Bizimlə həyatınız həmişə işıqlı olacaq!

O GÜNLƏR HƏYATIMIN ƏN GÖZƏL SƏHİFƏLƏRİDİR

Bu sayımızda həmsöhbətim Ağdamda doğulub-böyümüş 80 yaşlı Züleyxa nənə oldu. Qəhrəmanımla müsahibəyə gedərkən yol boyu yaşlı qadına verəcəyim sualları götür-qoy edirdim, fikrimdə yataq şəraitində olan, arıq, cılız, üz-gözü qırışmış, hal- hərəkətsiz bir qoca canlanırdı.
Nəhayət, Mingəçevir kəndinə-Züleyxa nənənin evinə çatdıq. Qapını şən, şux, qədd-qamətli, çöhrəsindən nur tökülən, enerjili, şirin dilli (maşallah) Züleyxa xanım açdı. Soyuq hava, isti soba, təzə dəmli çay və nənənin şirin söhbətləri…

“Yoldaşımla mehriban, hörmət, sevgi ilə yaşamışıq”

-1934-cü ildə Ağdamın Gülablı kəndində doğulmuşam. 7 illik natamam orta təhsilimi başa vurub Ağdam Tibb Texnikumuna daxil oldum. 1955-ci ildə 3 illik tibb təhsilimi başa vurduqdan sonra Ağcabədinin Qaradolaq kəndinə təyinatımı verdilər. 1958-ci ildə ailə qurdum. 6 uşaq anasıyam. Yoldaşımla 42 il mehriban, hörmət, sevgi ilə yaşamışıq. Həyatımdan, ailəmdən narazı deyiləm. Şükür, yaxşı yaşamışam, dünyanın hər üzünü görmüşəm, pis günlərim də olub, yaxşısı da.
22 il Vərəm Dispanserində tibb bacısı işləmişəm. Səhər saat 9-da işə gedirdim, axşam qayıdırdım. Həm işimə, həm də ailəmə vaxtım çatırdı. O vaxtlar nə istəsən, dükandan rahat tapmaq olmurdu. Qabları, paltarı əlimdə yuyurdum, təndirdə çörək bişirirdim.

“Ər evindən qadının yalnız ölüsü çıxa bilərdi”

-Bugünkü cavanları görürəm, heç bir çətinliyə dözmək istəmir, hər şeyi hazır istəyirlər, toy sədası getməmiş boşanırlar. Bizim dövrümüzdə isə ər evindən qadının yalnız ölüsü çıxa bilərdi. Mən bu evi yoldaşımla çiyin-çiyinə verib, 60 manat maaşla düzəltmişəm. Bir-birimizə dayaq olduq, 1 otağı tikdik. 9 nəfər bu otaqda qalırdıq, sonra əkdiyimiz meyvə ağacları bar verdi, onları satıb digər otağı düzəltdik. Hər şey yavaş-yavaş düzəlir. İndiki dövrdə yaşamağa nə var ki? Biz müharibə gördük, qıtlıq oldu, cammat əyninə geyməyə paltar tapmırdı. Yenə də hamı can deyib can eşidirdi, hörmət də artıq idi, qohum-qardaş, qonşular da mehriban idi. İnsanlar bir birinin xeyrinə-şərinə yarayırdılar.

Ağdamda toy 3 gün, 3 gecə davam edərdi

-Uşaqlığım, gəncliyim Ağdamda keçib. Orda keçirilən toy məclislərini yaxşı xatırlayıram. İndi toyu 5 saata sığdırıb, bir az çalıb-oxuyurlar, vəssalam. Ağdamda toy 3 gün, 3 gecə davam davam edərdi. Aclıq idi, ölkəmiz müharibədən çıxmışdı. Amma heç kim kefindən qalmırdı. Toylar o qədər şən keçirdi ki… Kimin toyu olacağını qabaqcadan aşıqlar hündür yerlərə çıxıb zurna, nağara çalaraq elan edirdilər. Hamı bilirdi ki, filan vaxt filankəsin toyu olacaq. Daha dəvətnamə yazmaq, birini çağırıb o birinə deməmək olmurdu. Eşidən hər kəs toya gəlirdi. Toyda pul yazdırmırdılar. Amma şabaş paylayırdılar, oynayanların əlinə pul verirdilər. Ortada 1 nəfər əlində çubuq gəzir, camaatı oynamağa çağırırdı. Millət ürək dolusu yeyirdi, oynayırdı. əylənirdi. Gəlini atla gətirərdilər, üzünü qırmızı yaylıqla örtərdilər. Bəy isə toy axşamına qədər camaat içinə çıxmazdı, hətta gəlini də bəy özü yox, qardaşı və ya atası gətirərdi. Toy, yas evlərinə lazım olan bütün qab-qacaq, stol, stul, vedrə, qazan, çəngəl-bıçaq qonşulardan toplanardı. Onda kirayə xidməti nə gəzirdi ki… Adlı siyahı tutulardı, həmin siyahıda qaşıqdan, çömçədən, aşsüzəndən, kəfkirdən, stəkan-nəlbəkidən tutmuş mis qazana, samovardək bütün əşyaların sayı qeyd olunardı. Mərasimlər bitdikdən sonra həmin əşyalar tər-təmiz yuyulub, suya çəkiləndən sonra sahiblərinə qaytarılardı. Əgər şüşə qablardan qırılan, sınan olsaydı, qab sahibi deyərdi: sınan şeylər xeyirliyədi, təki sınan şüşə olsun, ürəyimiz sınmasın…

İndi bayramda kiminsə evinə çox papaq atılanda üz-gözünü turşudur

-O illərin toyları, yas məclisləri, Novruz bayramları başqa bir biçimdəydi, ayrı bir ovqatdaydı, pozulmaz bir axardaydı… Bayram günlərində mütləq təzə bir şey geyinib çıxardıq küçəyə. Yazıq anam bizə təzə corab və cib dəsmalı alardı…
Biz- kənd uşaqları Novruz bayramını əla keçirmək, gur tonqallar yandırmaq məqsədilə kəndlərə dağılardıq, çır-çırpı yığardıq. Novruzun çərşənbə axşamlarında bəhsə-bəhsə düşüb baxırdıq görək kimin tonqalı daha gur yanacaq, alov nə qədər daha çox üzüyuxarı millinəcək, kim hündür alovun üstündən tullanmağı bacaracaq. Çətənəli, küncütlü qovurğanın, dəmlənmiş plovun qoxusu bürüyərdi ilk bahar gecələrini… Yaxşı yadımdadır, axır çərşənbə axşamının səhəri saat 6-da dayım arvadı gəlib bizi səsləyərdi, “Ay qızlar, nəyə yatmısız, durun çay kənarına gedək”.

Kəndimizdə kəhriz də vardı, çay da

-Çayda –axarlı suda üzümüzü yuyardıq, sonra bizi üzüm tənəklərinin altından keçirərdi ki, bolluq-bərəkətlik olsun. Bayram axşamında “qodu-qodu” oyunları düzəldirdilər. Cavan oğlanlar qadın paltarları geyinib, üz-gözlərini bəzəyirdilər, həyətlərə, evlərə girirdilər, rəqs edib camaatı əyləndirirdilər. “Papaq atma” sevdiyimiz adətlərdən idi, qapı-qapı düşüb qoz-fındıq yığardıq papağımıza. Bu ənənənin mənası o idi ki, insanlar bişirdiklərini paylaşar, kasıb ailələrə əl tutardılar. İndi bayramda kiminsə evinə çox papaq atılanda üz-gözünü turşudur.
Axır çərşənbədə gənclərin çilə çıxartması da gözəl ənənələrdən idi. Həmin gecə cavan oğlanlar və qızlar yatmır, səhərə qədər deyib-gülürdülər və səhər tezdən hamı birlikdə günəşi qarşılayırdı. Bayram günü böyük ağaclardan yelləncək asılırdı, bütün gəlinlər, qızlar, uşaqlar təzə paltarlarını geyinib gedirdilər. Hamı yellənir, əylənirdi. Baxmayaraq ki, o dövrdə Rusiya hökuməti milli bayramları keçirməyi qadağan etmişdi, amma o vaxtlar məclislər, toylar daha daha təmtəraqlı- şən ovqatla keçirilirdi.

Ağdamla bağlı uşaqlıq xatirələri

-6 uşaq olmuşuq. Qardaşlarımla meşəyə odun yığmağa gedirdik, qarşımıza ayı da çıxıb, çaqqal da. Kənd uşaqları idik. Hər vəziyyətdən çıxış yolu tapırdıq. Qışda qar dizdən olurdu, yenə də dərsdən qalmırdıq, hamı məktəbə gedir, həvəslə oxuyurdu. Əlamətdar günlərdə aşıqlar boş evlərə yığılıb çalıb-oxuyurdular. Biz də rəqs edir, mahnı oxuyur- hərə öz məharətini göstərirdi. O günlər həyat kitabımın ən maraqlı, parlaq səhifələridir. Qayıt uşaqlığım, qayıt, bir anlıq..

Söhbətləşdi:
Aytən Kosayeva

Şərhlər bağlıdır.