Mingəçevir Turizm Kollecini bu il 500-dən artıq gənc bitirdi
Azərbaycanda Turizminıinkişafına ixtisaslı kadr hazırlığı ilə önəmli töhfə verən Mingəçevir Turizm Kollecinin kollektivi 24 iyun 2016-cı ildə onuncu dəfə məzunlarını yola saldı. Yüzlərlə gənc xüsusi geyimlərdə kollec meydanını bürüyərək, çətin və maraqlı təhsil illərinə “əlvida”, həyatlarının yeni dönəminə isə salam söyləmək üçün sevinc və fərəh içində bir araya gəldi. Təbriklərin, mahnı və rəqslərin müşayiəti ilə məzunlar ötən illər ərzində onların həyat yolunu elmin nuru ilə işqlandırmış doğma müəllimlərinin əhatəsində unudulmaz anlar yaşayıb təhsil illərinin yorğunluğunu çıxardı.
Bəli, bu gənc oğlan və qızların sevinib şadlanmağa yetərincə səbəbi vardı. Əvvəla ona görə ki, turizm sektorunun bu gün məhz onlar kimi mütəxəssislərə böyük ehtiyacı var. Turizm işinin təşkili, Reklam işi, Bələdçilik, Dizayn, Turist sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və zəmanə üçün zəruri hesab olunan digər ixtisaslar üzrə bir nüfuzlu təhsil ocağının tələbəsi və məzunu olmaq, razılaşın ki, böyük şərəfdir. O müəssisənin ki, sorağı Avropanın ən qabaqcıl məmləkətlərindən və həmin dövlətlərin elm-təhsil mərkəzlərindən gəlir. İllərdir ki, Turizm Kolleci Almaniya, Fransa , Rumıniya kimi ölkələrin ali təhsil müəssisələrinin qatıldığı böyük layilərin ən fəal iştirakçısı kimi müasir təlim metodlarını qavrayır və tədris prosesində uğurla tətbiq edir. Layihələrin ən üstün tərəflərindən biri də odur ki, bundan sonra kollec məzunları həmin ali məktəblərin ikinci, hətta üçüncü kurslarından təhsillərini davam etdirmək imkanı əldə edəcəklər. Ümumiyyətlə fəaliiyət göstərdiyi on il ərzində Mingəçevir Turizm Kolleci ixtisaslı mütəxəssis hazırlığı vəzifəsini layiqincə yerinə yetirməyə müyəssər olub. İndiyədək məzun adını qazanmış beş mindən artıq mütəxəssis hazırda uğurlu karyera yüksəlişini davam etdirir. Bu yaxınlarda Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev başda olmaqla çoxsaylı qonaqların iştirakı ilə baş tutmuş yubiley təntənələrində də bu barədə ətraflı söhbət açılaraq kollektivin ünvanına ən xoş sözlər söylənilib. Elə məzun tədbiri də istisna təşkil etmədi.
Təbrik nitqi ilə məzunlar, pedaqoq və valideynlərə üz tutan Turizm Kollecinin direktoru , iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da uğurlardan bəhs edərək kollektivin perspektivlərindən danışdı. Ünlü elm adamı karyera dönəmində yetirmələrinə yeni naliyyətlər arzuladı.
Məzun tədbiri ayrı-ayrı ixtisas qrupları üzrə məzunların xoş arzuları, şeir, mahnı və rəqsləri ilə yadda qaldı. Gənclər vida günündə belə istedadlarından yararlanıb , nəyə qadir olduqlarını hər kəsə nümayış etdirdilər. Havanın həddən artıq isti keçməsi də məzunların bayram coşqusuna mane ola bilmədi. Onlar fərdi çıxışlarında həm də ötən illər ərzində tələbələrin zəhmətini çəkmiş müəllimlərindən halallıq istədilər. Beləcə yubiley məzun tədbiri saatlarla davam etdi. Xatirə şəkilləri çəkdirildi, Yallı havası ilə dövrə vuruldu, coşqulu rəqslər ifa edildi. 500-dən artıq məzun Turizm Kollecini uğurla bitirərək, karyera dönəminə vəsiqə əldə etdi.
Şərhlər bağlıdır.