidir. Amma 2001-ci ilin sentyabr ayında qəbul olunmuş Mülkü Məcəllədə nəzərdə tutulur ki, nikahdan sonra qazanılmış istənilən birgə əmlak tərəflərin  arasında bölünməlidir”.

Almaniyada yaşayan həmyerlimiz Malik Bayramov həmin ölkədə evlilikdən öncə tərəflərin notariat qaydada imzaladığı müqavilənin əhəmiyyətindən danışır: “Sözləşmə imzalanan zaman kim nəyə malikdir, hamisi siyahılaşdırılır. Hər bir ailə üzvünün özəl bank hesabı var və insanlar yaşamlarını sürürlər. Əgər tərəflər ayrılmağa qərar verərsə, münasibətlər müqaviləyə uyğun qurulur. Müqavilə yoxdursa və ya anlasilmazliq yaranarsa, evli cütlük problemi məhkəməyə müraciət etməklə həll edir. Məhkəmə araşdırır və qərardan sonra əmlak bərabər surətdə bölünür”.

Malik Bayramovun dediyinə görə, Almaniya dövləti vətəndaşının qayğısına qalır və yaşaması üçün bütün resurslardan istifadəsinə imkan yaradır: “Burda evsiz adam yoxdur. Orta əmək haqqı 1 saat üçün 8,5 evrodur. Aidiyyatı qurum ehtiyacı olan işsiz ailənin kirayələdiyi mənzilin pulunu ödəyir və bu, onlar iş tapana kimi davam edir. Kommunal xidmətlərdən isə yalnız enerji haqqını vətəndaş özü ödəməlidir. Azərbaycandan fərqli olaraq, Almaniyada qanunvericilikdə nəzərdə tutulan müddəalar məmurun vətəndası aldatmaması və vətəndaşın da öz növbəsində qanuna hörmətlə yanasmasi formasında hökm sürür”.

Şərhlər bağlıdır.