Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ölkəni tanımaq və tanıtmaq üçün

Fevralın 15-də  Mingəçevir Turizm Kollecində Zərdabi Mətbuat Mərkəzinin  yeni layihəsinin təqdimatı olub. Azərbaycan mediasında turizm mövzusu, mövcud durum və peşəkarlığın artırılmasından bəhs edən layihə barədə mərkəzin rəhbəri, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, ictimaiyyətin diqqətini turizm imkanlarına cəlb etmək, ölkəni tanımaq və tanıtmaq, bu istiqamətdə medianın gücündən maksimum istifadə etmək qarşıya məqsəd qoyulub: “Monitorinqini apardığımız 30-dan artıq aparıcı qəzetdə, 10 informasiya portalında turizm mövzusuna cəmi 0,2 % yer ayrıldığının şahidi olduq. Hələ biz bu materialların keyfiyyətindən danışmırıq. Halbuki qeyri-neft sektorunun əsas sahələrindən olan  turizmə diqqqətin artırılması ölkəyə və insanlara çox böyük mənfəət gətirə bilər”.

MTK-nın direktoru Əyyub Əyyubov  yeni layihənin onun rəhbərlik etdiyi təhsil ocağı ilə birgə gerçəkləşdirməsindən məmnunluğunu bildirib: “Bu tədbir həm də kollecimizin 10 illiyinə təsadüf edir. Bu dövrdə həm yerli, həm də resbublika  KİV-ləri turizm mövzusunda maraqlı yazılarını təqdim edəcəklər. Eyni zamanda Mingəçevirin təhsil müəssisələrində inşa yazı müsabiqəsinin keçirilməsini planlaşdırırıq. Elə bu salonda da qalibləri mükafatlandıracağıq ”.

Ə.Əyyubov deyib ki, Azərbaycanın bütün bölgələrinin turizm potensialı genişdir:  “Mingəçevirin yeri isə daha fərqlidir. Su idman növü üzrə Avropa Oyunlarının Mingəçevirdə keçirilməsi də təsadüfi deyil. Şəhərimizin gözəl havası, çimərliyi, müasir parkları və otelləri mövcuddur. Eyni zamanda  bölgədəki başqa istirahət məskənləri də Mingəçevirin yaxınlığındadır. Ümid edirəm ki, yeni başlanan layihə fəaliyyətimizə töhfə verəcək, Vətənimizi daha da sevdirməyə, Azərbaycanda turizmin inkişafına təsir göstərəcəkdir”.

MTK-da layihənin təqdimat mərasimində kollecin müəllimlərindən Əşrəf Əsgərov, Aynura Abbasova, Sevda Kərimova, Füzuli Sadıqov,  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir Televiziyasının müxbiri Ehtiram Muradlı arzu və təkliflərini bölüşüblər.  Onlar turizm müəssisələrində kollecin məzunlarının uğurla çalışdığı, MTK-nın 10 illik yubileyinə xüsusi dərgi hazırlanacağı, KİV-də monitorinqlərin davam etdirilməsinin vacibliyi, ev turizminə diqqətin artırılması və digər məsələlərdən danışıblar.  

Şərhlər bağlıdır.