Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Narkomaniya düşkünləri potensial qurbanlarını azyaşlılar və gənclər arasında arayırlar

26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş tədbir Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə iş planına müvafiq olaraq gerçələşdirilib. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov narkomaniyanı bəşəriyyətin bəlası kimi xarakterizə edib. O bildirib ki, bu bəlaya qarşı  mübarizə təkcə rəsmi  dövlət qurumlarının və hüquq mühafizə orqanlarının xidmətləri ilə məhdudlaşmamalıdır: “Gənclər, tələbələr, gənclərlə daim ünsiyyətdə olan pedaqoqlar ayıq-sayıq olmalıdırlar. Statistika göstərir ki, narkomaniya  düşkünlərinin  sırası  ilbəil gəncləşir. O prosesə dırnaqarası ilham verən kriminal şəxslər gələcək potensial qurbanlarını azyaşlılar və gənclər arasında arayırlar. Ona görə də təhsil  kollektivlərinin üzərinə böyük məsuliyyət düşür”.

Narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən  video-çarxa baxışdan sonra məruzələr dinlənilib. Kollecin bədii kütləvi yaradııcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov,  direktor müavini Şahzadə Şükürova və pedaqoq Ağa Alıyev narkomaniya bəlası, narkotik vasitələr və onlardan istifadənin insan orqanizminə və taleyinə  mənfi təsirləri barədə danışıblar. Digər çıxışlarda kollecdə tədris ili boyu  gənclərlə bu məqsədlə həyata keçirilən proflaktik tədbirlər, gənclərin boş vaxtlarının səmərəli təşkili və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə atılan addımlar barədə söhbət açılıb.

Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərə üzünü tutaraq rastlaşdıqları, yaxud eşitdikləri şübhəli məqamlar barədə daim təhsil müəssisəsi rəhbərliyini və digər aidiyyatı qurumları məlumatlandırmağı xahiş edib: “Siz bununla narkomaniya ilə mübarizə prosesinə önəmli töfhə verə biləcəksiniz. Narkomaniyaya qarşı mübarizədə “mənlik deyil” düşüncəsi  ilə kənarda dayanmaq yolverilməzdir”.

Şərhlər bağlıdır.