AktualAzərbaycanCəmiyyətElm və təhsilOrta və ali təhsil

Müəllim başqa planetdən gəlib?

Mühit necədirsə, müəllim də elə olacaqdır.

Mənim əkdiyim toxumu yaxşı saxla, zəngin minerallar ver, tez cücərt, tez böyüt, -deyə  torpağa əmr etsəm bir işə yarayarmı?  Ya da xahiş etsəm, bunların baş verməsi mümkündürmü? Yəqin ki, yox! Bəs doğru olan nədir, nə edə bilərəm? Toxumu əkməmişdən qabaq həmin torpağın əkin üçün yararlı olub-olmadığını, növünü, ehtiyaclarını müəyyən edə bilərəm, torpağı münbitləşdirib sonra əkərəm. Bundan sonrası isə digər amillərdən asılı olacaq: toxumun sağlamlığından, hava şərtlərindən və qulluqdan. Deməli, əsas odur ki, doğru zamanı və məkanı seçə biləsən.

Bu vəziyyət bir çox hallar üçün də doğrudur. Məsələn, son dövrlər müəllim peşəsi ən çox sorğulanan, sınanan, yoxlanılan və hələ də yoxlamalara məruz qoyulan peşədir. Çoxları isə başlayıb  müəllim üçün meyarlar və tələblər yaratmağa: müəllim bilikli, yaradıcı, vicdanlı, yüksək səviyyəli olmalıdır, şagirdləri təmənnasız sevməlidir, öyrətməlidir, şəxsiyyət olmasına çalışmalıdır və sair və ilaxır. Ay yoldaşlar, vətəndaşlar, məgər müəllimlər başqa planetdən gəliblər? Mühit necədirsə, müəllim də elə olacaqdır. Əgər müəllimin davranışını, biliyini, şagirdi öyrətməyini bəyənmirsinizsə, deməli əvvəlcə mühiti dəyişməlisiniz. Həmin mühitdə yetişən müəllim də o cəmiyyətə uyğun şagird yetişdirəcək, bu qədər sadə. Müəllimi yüksək tələblərlə sıxışdırmaqla, dönə-dönə imtahan etməklə,  nə müəllimin, nə də təhsilin keyfiyyəti artmayacaq. Sanki hamı işini əla yerinə yetirir, hamı məsuliyyətlidir, hamı bacarıqlıdır, bir tək müəllimlər işini bilmir, nə də yerinə yetirmir? Məncə, hər kəs özündən başlasa daha ədalətli olar. Unutmayın ki, biz-hamımız eyni cəmiyyətdə yaşayırıq.

Dərslik yazan yoldaşlar, dərslikləri məlumatla doldurmaqla uşaqlar bilikli olmayacaq, uzaq başı yüzlərlə test əzbərləyəcəklər. Gəlin reallıqlara yaxşı-yaxşı baxaq, onu düzgün qiymətləndirək. Hirsimizi bir-birimizdən çıxarmayaq. Bacardığımız qədər cəmiyyətin sağlam, normal olmağına çalışaq. Bunun üçün isə, bir-birimizə qarşı dürüst olaq, hörmətlə davranaq, dəyər verək, etibar qazanaq. Bir-birini aldadan, kələk gələn, bir loxma çörək naminə vəzifəli adamlara yaltaqlananlardan nəinki cəmiyyət, heç adam olmaz. Bu dünyada, bu ölkədə, hər bir insanın, hər bir vətəndaşın bacara bildiyi bir iş mütləq vardır. Yaxşı ideyalara yox, ancaq pul qazanmaq üçün vəzifələrə can atmaq, özünü kabinetə həbs edib, qarnı üçün çalışmaqdır. Məgər insan olmaq budurmu? Yaxşı ideyalar isə bizi gec-tez yüksək səviyyələrə gətirib çıxarda bilər.

Mehparə Rəhimqızı            10.08.2020 Mingəçevir

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close