Mingəçevir yeni və gözəl libasa bürünür. Şəhərin 18 yaşayış binasında liftlərin dəyişdirilməsi başa çatır
Rəqəmlərin dili ilə desək, mənzərə daha aydın görünər. Belə ki, 250111 kv.m əraziyə asfalt, 19635 metr sahəyə səki daşları döşənib. 2446 kv.m sahədə qazon salınıb, 6750 kv.m-lik sahəyə dekorativ beton tavalar qoyulub.
Bütün bunlar barədə şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Arif Musayev jurnalistlərə müsahibəsində bildirib. O, həm də əlavə edib ki, şəhərdə 9 ədəd park işıq dirəyi, 121 ədəd oturacaq 16 ədəd işıqfor, 84 ədəd zibil qabı, 1 dəst trenajor zalı quraşdırılıb, park və xiyabanlarda 600 ədəd dekorativ ağac əkilib.
A,Musayevin dediyinə görə, binaların fasad hissəsinə (18000 kv.m) üzlük çəkilib, dam örtüklərinə (9828 kv.m) rəngli metal kirəmit vurulub.
İH nümayəndəsi məlumat verib ki, son bir ildə abadlığa 1,5, asfalt işlərinə isə 4,4 milyon manatdan artıq vəsait xərclənib.
Yanvarın 15-də Mingəçevir İcra Hakimiyyəti başçısının müavinləri Əli Qəniyev və Ramiz Əliyev, aparatın digər məsul işçiləri jurnalistlərlə birgə abadlıq-tikinti işlərinin aparıldığı sahələrə və yeni liftlərin quraşdırıldığı evlərə baş çəkiblər. Öncə onlar genişləndirilən 20 yanvar küçəsində olublar. Bundan sonra həmin küçə ilə Heydər Əliyev prospektinin kəsişməsində müasir üslubda üzlənən yaşayış binalarına baxış keçiriblər. Gəncə şosesində, Mingəçevir stansiyası, Tərəvəzçilik yaşayış massivində asfaltlanma işlərinə hazırlığln, Naxçıvan küçəsində başa çatdırılan işıqlandırma sisteminin vəziyyəti ilə tanış olublar.
O da bildirilib ki, Mingəçevirdəki 27 hündürmərtəbəli yaşayış evində 48 lift var. Onların əksəriyyəti ötən əsrin 80-90-cı illərində quraşdırılıb, dəfələrlə təmir olunmasına baxmayaraq, istismar müddətini başa vurduğundan yararsız vəziyyətə düşüb: “Ötən ilin oktyabrından liftlərin yenilənməsinə başlanıb. Nəticədə 20 yanvar küçəsindəki 12, 20 və 22 saylı, S.Vurğun küçəsindəki 19 və 22 saylı, M.Maqomayev prospektindəki 50 və 54 saylı, Şəhriyar küçəsindəki 1 və 2 saylı binalarda Qəbələ Gilan Lift zavodunun vasitəsi ilə Türkiyə istehsalı olan yeni liftlər quraşdırılıb. Bu sahədə işlər davam etdirilir”. A.Musayevin dediyinə görə, yaxın vaxtlarda 18 yaşayış binasında 32 liftin dəyişdirilməsi başa çatacaq.
“Bəs maliyyə vəsaiti hansı mənbədən daxil olub?”.
Bu suala cavab verən A.Musayev bildirib ki, 8 yanvar 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb və bu məqsədlə AR Prezidentinin ehtiyat fondundan 2 milyon vəsait ayırıb: “Aprel ayının 16-da ölkə başçısı Mingəçevirə səfər etdi, şəhərdə görülən işlərlə tanış oldu, bundan sonra daha iki sərəncamla şəhərin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün 2 və 5 milyon manat, eyni zamanda Mingəçevir Mərkəzi şəhər xəstəxanasının yenidən qurulmasına 3 milyon manat ayırdı”.
Şərhlər bağlıdır.