Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “III Bahar” Festivalı keçirilib

Dekabrın 20-də Mingəçevirdə H.Əliyev Fondunun Regional Inkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “III Bahar” Festivalı keçirilib. Uzun illər Mingəçevirin təhsil sahəsində məsul vəzifələrdə çalışmış, indi isə təqaüddə olan Validə Əlizadə tədbirlə bağlı qonaqlara və media nümayəndələrinə məlumat verib. O, deyib ki, 2019-ci ilin sosial layihələrin qalibi kimi dəyərləndirilən layihə iki günü əhatə edir. Birinci gün Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindən start götürən festival dekabrın 21-də Bakı şəhərində, Nizami kinoteatrında daha möhtəşəm şəkildə keçiriləcək: “Nizami kinoteatrı biz ahılların gənclik məkanıdır. Ali məktəb tələbələri olarkən hamımız həmin məkanda filmlərə baxardıq. O nostalji hissləri bizə təkrar yaşatmaq üçün tədbir orada keçiriləcək”.
Validə xanım onu da qeyd edib ki, üç il əvvəl dekabr ayında “III Bahar” təşəbbüs qrupu yaranıb və bu qrup “III Bahar” İctimai Birliyinə çevrilib.  Artıq bu ictimai birliyin üzvlərinin sayı 2000-dən çoxdur. Birliyin məqsədi ahıl yaşlı insanları bir araya toplayıb, onların asudə vaxtının səmərəli təşkil etməkdir. Bunun üçün maarifləndirici tədbirlərlə yanaşı yaradıçı dərnəklər təşkil edilir. Təşkilatın xətti ilə “Yaşa” Mərkəzində ahıllar üçün rəqs terapiyası, toxuma, applikasiya, rəsm, yumşaq oyuncaqların hazırlanması və s. kimi müxtəlif səpkidə dərnəklər fəaliyyət göstərir: “Mən ora gedəndən sonra özümə çox dost və rəfiqə qazandım və başa düşdüm ki, mən ünsiyyət istəyirəm. Bizə bu yaşda bir az diqqət, bir az sevgi, ailəmizin qayğısı, xoş ünsiyyət və gözəl münasibət lazımdır. Bəzən övladların öz ailə qayğılarına başı qarışır və gündə bir dəfə bizi yada salırlar. Amma biz dərnəklərdə yaşıdlarımızla görüşəndə mənəvi qida alırıq”.
Tədbir boyu Mingəçevir ahılları gənclik xatirələrindən danışıb, maraqlı məqamlara toxunublar. Mingəçevir qurucusu Qəşəm İsmayılov, keçmiş mədəniyyət işçisi Ağagül Əliyev, respublikanın Xalq artisti Ella Yaqubova, şairə Bəsti Bərdəli, təhsil işçilərindən Kifayət Əliyeva, Zemfira Əzizova və başqaları maraqlı əhvalatlar danışıb, mahnı oxuyub, şeir söyləyib, rəqs ediblər. “Sevinc” rəqs qrupu tədbir boyu rəngarəng rəqs nümunələri ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Şərhlər bağlıdır.