Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Enerji Səmərəliliyi konsepsiyasının təhsil proqramlarına inteqrasiyası ehtiyac var

ATƏT-in Bakı ofisinin və Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə 13 Dekar 2013-cü il tarixində Bakıda keçirilən konfransda Azərbaycan enerji effektivliyinin artırılması və bu istiqamətdə görülməsi vacib olan işlər mütəxəssislər tərəfindən müzakirə olunub, təkliflər irəli sürülüb.
Konfransda iştirak edən SPARE beynəlxalq proqramının Azərbaycan üzrə rəhbəri Nailə İsmayılova enerji səmərəliliyinin təhsil prosesinə inteqrasiyasından danışıb. Qeyd edib ki, bu məqsədlə fəaliyyətlərin 3 istiqamətdə aparılması vacibdir. Bunlardan biri tədris proqramlarının enerji səmərəliliyi istiqamətində təkmilləşdirilməsi və tərtib edilməsidir: “Bu məktəbəqədər təhsildən ali məktəbəqədər olan təhsilin bütün pillələrini əhatə etməlidir. Tədris proqramlarına salınmış müvafiq mövzular bu istiqamətdə fənnlərarası inteqrasıyanı təmin etməyə imkan verir”. N.İsmayılova enerji effektivliyinin artırılması məqsədilə extra-kurrikulum fəaliyyətlərinin həyata keçirilməsini, eyni zamanda vizual və əyani vəsaitlərin hazırlanmasının vacib olduğunu deyib. Onun sözlərinə görə hazırda rəhbərlik etdiyi SPARE proqramı çərçivəsində 11 Noyabr Enerjiyə Qənaət Günü kimi qeyd edilir və bu gündə proqramda iştirak edən məktəblər və məktəblilər bir-birindən maraqlı layihələrlə çıxış edirlər.
Proqram rəhbərinin toxunduğu digər bir məsələ məktəb idarəetməsində enerji effektivlik məsələsinin təbliği və məktəb administrasiyası üçün faydalı ola biləcək materialların hazırlanmasıdır. Onun sözlərinə görə enerji səmərəliliyi məsələsinin gündəlik idarəetməyə daxil edilməsi məktəbdaxili iqlimi və komfort şəraitin yüksəldilməsi üçün uğurlu vasitə ola bilər.
Çıxışında N.İsmayılova digər bir vacib məsələ kimi tətbiqi layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. “Hazırda Avropada 2020-ci ilədək “0 enerji tələbatlı” məktəblərin tikilməsi və mövcud olan məktəblərin bu istiqamətdə yenilənməsi üçün proqramlar həyata keçirilməkdədir. Hesab edirəm ki, Azərbaycan özünün iqtidasi potensialı ilə belə layihələri həyata keçirməyə qadirdir”, – deyə proqram rəhbəri əlavə edib. O, həmçinin əlavə edib ki, məktəblərdə enerji effektivliyinin artırılması üçün kiçik layihələrin həyata keçirilməsi vacibdir: “Biz hazırda Amerika səfirliyinin dəstəyi ilə “Yaşıl məktəbim” layihəsini həyata keçiririk. Layihə çərçivəsində seçilmiş 3 pilot rayondan olan 6 məktəbdə enerji auditi aparılacaq və nəticələrə dair müvafiq dövlət qurumlarına tövsiyyə hesabatları hazırlanacaq. Bir neçə gün əvvəl biz mütəxəssislərlə birlikdə Ucar rayonunda olduq və rayonun 2 məktəbində audit apardiq. İlkin əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, təkcə damın izolyasiyasını həyata keçirməklə 4 saylı məktəbdə istilik itkisini 40 % azaltmaq olar”,
Proqram rəhbəri onu da əlavə etdi ki, belə tətbiqi layihələrin həyata keçirilməsində icmanın, xüsusilə də məktəbdə təhsil alan şagirdlərin prosesə cəlb olunması vacibdir. Belə ki, bu məktəbdə enerji səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda gənclərdə “enerjinin dostu” təfəkkürünün formalaşmasına səbəb olacaqdır. “Çünkü enerji effektivliyi təkcə komfort və resurslardan səmərəli istifadə deyil, bu eyni zamanda yanaşma və vərdişlərin yenidən formalaşmasıdır”, – deyə N.İsmayılova əlavə edib.
Çıxışının sonunda proqram rəhbəri enerji effektivliyinin artırılması məqsədi ilə bu gün irəli sürülən məsələlərin və qarşıya qoyulan vəzifələrin əhəmiyyətli olduğunu vurğulayib. Qeyd edib ki, bu prosesdə tərəfdaşlar arasında əməkdaşlığın qurulması, eyni zamanda vətəndaş cəmiyyətinin prosesə cəlb olunması gələcək nəticələr üçün uğurlu tövhə ola bilər.

Şərhlər bağlıdır.