Mingəçevirin təhsil ocaqarında qidalanma ilə bağlı ciddi pozuntular aşkar edilib
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Mingəçevir şəhərinin təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartının tətbiqi vəziyyətini öyrənmək məqsədilə reydlərə başlayıb. Yoxlamalar zamanı ortaya çıxan məqamlar heç də ürək açan olmayıb. Yoxlama öncə şəhərin 5 saylı “Arzu” uşaq bağcasında və 12 saylı sanatoriya tipli “Şəfa” uşaq müəssisəsində aparılıb. Hər iki məktəbəqədər tərbiyə müəssisəsində sanitar norma və qaydaların pozuntusu, mətbəxdə qida keyfiyyətinə qoyulan tələblərdən kənar məhsulların istifadəsi, məhsulların saxlanma şəraitinin uyğunsuzluğu müşahidə olunub.
Araşdırma zamanı uşaq bağçalarında qidalanma ilə bağlı milli standartın tələblərinə riayət olunmadığı məlum olub. Orada uşaqların gündəlik qidalanması üçün tələb olunan menyunun tərtib edilmədiyi, mətbəxdə, eləcə məhsulların saxlanıldığı anbarda sanitar qaydalara əməl olunmadığı, məhsulların saxlanılmasında qonşuluq prinsipinin pozulduğu aşkarlanıb.
Komitə əməkdaşları uşaqların sayı ilə qida məhsullarının qeydiyyatı jurnalındakı rəqəmlər arasında uyğunsuzluğu da aşkar ediblər. Hər iki bağçada uşaqlara yeməyin yataq otağında verildiyi məlum olub ki, bu da norma və tələblərə uyğun deyil.
Hər iki uşaq bağçasında istifadə edilən ərzaq məhsullarının mənşəyinin məlum olmadığı da üzə çıxıb. Onların haradan və necə əldə etdilməsi barədə heç bir sənəd təqdim edilməyib.
Araşdırma zamanı uşaqlara xidmət göstərən işçilərin lazımı geyim formasından istifadə etmədikləri, eyni zamanda uşaq bağçalarında istilik sisteminin və isti suyun olmaması, kortəbii şəkildə çəkilən elektrik naqillərinin üstü açıq vəziyyətdə istifadə edilməsi və ən əsası isə bağça binalarının qəzalı vəziyyətdə olması da gözdən qaçmayıb.
Hər iki uşaq bağçası haqqında iradnamə yazılıb, nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib.
Komitə əməkdaşları şəhərin 2 saylı orta məktəbinin qarşısında kustar üsulla hazırlanan köşkdə şagirdlərə milli standartın tələblərinə uyğun olmayan malların satıldığını da aşkar ediblər. Yoxlama zamanı orada siqaret, saqqız, turşu və xırdavat mallarının, eləcə də mənşəyi məlum olmayan şirniyyat məhsullarının bir yerdə satıldığı müəyyən edilib.
Uşaqların qidalanması üzrə dövlət standartının tətbiqi vəziyyətinin öyrənilməsi üçün uşaq bağçalarında və orta məktəblərin bufetlərində yoxlamaların davam etdirilməsi qərara alınıb. Məlumat üçün bildirək ki, “Təhsil müəssisələrində təlim- tərbiyə alanların qidalanması üzrə dövlət standartı” bu ilin sentyabr ayından tətbiq olunur.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.