Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Polis rəisi, prokuror, hakim, qərar verəndə tələsməyin…”

MDU-nun iclas salonunda keçirilən dinləmədə  İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova söhbətinə  ordumuzun aprel döyüşlərindəki qələbəsini yada salmaqla başlayıb: “Azərbaycanlıların böyük şücaətini, xalqla ordunun vəhdətini müşahidə etdik. Xüsusən şəhid qadınların və  anaların qürurunu gördük. Ölkə başçısının xanımı ilə birgə təmas xəttini qarış-qarış gəzməsi  bu insanlara ruh gətirdi. İnanın ki, sizin hər biriniz də gəlsəniz, döyüşçülər bağrına basardı”.

Azərbaycanda hərbi sənaye quruculuğundan, ordunun güclənməsindən danışan  E.Süleymanova deyib ki, əvvəllər danışıqlara gəlmək istəməyən erməni tərəfi gücümüzü görəndən sonra həvəslə  danışıqlara başlayıb: “Onlar bizim azad etdiyimiz torpaqları istəyirdilər. Adamdan soruşarlar: bu, sənin babanın, dədənin torpağıdır ki, geri istəyirsən? Biz zəbt olunmuş torpaqlarımızın bir hissəsini geri almışıq, nə qədər də şəhid vermişik”.

Ombudsmanın sözlərinə görə, başçılıq etdiyi qurum ildə 2 dəfə bütün rayonların əhalisi ilə görüşüb məsləhətləşmələr aparır: “Biz 500-ə qədər təklifi hökumətə təqdim etmişik. Onun 60 faizi təmin olunub, bir çoxu icraatdadır”.

E.Süleymanova Milli Fəaliyyət Proqramından, qanunvericiliyin təkmilləşdirilməsindən, müstəqillik dövründə 230-dan çox qanunun ratifikasiya edilməsi və buna müvafiq olaraq 100-dən çox qanun və normativ hüquqi aktın qəbul olunmasından da danışıb: “Əhalinin hüquqlarının müdafiəsi BMT-nin insan hüquqları üzrə Bəyannaməsində əksini tapıb. Yəni heç kimə qarşı ayrı-seçkilyə yol verilə bilməz”.

Boşanma, erkən nikah, məişət zorakılığı problemlərinə toxunan Ombudsman qeyd edib ki, hər bir ailə ilə fərdi işləmək lazmdır: “Hər bir narkoman özündən başqa 20 nəfəri zəhərləyir. Uşaqlardan muğayat olun. Polis rəisi, prokuror, hakim, qərar verəndə tələsməyin. İnsanlara imkan yaradın, iş yeri verin ki, az da olsa çörəklə gəlsin evinə. Həbsdən çıxana iş vermirlər, o da təkrar cinayət törədib, yenidən ora qayıdır. Heç kəs qonşusuna laqeyd yanaşmamalıdır. Bu işdə çox böyük ümidim var bələdiyyələrə. Bələdiyyələr kiçik ərazidə özünü idarəetmə orqanlarıdır. İlk bələdiyyə seçkilərində üzvlərin 4 faizi qadınlar idi. Bu gün 36 faizə çatıb”.

E.Süleymanova ermənilər tərəfindən dinc əhaliyə, o cümlədən qız və qadınlarımıza, uşaqlarımıza qarşı törədilən faciələrdən, qaçqın və köçkünlərin, məhbusların problemlərindən, humanist məqsədlə ölkə başçısı tərəfindən və onun xanımının təşəbbüsü ilə həyata keçirilən əfv və amnististisya aktlarından və digər  tədbirlərdən, korrupsiya hallarının qarşısının alınmasında “Asan xidmət”lərin faydasından danışıb: “Əvvəllər USY almaq üçün 17 arayış istəyirdilər. İndi 7-yə endirilib. Bu xidmətlər  “Asan”a verildikcə vəziyyət asanlaşır. İndi “Asan” 200-dən çox xidmət göstərir”.

İctimai dinləmədə ictimai iştirakçılıq,  elektron hökumət qurulması, hüquqi maarifləndirmənin əhəmiyyəti, sahibkarlıq subyektlərinə yoxlamalrın qadağan olunması kimi məsələlərə də aydınlıq gətirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əhalinin  hüquq və azadlıqları sahəsində şəhərdə görülən işlər barədə hesabat verib.

Nəriman Nərimanov küçəsindəki məhəllə komitəsinin sədri Qabil Alıyev  Ombudsmana sosial evlərin tikintisi və verilmə qaydaları ilə bağlı müraciət edib. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev dolların manata nisbətdə məzənnəsinin qalxması nəticəsində xarici valyuta ilə kredit götürənlərin ağır duruma düşməsindən sonra  problemin aradan qaldırılmasıyla bağlı hansı addımların atılması ilə maraqlanıb.  Qarabağ əlili Əliağa Bəndəliyev  deyib ki, birinci Qarabağ müharibəsi əlillərinə “qan pulu” kimi ayrılası vəsait uzun illərdən bəri ödənmir. Mingəçevir Bələdiyyəsinin hüquqşünası Ələsgər Məmmədli Yevlağın Havarlı Bələdiyyəsi tərəfindən Mingəçevirə məxsus torpaqların müxtəlif şəxslərə  verilməsi və  hətta həmin adamların Dövlət Reyestr Xidmətindən çıxarış əldə etməsindən danışıb. 7 saylı uşaq bağçasının müdiri Şəfəq Kərimova yeni qrupların açılmasına ehtiyac olduğunu qabardıb. DİİXİHİ Mingəçevir şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva ÜSY almaq istəyənlərin elektron ərizələrinə cavab verilməməsini nəzərə çatdırıb.

İctimai dinləmədən sonra Ombudsman fərdi müraciətlərə də baxıb.

Şərhlər bağlıdır.