2020-ci ilin 22 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilib. Layihə çərçivəsində keçirilən ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.
Görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov “Peşəkarla görüş” layihəsinin məqsədi barədə danışıb və ilk görüşün “Gənclərin Karyera İnkişafı” mövzusuna həsr olunduğunu bildirib. B.Aslanbəylinin bioqrafiyası və uğur hekayəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verən Ş.Bayramov qonağı bu günlərdə BP şirkətində növbəti məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
B.Aslanbəyli MDU-nun 100-ə yaxın tələbə, magistrant və əməkdaşının iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib və “Gənclərin Karyera İnkişafı” mövzusunda nitq söyləyib. B.Aslanbəyli öz çıxışında gənclərin karyera inkişafının əsas xüsusiyyətləri, karyera planlaşdırılması zamanı diqqət yetirilməli olan vacib nüanslar, ixtisas seçimi, ali təhsil almağın önəmi, potensial imkanların düzgün qiymətləndirilməsi, sağlam ambisiyanın əhəmiyyəti və digər məsələlərə toxunub. B.Aslanbəyli tələbə-gənclərə xarici dillərin öyrənilməsi, rəqəmsal texnologiyaların mənimsənilməsi, innovativ yanaşmaların tətbiqi, milli və qlobal əmək bazarının reallıqlarından irəli gələn məsələlərə diqqət yetirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.
Sonra B.Aslanbəyli görüş iştirakçılarının uğur qazanmanın əsas amilləri, motivasiyanın inkişaf etdirilməsi, dördüncü sənaye inqilabından irəli gələn çağırışlar, süni intellektin əmək bazarına potensial təsirləri, gələcəyin müəllimlərinin diqqət yetirməli olduqları meyarlar, regionda yaşayan və təhsil alan gənclərin karyera inkişafı və digər mövzuları əhatə edən çoxsaylı suallarını cavablandırıb.
Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.
Qeyd edək ki, MDU tərəfindən icrasına start verilən “Peşəkarla görüş” adlı layihənin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Davamlı olaraq keçiriləcək görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər. Görüşlərə dəvət olunacaq qonaqların seçimi MDU-nun tələbə və müəllim kollektivinin rəyləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Layihənin regionda yerləşən və müasirləşmə yolunda olan MDU-da yeni dövrün tələblərinə uyğun ali təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verməsi nəzərdə tutulur.
Şərhlər bağlıdır.