Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Novruz gəlib, qapıdadır

Qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində “Ab, atəş, xak, badan yarandım” deyiblər. Yəni insan su, od, torpaq və yelə bağlıdır. Elə Novruza qədər qeyd etdiyimiz bayram çərşənbələri də bu ünsürlərlə əlaqələndirilir.

İslam dini Yaxın Şərq və Orta Asiyada yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin adət-ənənələrini, bayramlarını təqib etməyə başlasa da kökləri neçə min illiklərə uzanan Novruzu xalqların həyatından və məişətindən çıxara bilməyib. Hətta sovet hakimiyyəti illərində belə ən kasıbın evində bayram süfrəsi açılar, həyətlərdə tonqallar qalanar, yıryığış edilər, təmizlik işləri aparılardı.

Azərbaycan müstəqillik qazandıqdan sonra Novruz rəsmi bayramlar siyahısına salındı. Məhz bu bayramda insanlara daha çox istirahət verilir. Amma aramızda elə kasıb ailələr var ki, qazan asmağa imkanı yoxdur. Məhz bu bayramın özəlliyi paylaşmağı bacarmaqdır. Qonşu qonşuya, varlı kasıba əl tutmalı, ehtiyaclarının ödənməsinə yardımçı olmalıdır. Xüsusən tənha və ahıl insanları, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ailələrini sevindirmək mənəvi borcumuzdur. Gəlin, elə edək ki, heç kəs, bir nəfər belə kənarda qalmasın.

Ümid edirik ki, bu Novruz hamımız üçün düşərli olacaq. Bayramınız mübarək!

Şərhlər bağlıdır.