Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevir işıqları” onlayn media müsabiqəsinin ikinci qalibi oldu

Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz təqdimat mərasimini açaraq, layihə barədə, keçirilən müsabiqə və təlimlər haqqında danışıb. Bildirib ki, 15 sentyabrdan 01 dekabr tarixədək davam edən müsabiqədə İnformasiya cəmiyyəti, elektron hökumət quruculuğu, İKT-nin müxtəlif sahələrdə tətbiqi haqda yazan 30 jurnalist və bloqçu iştirak edib. Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.
Həmçinin müsabiqədə mikrobloqçular da iştirak edib. 70 mikrobloqçu qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı 500-dən çox tvit yazıblar. Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət münsiflər qiymətləndiriblər.
Yazı müsabiqəsində Rühiyyə Hüseynova (Aznews.az) 1-ci, Fərman Nəbiyev (Mingəçevir işıqları) 2-ci, Babək Cahandarov ( gun.az), Günay Musayeva (musavat.com) və Aynurə Əhmədova (ayna.az) 3-cü yerləri qazanıblar.
Elşad Paşasoy (musavat.com), Fərəh Sabirqızı (modern.az), Bəkir Nərimanoğlu ( mediaforum.az), Mircavad Mustafazadə (femida.az), Elxan Salahov(hafta-ichi.az), Mirvari Nəzərova (qaynarinfo.az), Aygün Cəfərli (kaspi.az), Nüsrət Zeynalov (gazete.az) və bloq yazarı , yeni media üzrə pedaqoq Səbinə İzzətli həvəsləndirici mükafatlara layiq görülüblər.
#ehokumət həştəqi üzrə sosial mediada keçirilən yarışmada Ülkər Eldarqızı 1-ci, Ramin İlyasov 2-ci və Kamran Novruzov 3-cü olub. #etehsil həştəqi üzrə yarışmanın nəticələri isə belədir:
1-ci yer:- Jalə Səmədova
2-ci yer- Ülkər Eldarqızı
3-cü yer- Rəşad Mehdizadə.
Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib. Bütün qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.
Layihə çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə bir həftəlik təlimlər keçirilib. Təlimlərdə 33 gənc jurnalist iştirak edib. Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər (Şaiq Muradov, Seymur Kazımov, Rəşad Əliyev, Ayaz Quliyev, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və Elektron Hökumət Portalının əməkdaşları İlqar Abdullayev və Rahib Əliyev) aparıblar. Təqdimat mərasimində təlimləri uğurla başa vuranlara sertifikatlar da verilib.
Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində Mətbuat Şurasının sədri Əflatun Amaşov, RTİN şöbə müdirləri Kamal Məmmədov və Rauf Cabbarov, Nar Mobile-in rəsmi nümayənsədi Nigar Arpadarai, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov , Elektron Hökumət Portalının nümayəndəsi Vüqar Abdullayev, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, Media ekspertlər Ələsgər Məmmədli, Seymur Kazımov, Azər Həsrət, MediaForum-un redaktoru İsmayıl İsmayılov, AMEA İT İnstitutunun şöbə müdiri Rasim Mahmudov və yeni media üzrə mütəxəssislər, pedaqoqlar iştirak ediblər.
“İKT İli” çərçivəsində RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi ölkədə İnformasiya cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, informasiya cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə etməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Şərhlər bağlıdır.