Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Baxın, odur mənim viranə qalmış evim”

220

Səhər saat 7-radələrində avtobusla Bakıdan Naxçıvana yola düşdük. 6-7 saatlıq yolu düz 14 saata getməli olduq. Yol boyu ya maşın sıradan çıxır, ya da ki, gömrükdə növbə gözləməli olurduq. Amma bütün bunlara və yayın istisinə baxmayaraq, günün sonunda doğulub boya-başa çatdığım torpağa, yaxınlarıma qovuşacağım üçün sevincimin həddi-hüdüdu yox idi.
…İran sərhəddindən keçərkən sərnişinlərin hamısı gözünü Cəbrayıl torpaqlarına zillədi. Kiminsə öz yurd-yuvasına uzaqdan, həsrətlə baxması nə böyük faciə imiş… Bir vaxtlar əzəməti, şan-şöhrəti hər yana yayılan, indi isə sökülüb-tökülən Xudafərin korpüsünü nə qədər uzaqdan dayanıb həsrətlə seyr etməliyik? Bəs deyilmi?
Sanki torpaq bizi çağırırdı, qəmgindi… Elə bil Cəbrayıl dağları da öz vüqarını itirmişdi… Neçə illərdir “Gözün aydın Cəbrayıl, gözün aydın Xudafərin!” deyərək, həsrət çəkən torpaqlarımızı sevindirməyi arzulayırıq. Sanki Araz çayı da sökülüb-dağılmış Xudafərini dağıtmamaq üçün ehtiyatla axır, onu incitmək istəmirdi.
Biz körpüdən keçəndə bir maşının yol kənarında dayandığını gördük. Sürücümüz bəlkə köməyə ehtiyacları var deyə maşını saxladı. Biz də havamızı dəyişmək üçün maşından düşdük. Lakin gördüyümüz mənzərədən dəhşətə gəldik. 70-75 yaşında ağsaqqal anasından ayrı düşmüş körpə uşaq kimi göz yaşlarını tökürdü. Ona yaxınlaşaraq, nə baş verdiyini öyrənmək istədik. Biçarə baba dizlərini yerə qoyub hönkürtü ilə ağlaya-ağlaya: “Baxın, odur mənim viranə qalmış evim”- deyə, əli ilə yanmış və xarabaya çevrilmiş evlərdən birini bizə gostərdi. Qoca: “Allahım, nə olar, heç olmasa öləndə bu viranəyə qalmış evimdə ölüm”- deyə əlini göyə tutub yalvarırdı. Biz nə deyib onu sakitləşdirəcəyimizi belə bilmirdik, çünki hamımız çarəsiz idik.

Günay Movlayeva,
“Mingəçevir işıqları” qəzeti nəzdində Jurnalistika Məktəbinin dinləyicisi

Şərhlər bağlıdır.