Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dondurma dadı

Gözəl bir yaz günü idi. Hava bir az sərin idi. Çəmənlərin üzərində şeh damlası var idi. Uşaqlar çöldə qaçıb oynayırdı. Lakin belə bir havada o evdə otururdu. Niyə deyə soruşmayın! Çünki, bu uşaq tam bir ildir ki, “talassemiya” xəstəsidir. Bəli, siz də belə olacağını düşünmürdünüz. Sağalacağını demək asan olardı. Amma hələ xəstəlik yeni başlamışdı. Tezliklə sümük iliyi tapılmalı idi. Çünki hər an ölüm təhlükəsi ola bilərdi. Ona görə də cəld davranmaq lazım idi. O, hər gün yaşam savaşı verirdi. Üst-üstə hər gün ona yüzlərlə iynə-dərmanlar verilirdi. Onun müalicə olunduğu xəstəxanada eyni şeylər hər gün təkrarlanırdı: “Səhər iynəsi, Qumsal!”, “Axşam iynəsi, Qumsal!” … Yeri gəlmişkən, 9 yaşlı qəhrəmanımızın adı Qumsaldır.

Qumsal bu həyatdan bezmişdi. Sadəcə öz həyatını sakit və sərbəst yaşamaq idi onun arzusu. O, artıq başqaları tərəfindən yazıq kimi görünmək istəmirdi.

Anası və atası onu hər gün ziyarət edir, səhərdən axşama qədər yanında qalırdılar.Hər gün onun və talassemiyaya tutulmuş başqa uşaqların yanına müxtəlif geyimdə insanlar gəlir, hədiyyələr və yeni paltarlar gətirirdilər. Qumsal da həmin böyük və kiçik insanlar kimi olmaq istəyirdi. Ancaq xəstəliyi imkan vermirdi. Həyat ona dar gəlirdi. Çox vaxt içinə sığınıb ağlayırdı.

Xəstəxanada bütün gün uzanmaq məcburiyyətində olduğundan xəyal qurmağa vaxtı çox olurdu. Düşünürdü ki, buradan çıxan kimi dondurma yeməyə gedəcək. Bir il idi ki, dondurma yemirdi. Dadı yadından çıxmışdı. Çarəsizcəsinə pəncərədən çölə baxırdı.

Bu gün iyulun 21-i idi. Məktəbin açılmasına 2 aydan da az qalmışdı. O, məktəbə getmək istəyirdi. Dostları üçün darıxmışdı. Sevmədiyi uşaqlar üçün belə darıxmışdı. Hələ müəllimləri üçün lap çox darıxmışdı.

Dərd üstünə dərd qatlanırdı. Bu qədər dərdin üstündə sadəcə bir dost istəyirdi. Bir dost! Çox şey yox, sadəcə bir dost! Dost hər kəsdə olan bir şeydir! Dost insanların dərdinə şərik olur. O da dərdini bölüşəcək bir insan axtarırdı. Danışacağı və qaynaşacağı bir həmyaşıdı arzulayırdı. Bir gün anası ona dəftər almışdı və o da bu dəftərinə dostu ilə danışmaq istədiyi hər şeyi yazmışdı.

Günorta həkim ziyarətə gələcəkdi. Onu gözləyirdi. Həm son zamanlardakı vəziyyətini öyrənəcəkdi, həm də bir məsələni soruşacaqdı. Bu barədə heç kəslə danışmamışdı. İçəri səssiz idi.

Bir azdan həkim gəldi. İçəriyə girib, xəstəni müayinə etdi. Qumsal üzünü ona tutub: “Aişə bu gün çıxır! O gün də Fərid çıxdı. Bəs mən niyə çıxmıram? Buradan nə vaxt çıxacağam?”-deyə soruşdu.

Həkim:

-Yaxında səni də çıxarırıq. Bir həftəyə qardaşın dünyaya gəlməlidi…Onun iliyini sənə nəql edəcəyik! Yəni üç həftəyə buradan çıxırsan.

-Yəni artıq sevinə bilərəm?

-Bəli, sevinə bilərsən!

Qumsal bir il idi ki, belə sevinməmişdi. Onu bu hala gətirən inancı idi. Bir il boyunca hər gün sağalacağına inanmaqda idi. İndi xəyalı və inancı gerçəkləşirdi.

İki həftədən sonra Qumsalın qardaşı oldu. Adını Ümid qoydular. Qumsal kimi gözəl bir qızın elə özü kimi yaraşıqlı bir qardaşı oldu. O həm də bacısının ümidi idi…

Səhərisi gün Qumsal əməliyyat olası idi. Onu əməliyyata hazırladılar, yuxusunda ağ işıq görərsə, ora getməməsini dedilər. Bundan sonra onu yatızdırdılar.

Əməliyyat yolunda gedirdi, lakin birdən Qumsalın ürəyi dayandı. Nə qədər güclü əməliyyat şoku verilsə də ürək atmadı. Həkimlər artıq əllərini ondan üzmüşdülər. Onlar  əməliyyat otağından çıxıb,  qızın valideyinlərinə acı xəbəri vermək istəyirdilər. Lakin Qumsalın öz həkimi “ürək masajı”nı dayandırmaq fikrində deyildi. Birdən o, bütün xəstəxananı lərzəyə gətirəcək səslə çığırdı:

-Geri döndü! Əməliyyat davam edir!

…Qumsal oyandıqdan sonra həkimlər əməliyyat zamanı ondan nə gördüyünü soruşanda  qızcığaz qarşısına iki mələyin çıxdığını, əvvəl bir mələklə,  sonra isə digəri ilə getdiyini söylədi. Və bir həftə sonra xəstəxanadan buraxılan Qumsalı dondurma kafesində məktəbli yoldaşları gözləyirdi…

Şəbnəm Abdullazadə,

Mingəçevir Texniki-Humanitar liseyin 6-cı sinif şagirdi 

Şərhlər bağlıdır.